İnsanlığa qarşı törədilmiş dəhşətli cinayət
Tarix

İnsanlığa qarşı törədilmiş dəhşətli cinayət

Xain hayların türk xalqlarına qarşı yönəltdiyi düşmənçilik siyasətinin tarixi 200 ildən çoxdur.  Bu hadisələrin üstündən əsrlər, illər keçməsinə baxmayaraq, xalqımız ağır işgəncələri, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini unutmur. Ermənilərin bizə qarşı törətdiyi vəhşiliklər millətin qan yaddaşında əbədi yer tutub və gələcək nəsillərə ötürülür. Tariximizə qanlı hadisələrdən biri kimi həkk olunan 31 mart soyqırımından 106 il ötür.

Daşnak erməni silahlı dəstələri 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törədiblər. Ermənilərin bu vandal aktı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib və ya itkin düşüb.

1917-ci ildə şimal qonşumuz Rusiyada baş verən fevral və oktyabr dövlət çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa cəhd etdilər. Bakı Kommunası 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək üçün mənfur planların icrasına başladı. Ermənilər binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incisi hesab edilən İsmailiyyə binasını dağıdaraq yandırdılar. Cümə və Təzəpir məscidlərinin minarələri Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində ağır zədə aldı. Bununla kifayətlənməyən xain düşmən karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərinə od vurdular.

Əslində Ermənistan o zaman Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə etdi. Nəticədə Zəngəzur və Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan SSR adlı ölkə yaratdılar. Bundan sonra azərbaycanlıların həmin ərazilərdən deportasiya edilməsi siyasəti daha da genişləndirildi. Xain düşmən SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Azərbaycan Xalq Cümhuriyyəti 1919 və 1920-ci ildə mart ayının 31-ni Ümummilli matəm günü elan etdi. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə prezident  Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla bu hadisələrə siyasi qiymət verildi. Beləliklə, soydaşlarımızın ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi olaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi elan edildi. Heydər Əliyev Fondunun Mart qırğınları ilə bağlı maarifləndirmə kampaniyası dünyanın bir çox şəhərlərində keçirilir. Fondun hazırlayıb nəşr etdirdiyi kitab və bukletlər, soyqırımı aktlarını əks etdirən fotoşəkillər dünya ictimaiyyətinə çatdırılır. Son dövrlərdə bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu yeni faktlar üzə çıxıb. Araşdırmalardan məlum olub ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Həmçinin Quba şəhərində kütləvi məzarlıq tapılıb. 2007-ci ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları həmin kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlayıb və 2008-ci ilin sentyabrında proses başa çatıb. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib və müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları tapılıb. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də vəhşicəsinə qətlə yetirilib.

Ermənistan tərəfinin istər uzaq, istərsə də yaxın keçmişdə Azərbaycana qarşı zorakılıq aktları həyata keçirdiyi əksər hallarda selektiv yanaşma səbəbindən gözardı edilib. 1988-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlar nəticəsində Qarabağ və ona bitişik 7 rayonu işğal edildi. Dövlətimizin 20 faiz ərazisi zəbt edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Amma mövcud ikili standartlar nəticəsində hələ də bəzi dövlətlər Ermənistanın işğalçılıq siyasətini qəbul etmək istəmirlər. Sözdə insan hüquqlarının qorunmasına xidmət edən beynəlxalq təşkilatlar, həmçinin BMT, ATƏT kimi qurumların işğalçı dövlət barəsində qəbul etdiyi qətnamə və qərarlar isə sadəcə kağız üzərində qalır. Rəsmi Bakı keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olsa da Ermənistan öz xəbis niyyətindən heç vaxt dönmədi. Bu kimi faktlar İkinci Qarabağ savaşının baş verməsinə zəmin yaratdı. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən müharibədə Azərbaycan qələbə çaldı və ədaləti bərpa etdi. Ötən ilin sentyabrında baş tutan lokal antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olundu. Bütün bunlar bir daha ölkəmizin gücünü dünyaya göstərdi. Bu gün dünyanın aparıcı dövlətləri respublikamızı etibarlı tərəfdaş kimi tanıyır, ölkə başçımıza böyük hörmətlə yanaşırlar.

Nəzrin ELDARQIZI,

"Respublika".