Dünyada Priqojin sədaları
Dünya xəbərləri

Dünyada Priqojin sədaları

Bir zamanların "hotdoq" satıcısı, daha sonra "Putinin aşpazı" kimi qələmə verilən rusiyalı biznesmen və oliqarx Yevgeni Priqojin kim idi?

62 yaşlı Priqojin şirkətinin Kremllə olan iaşə müqavilələri səbəbilə on illər boyu "Putinin aşpazı" kimi tanınıb. "Vaqner" muzdlu qruplaşmasının lideri olmuş Priqojin 1961-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. Yevgeni Priqojinin anası xəstəxanada işləyib, atası isə o, gənc olanda dünyasını dəyişib. Priqojin məktəbi bitirdikdən sonra bir qrup cinayətkarla sıx əlaqələr qurub.

1979-cu ildə hələ 18 yaşında olarkən oğurluqda günahlandırılıb. Lakin iki il yarımlıq həbs cəzasının icrası təxirə salınıb. İki ildən sonra yenə oğurluq və soyğunçuluq ittihamı ilə 13 il həbs cəzasına məhkum edilib və 9 il dəmir barmaqlıqlar arxasında qalıb. Həbsdən çıxandan sonra sosiska satışına başlayan "Vaqner"in sabiq lideri qısa müddətdə biznesini genişləndirib. Cəmi bir neçə il ərzində o, dəbdəbəli restoranların sahibi olub və Rusiyanın zəngin və elit dairələri ilə sıx əlaqələr qurub.

Priqojinin nəzarət etdiyi "Vaqner" özəl hərbi birləşməsinə gəldikdə isə qrup Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.

Priqojinin nasist Almaniyasından ilhamlanaraq qurduğu iddia edilən "Vaqner" qrupunun Suriya və Malidəki qarşıdurmalarda fəal rol aldığı, hətta ABŞ seçkilərinə müdaxilə etdiyi hələ də müzakirə mövzusudur. İlk dəfə 2014-cü ildə Krım böhranında adını eşitdirən "Vaqner" muzdlu qrupu 2018-ci ildə də Liviyadakı qarşıdurmalarda fəaliyyətini davam etdirib. Aktiv olaraq Ukrayna müharibəsinin ön cəbhəsində olan qrup burada müxtəlif fəaliyyətlər icra etmişdi. Təxminən 25.000 əsgəri olduğu güman edilən muzdlu dəstənin lideri son zamanda Rusiyanın ərazi bütövlüyü və dövlətçiliyini hədəf alan sözlərilə gündəmə gəlmişdi.  Aqressiv və kobud dili olan və tez-tez cəbhə bölgələsində görünən Priqojin müharibənin ən nəzərəçarpan simalarından biri idi.

Priqojinin liderlik etdiyi "Vaqner" qrupu ən şiddətli döyüşlərin getdiyi Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirməklə özünü ön plana çıxarmışdı. Ancaq hücum zamanı Priqojin Moskvanın yüksək rütbəli məmurlarına alçaldıcı təhqirlər ünvanlayaraq, Putinin yüksək vəzifəli rəsmilərini, xüsusilə də müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimovu xəyanətdə ittiham etmişdi.

Məsələlərin Priqojinin əleyhinə cərəyan etməsi məhz bu hadisədən sonra baş verdi. Dövlət rəsmilərinin sərt ittihamından sonra Priqojinin növbəti hədəfi Rostov oldu. Yevgeni Priqojinin bu addımındakı əsas səbəb mayın 5-də yayımladığı videoda Şoyqu və Gerasimovun günahı üzündən yaranan sursat çatışmazlığının böyük itkiyə səbəb olması nümayiş etdirilirdi. Cəsədləri nümayiş etdirən Priqojin qisas almaq üçün Rusiyada dövlət çevrilişinə cəhd etmişdi. Bunun üçün ilkin olaraq Rostov vilayətinin inzibati mərkəzini ələ keçirən Priqojinin dəstəsi əsas hədəfin Moskva olduğunu bildirmişdi.

Lakin daha sonra Belarus faktoru özünü göstərdi və hadisələrdə yumşalma müşahidə olundu. İlk öncə Rostov tərk edildi, ardınca isə Belarus prezidenti Aleksandr Lukaşenko paytaxt Minskdə Vaqnerin Rusiya administrasiyasına qarşı üsyan cəhdi ilə bağlı açıqlamalar verdi. Vaqnerin qurucusu Priqojinin taleyi ilə bağlı məlumat verən Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin Priqojinlə bağlı təminatları yerinə yetirdiyini ifadə edərək, "Bəli, Priqojin bu gün Belarusdadır. Ona söz verdiyim kimi, bir müddət Belarusda qala bilərlər. Bu işdə sizə kömək edəcəyik", - dedi. Lukaşenko verdiyi açıqlamada bildirdi ki, ordumuzda belə bir bölmə lazımdır. Yaxşı olar ki, onların komandirləri bizə gəlib kömək etsinlər. Bu, təcrübədir. Bunlar cəbhə xəttində hücum qruplarıdır. Onlar bizə nə olduğunu deyirlər, silah işləyir və necə. Biz Vaqner döyüşçülərindən məlumat ala bilərik. Bu çox dəyərli məlumatdır.

Dünya ictimaiyyətində isə hazırda dərin bir qarışıqlıq hökm sürür. Priqojinin ölümü nə ilə nəticələnəcək? Qeyd edək ki, Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin sərnişinləri siyahısında "Vaqner" silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin də yer alırdı. Təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Hazırkı vəziyyətdə Priqojinin ölümü ilə nəticələnən təyyarə qəzasının ardınca bütün komandir heyətini itirmiş "Vaqner" dəstəsi ictimaiyyətə qisas dolu açıqlamalar verir. Muzdlu əsgərlərdən biri bildirib ki: "Hər kəs bu vəziyyətdə "Vaqner"in nə edəcəyini sual verir? Biz deyirik ki, başlayırıq". Kifayət qədər təhdidedici səslənən bu fikirlərinə nəticə verəcəyi hələlik müəmmalıdır.

Nurlan ABDALOV,

   "Respublika".