Ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlar
Digər xəbərlər

Ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlar

Ermənistanın terror dövləti olduğunu bir daha təsdiqləyir

Avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd olundu. Ölkəmizdə isə bu əlamətdar gün xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Azərbaycanın 2020-ci ildə tarixi zəfərindən sonra işğal olunmuş ərazilərdə quruculuq əsnasında aparılan qazıntılar zamanı aşkarlanan insan qalıqları bir daha onu göstərir ki, beynəlxalq aləmin Ermənistana təzyiq göstərməsinə ehtiyac var. Çünki haylar kütləvi məzarlıqların yerini göstərmir. Bu, həmçinin BQXK-nın fəaliyyətsizliyini bir daha açıq formada diqqətə çatdırır.

Birinci Qarabağ müharibəsindən sonra ermənilərin işğal etdiyi ərazidə etnik təmizləmə siyasəti apardığı artıq məlumdur. Müharibə dövründə amansızlıqla öldürdüyü, əsir götürərək sonrakı dövrdə işgəncələr verdiyi azərbaycanlıları qətlə yetirib kütləvi şəkildə basdırıblar. İtkin düşmüş bütün şəxslər, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlumatların Ermənistan tərəfinin əlində olduğu bəllidir.

"Qarabağ İtkin Ailələri" İctimai Birliyi 30 Avqust - Beynəlxalq İtkinlər Günü ilə bağlı dünya ictimaiyyətinə ünvanladığı müraciətdə bu məsələyə toxunub: "Ermənistan Parlamentinin deputatı, Ermənistan müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyanın 2021-ci ilin dekabrında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsi bunu bir daha təsdiq edir. Həmin müsahibədə Qaqik Melkonyan 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını və ermənilərin onları dəfn etdiyini bildirib. Məsələ ilə bağlı Azərbaycan tərəfindən beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistana rəsmi müraciət edilsə də cavab alınmayıb".

İşğaldan azad edilmiş bölgələrimizdə, xüsusilə də, Şuşada ardıcıl olaraq kütləvi məzarlıqların aşkar edilməsi BQXK-nın əsas missiyasını şübhə altına alır. Müharibədən əvvəl və sonrakı dövrlərdə Ermənistanın maraqlarına xidmət edən mövqedən çıxış etməsi onun regionda alət olaraq istifadə edildiyini bir daha sübut edir. Azərbaycan Qızıl Xaç Cəmiyyətinin sözügedən məsələdə aktivliyi onun aktor kimi rolunu getdikcə artırır.

30 illik işğaldan azad edilən torpaqlarda tapılan insan qalıqları ölkəmizə hüznə bərabər sevinc yaşadır. 30 ildən sonra öz doğmalarını cansız da olsa tapan insanların sevinci meyitlərə edilən zorakılığın doğurduğu ağrı-acıya qarışır. Tarix boyu haylar azərbaycanlılara qarşı vandallıq edərək kütləvi məzarlıqlar yaratmışlar. Quba ərazisində olan 1918-ci il soyqırımını özündə əks etdirən kütləvi məzarlıq bu baxımdan, tapılan ilk məzarlıq hesab olunur. Barbar ermənilər Birinci Qarabağ müharibəsində bu fəaliyyətlərini daha qabarıq büruzə veriblər. Həmin dövrdə ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Xocalıda girov götürülən 1275 nəfərdən 150-sinin taleyi bu günədək məlum deyil. Bundan başqa, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakini işgəncələrlə qətlə yetirib, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. Həmçinin ötən il Kəlbəcər rayonunun Ballıqaya ərazisində kütləvi məzarlıq aşkar edilib və daha bir məzarlıq Şuşanın Daşaltı kəndində tapılıb. İnsanlıq əleyhinə cinayətlərdən biri də Kəlbəcər rayonunda "Tunel" adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər girov götürülüb. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir. Azərbaycanlıların kütləvi basdırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Kəlbəcərin Başlıbel kəndidir. 1993-cü il aprelin əvvəllərində bu kəndin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün kahalara sığınmışdılar. Aprelin 18-də ermənilər onlardan 14 nəfərini girov götürüb, 18 nəfəri qətlə yetiriblər. Bu il ərzində Şuşanın Edilli kəndində və Ağdamda tapılan kütləvi məzarlıqlarda beynəlxalq qurumları "narahat etmir". Onlar Ermənistan hökumətinə bu kütləvi məzarlıqların yerinin Azərbaycana ötürülməsi barədə heç bir təzyiq göstərmirlər.

Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırmaqla aqressor fəaliyyətini ifşa edir. İşğaldan azad edilən ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bunlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslı dəlillərdir.

Tacir SADIQOV,

"Respublika".