Düşmən ölkə silahlanır
Siyasət

Düşmən ölkə silahlanır

Amma yenidən Azərbaycan Ordusu ilə qarşılaşmaq Ermənistanın sonunu gətirər

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan sülh tərəfdarı olduğunu bildirsə də, saxtakarlığından, riyakarlığından bir an belə əl çəkmir. Sözü ilə əməli bir-birinə tərs mütənasib olan Paşinyan düşdüyü vəziyyətdən dərs çıxarmır, əksinə keçmiş münaqişəni yenidən alovlandırmaq üçün qərbin bütün tapşırıqlarını canla-başla yerinə yetirməyə çalışır.

Ancaq anlamır ki, Qərbin reallaşdırmaq istədiyi planlarından biri məhz öz maraqları naminə Ermənistanı qurban verməkdir. Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin bərqərar olmasını istəməyən bəzi güc dövlətləri bu məqsədlə Ermənistandan istifadə edir, müstəqil siyasəti olmayan bu ölkəyə Azərbaycanla münasibətlərini normallaşdırmağa imkan vermirlər.

Bu məsələdə ABŞ, Fransa, Hindistan kimi ölkələr xüsusilə fəallıq göstərirlər. Belə ki, iki ölkə arasında imzalanan müqavilələr əsasında Ermənistan Hindistandan 4 ədəd sursat aşkarlayan "Swathi Weapon Locating Radar" (Swathi) alıb, "Pinaka" reaktiv yaylım atəşi sistemlərin, tank əleyhinə raket qurğuların və müxtəlif növ sursatların, 155 mm çaplı MarG özüyeriyən haubitsaların, "Zen Anti-Drone System" (ZADS) antidron sistemlərinin alınması da planlaşdırılır. Ümumiyyətlə, Hindistandan Ermənistana təxminən 440 milyon dollar dəyərində silah-sursat və hərbi texnika tədarükü nəzərdə tutulur.

Cənubi Qafqazda sabitliyin bərqərar olmasına imkan verməyən Fransa Ermənistanı silahlandırmaqla yeni münaqişə ocağı yaratmaq üçün bütün imkanlarını səfərbər edib. Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirlərinin imzaladıqları sənədlərə əsasən, Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü ilə bu ölkə Ermənistanı hərbi avantüraya cəlb edir. Fransadan Ermənistana tədarük olunan silahlar da öz dövrünü başa vurmuş, uzun illər əvvəl istehsal edilmiş, son texnologiyalara uyğun olmayan silahlardır. "Acmat" şirkətinin "Bastion" zirehli döyüş maşınları hərbi əməliyyatlar zamanı asanlıqla sıradan çıxarıla biləcək texnikadır. Yaxud "Milan-2" tank əleyhinə kompleksinin istehsalına yarım əsr bundan əvvəl başlanılıb.

Ermənistan ordusunun yaranmasının 32-ci ildönümündə təhlükəsizlik tədbirlərinə yenidən baxılmalı olduğunu və bu sahədə əlaqələrin şaxələndirilməsinin vacibliyini bildirən baş nazir Nikol Paşinyan yeni, müasir silahların alınması məqsədilə bir neçə dövlətlə milyardlarla dollarlıq müqavilələrin bağlandığını bildirib. Həmçinin hərbi məqsədlər üçün bu il dövlət büdcəsindən ayrılan xərclərin ümumi məbləğinin 1,4 milyard dollar təşkil edəcəyinin nəzərdə tutulduğunu qeyd edib.

İkinci Qarabağ müharibəsində "yenilməz ordusunun" silah-sursatını döyüş meydanında qoyub qaçmasını, 5-ci nəsil silahlarla silahlanmış Azərbaycan Ordusunun Ermənistanın hərbi texnikasını məhv etməsini nəzərə alsaq, Paşinyanın çarəsizliyini anlamaq olar. Havadarlarından asılı olan, müstəqil siyasət yürüdə bilməyən baş nazir iqtisadi cəhətdən geri qalan, ordu quruculuğu sıfıra bərabər olan bir ölkənin nəyə məhkum olduğunu yəqin ki, anlayır. Bu səbəbdən, İrəvan mümkün qədər çox dövlətdən hərbi texnika almağa çalışır. Ermənistan hakimiyyəti dilənib-dolanıb aldığı, yaxud da onu silahlandıran "tərəfdaşları"nın verdiyi silahların real döyüş şəraitində funksionallığının aşağı olduğunu çox yaxşı bilir. Amma necə deyərlər "bəy verən atın dişinə baxmazlar". "Bəylər"in Ermənistanı silahlandırmaqda məqsədi gün kimi aydındır. Zülmətə bürünmüş ölkənin isə nə qədər ki, üzünə gün doğmayıb o, Qərbin əməllərini aydın görə bilməyəcək.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsini qəbul edə bilməyən Amerika, Fransa, Hindistan kimi dövlətlər Ermənistanı silahlandırmaqla onu yeni münaqişəyə sövq edirlər. Böyük dövlətlər arasında yeni tərəfdaşlar qazanan İrəvana müdafiə silahları adı altında göndərilən hərbi texnikalar əslində, konvensial, öldürücü hücum silahları olan Smerç raketləridir. Bununla Ermənistanın "təhlükəsizliyinə təminat verən" Qərb əslində öz maraqlarından çıxış edir. Sülh müqaviləsinin imzalanmasını ləngitmək üçün bu ölkəni silahlandırmaqla regionda gərginliyi artırır. Ermənistanın sürətlə silahlanması ilə ölkə daxilindəki revanşistlər, müxalif qüvvələr Azərbaycana qarşı yeni müharibənin mümkünlüyünü xəyal edirlər. Lakin istər havadarları, istər hakim dairələr yaxşı bilir ki, ikinci dəfə müzəffər Azərbaycan Ordusunun qarşısına çıxmaq Ermənistanın sonunu gətirər. Çünki ən son texnologiyalar, son nəsil silahlarla təchiz olunmuş Azərbaycan Silahlı Qüvvələri ilə "fərarilər ordusu" müqayisə edilməyəcək səviyyədədir.

Mehparə ƏLİYEVA,

"Respublika".