Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 17-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

13 oktyabr

  • Müharibənin 17-ci günündə Azərbaycan Ordusu Ermənistan işğalçı qüvvələrinin mövqelərinə zərbələri davam etdirib.
  • Müdafiə Nazirliyinin məlumatına görə, həyata keçirilən əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd "Tor-M2KM" ZRK, 1 ədəd ZSU-23-4 "Şilka" özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2A36 "Qiasint-B" topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyədək canlı qüvvəsi pusquya salınıb. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtokolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal altındakı ərazilərimizə doğru hərəkət edən qrup atəş zərbəsi ilə məhv edilib.
  • Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.
  • Baş Prokurorluğun yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 13-ü saat 12:00-dək 42 mülki şəxs həlak olub, 206 nəfər xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 mülki obyekt yararsız vəziyyətə düşüb.
  • Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb: "Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi".
  • Müdafiə Nazirliyi işğaldan azad edilən Hadrut qəsəbəsinin videogörüntülərini yayıb. Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam, Ağcabədi rayonlarının ərazilərini atəşə tutub.
  • "Azərbaycan ərazilərini işğal edən Ermənistan təbii qaz və neft boru kəmərlərinin nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməsi ilə Avropanın enerji təchizatını təhlükəyə atır". Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı bildirib. Türkiyə Prezidenti Avropa İttifaqı ölkələrini Azərbaycanın torpaq bütövlüyü ilə bağlı tutarlı bir mövqe ortaya qoymağa çağırıb.
  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşımda deyilir: "Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!".
  • Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan qaçmasını əks etdirən görüntülər yayılıb. Videodan aydın olur ki, Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı düşmənin canına qorxu salıb. Ermənistan Ordusu ciddi itkilər verməkdə davam edir.
  • Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada mətbuat konfransında deyib ki, "Ankara istənilən vəziyyətdə - həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək olacaq".

"Respublika".