Mədəniyyətlər arasında körpü quran lider
Gündəm

Mədəniyyətlər arasında körpü quran lider

Son günlər bütün dünyanın diqqəti Azərbaycanda idi. Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. "Bakı Prosesi" dünya dövlətlərinin nüfuzlu siyasətçilərini, ziyalılarını, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirdi. Ümumilikdə, ölkəmizə 110 ölkədən müxtəlif səviyyəli 700 nümayəndənin gəlməsi Forumun möhtəbərliyindən və nüfuzundan xəbər verirdi. Tədbirdə çıxış edən Prezident İlham Əliyev hələ də bəzi Avropa dövlətlərinin neokolonializm siyasəti həyata keçirdiyini və digər xalqlara müstəmləkə kimi yanaşdığını vurğuladı. Həqiqətən də ölkəmiz tarix boyunca həmişə dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşıb, digər xalqların azad, müstəqil yaşamaq hüququna hörmət edib. Lakin bəzi Qərb dövlətləri, xüsusən Fransa XXI əsrdə də müstəmləkəçilik, neokolonializm siyasəti həyata keçirir. Rəsmi Bakı Parisin qeyri-humanist davranışlarından əziyyət çəkən dövlətlərə və xalqlara dəstək göstərir. Bu çərçivədə Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu və davamlı tədbirlər həyata keçirir. Bu gün Fransa müstəmləkəçiliyindən əziyyət çəkənlər Azərbaycanı özlərinin ən böyük dəstəkçisi hesab edirlər. Forumdakı çıxışı ilə Prezident İlham Əliyev bir daha Azərbaycanın neokolonializmə qarşı çıxan bir dövlət olduğunu dünyaya nümayiş etdirdi.

Ölkə başçımızın çıxışı dünyanın bir çox dövlətlərinin nüfuzlu media qurumlarında da ətraflı işıqlandırıldı. Xarici siyasi ekspertlər və analitiklər Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, beynəlxalq hüquqa hörmətlə yanaşan, xalqının milli maraqlarını hər şeydən üstün tutan dövlət başçısı olduğunu dedilər. Xarici mediada o da yazıldı ki, Azərbaycanda müxtəlif dinə, dilə malik xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bütün dini icmalara ölkə rəhbərliyi tərəfindən diqqət və qayğı göstərilir. Bunun nəticəsində də Vətən müharibəsi dövründə ölkəmizdə yaşayan xalqların nümayəndələri öz Prezidentinin ətrafında sıx birləşdi. Məhz bu birlik nəticəsində 30 il ərzində Ermənistanın işğalı altında qalan tarixi torpaqlarımız azad edildi.

Amma təəssüf doğuran məqam budur ki, beynəlxalq təşkilatlar 30 illik işğal dövründə Azərbaycan torpaqlarının düşmən tapdağı altında qalmasına göz yumdular. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazisindən qoşunlarını çıxarmasına dair 4 qətnamə qəbul etsə də, bu qərara səs verən dövlətlər onun icrası üçün heç bir iş görmədilər. Bununla belə, ölkəmiz hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq siyasəti yürütdü. Hazırda da Azərbaycan sülh, bərabərlik, ədalət, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir edən addımlar atır. COP29 kimi dünyanın ən nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı da cənab Prezident İlham Əliyevin diplomatik gedişlərinə verilən böyük dəyərin bariz sübutudur.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, professor.