Dünyanın geosiyasi vəziyyəti Antalyada müzakirə edildi
Siyasət

Dünyanın geosiyasi vəziyyəti Antalyada müzakirə edildi

Dünya ədəbiyyatının məşhur simalarından olan Viktor Hüqo deyib ki, sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. Eləcə də bu günümüzün necə olmasından asılı olmayaraq sabahımız diplomatiyadır. Bu fikir olduqca böyük əhəmiyyətə malikdir. Çünki qlobal proseslərin hazırkı inkişafını nəzərə alanda görürük ki, müharibə hərb meydanında bitsə də, diplomatiya masasında davam edir.

Diplomatik xaos isə toqquşmalarla müşahidə olunur. Bunun ən son nümunəsi Şərqi Avropada davam edən Rusiya-Ukrayna, eləcə də Yaxın Şərqdə gedən İsrail-HƏMAS müharibəsidir. Bəzi ekspertlər bu gedişatı Üçüncü Dünya müharibəsi kimi səciyyələndirirlər. Bunun nə dərəcədə real olduğunu deyə bilmərik, amma inkaredilməz faktdır ki, yeni dünya nizamı formalaşır. Proses də məhz diplomatik masalarda nəzərdən keçirilir.

Bu baxımdan, Münxen Təhlükəsizlik Konfransı, Davos Dünya İqtisadi Forumu, "Valday" Beynəlxalq Diskussiya Klubu, Doha Forumu hər zaman əhəmiyyətli platforma kimi ön planda dayanır. Artıq 3 ildir ki, təşkil edilən Antalya Diplomatiya Forumu da beynəlxalq müstəvidə ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq çərçivəsində həll edilməsi baxımından olduqca əhəmiyyətli və faydalıdır.

Dünyada müşahidə etdiyimiz proseslər sözsüz ki, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olunmasını, eləcə də hərbi münaqişələrin qarşısının alınmasını, onların yaratdığı fəsadların aradan qaldırılmasını və bu istiqamətdə yeni münasibətlərin formalaşmasını tələb edir. Bu baxımdan, Antalya Diplomatiya Forumundan da gözləntilər çox idi və gedişat ümidləri doğrultdu. 2021-ci ildə ilk dəfə keçirilən tədbir dünyanı cənginə alan COVID-19 pandemiyasına baxmayaraq, bir çox dövlət və hökumət başçısının da qatıldığı 2 minə yaxın iştirakçını bir araya gətirə bildi. Ötən il "Diplomatiyanın yenidən qurulması" başlığı altında keçirilən forumda 20 dövlət başçısı, 70-dən artıq baş nazir, 50-yə yaxın beynəlxalq təşkilat, 200-dən artıq media nümayəndəsinin daxil olduğu 2500-dən çox iştirakçı dünyanın və regionun taleyüklü məsələlərini müzakirə etdi.

Aktual çağırışlar, regional və qlobal problemlər fonunda isə bu ilin 1-3 mart tarixlərində "Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq" mövzusunda forum keçirildi. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirin açılış mərasimində çıxışı zamanı müasir beynəlxalq münasibətlər sisteminin aktual məsələlərinə toxunaraq bəşəriyyəti narahat edən problemlərin həllində diplomatiyanın xüsusi rolunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, XXI əsr böhran çağına çevrilməkdədir. Belə bir vəziyyətdə beynəlxalq müstəvidə krizisləri aradan qaldırmaq üçün ən səmərəli vasitə məhz diplomatiyadır. Bu səbəbdən də dünyanın 148 ölkəsindən 4700 nümayəndənin qatıldığı foruma beynəlxalq müstəvidə olduqca yüksək diqqət və maraq var idi. Tədbir çərçivəsində keçirilən 50-dən artıq panel iclasında regional və beynəlxalq təhlükəsizlik problemləri, o cümlədən dünyanın müxtəlif bölgələrində münaqişələr və müharibələr, terrorizm, miqrasiya, islamofobiya, iqlim dəyişiklikləri, epidemiyalar, qida və enerji təhlükəsizliyi, süni intellektin tətbiqinin riskli nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadilələri aparıldı.

Türkiyədə keçirilən tədbirdə Azərbaycanın da iştirakı sözsüz ki, ölkəmizin geosiyasi mövqeyinin bir daha təsdiq edilməsi demək idi. Ümumiyyətlə, dövlətimiz hər zaman konstruktiv ideyalarla və faydalı təşəbbüslərlə çıxış edir, sülh, sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq tərəfdarı olduğunu nümayiş etdirir. Hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji addımları bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Dost, qardaş və strateji müttəfiq olan Azərbaycan ilə Türkiyə bəşəriyyət üçün bu taleyüklü məsələdə öz tarixi-siyasi məsuliyyətini dərk edərək vacib təşəbbüslərlə çıxış edir, ortaq geosiyasi iradə nümayiş etdirir. Yəni Antalya Diplomatiya Forumu həm də ortaq tarixi keçmişə, milli dəyərlərə və mənəvi bağlılığa malik xalqlarımızın birliyinin gücləndirilməsinə xidmət edir.

Bütün bunların fonunda aydın olur ki, Antalya Diplomatiya Forumu dünyanı düşündürən vacib siyasi məsələlərin müzakirə olunduğu əhəmiyyətli platformaya çevrilib. Bu mənada, Türkiyənin ev sahibliyi etdiyi tədbir Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı, Doha Forumu kimi əhəmiyyətli platformalarla eyni sırada dayanır, hətta müəyyən mənada onlardan daha perspektivli diplomatiya arenası kimi çıxış edir.

Jalə QASIMZADƏ,

"Respublika".