DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİLDƏN BİR HƏFTƏLİK HƏRBİ ƏMƏLİYYATLARI DAYANDIRMAQ TƏKLİFİ

İsrail əsirlərin azad edilməsi ilə bağlı yeni saziş çərçivəsində HƏMAS-a bir həftəlik hərbi əməliyyatları müvəqqəti dayandırmağı təklif edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilir ki, sözügedən təklifi İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea tərəfindən HƏMAS-la danışıqları bərpa etmək, qadınlar, 60 yaşdan yuxarı kişilər və təcili tibbi yardıma ehtiyacı olan 40-a yaxın əsirin azad edilməsini təmin etmək məqsədi ilə irəli sürüb.

Eyni zamanda, xəbər verilir ki, dekabrın 20-də İsrailin Hərbi Hava Qüvvələri “Hizbullah”ın Livandakı bir sıra hədəflərinə, o cümlədən infrastrukturuna və “Hizbullah” döyüşçülərinin fəaliyyət göstərdiyi hərbi obyektlərə zərbələr endiriblər.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah”a İsrail-Fələstin münaqişəsinə qarışmaması üçün xəbərdarlıq edib. O, ölkəsinin lazım gələrsə “Hizbullah”a ağlasığmaz zərbələr endirə biləcəyini vurğulayaraq, istənilən ssenariyə hazır olduqlarını bildirib.

BMT RUSİYANIN TƏKLİF ETDİYİ QƏTNAMƏNİ QƏBUL EDİB

BMT Baş Assambleyası nasizmin tərənnümünə qarşı mübarizə ilə bağlı Rusiyanın təklif etdiyi qətnaməni qəbul edib. Bu barədə “Sputnik” informasiya agentliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə görə, müvafiq sənəd dövlətləri qanunvericilik də daxil olmaqla, bütün müvafiq vasitələrlə irqi ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağa çağırır. Qətnamənin lehinə 118 ölkə səs verib, 49 ölkə əleyhinə, 14 ölkə bitərəf qalıb.

Məlumata əsasən, ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Ukrayna, Kanada, Gürcüstan, Polşa, İsveç və başqaları qətnaməyə qarşı çıxıblar.

Nasizmin tərənnümü ilə mübarizəyə dair qətnamə layihəsi Rusiya tərəfindən Belarus və Suriya ilə həmmüəlliflikdə hazırlanıb. Bildirilir ki, Rusiya Federasiyası hər il BMT Baş Assambleyasında səsverməyə analoji sənəd təqdim edir.

Qeyd edək ki, sənəd nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələrin qəti şəkildə pislənməsi, tarixi həqiqətlərin qorunması səylərinin alqışlanması, bəşəriyyətə qarşı cinayətlərin qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı tövsiyələr, İkinci Dünya müharibəsinin faciəvi tarixinə və nəticələrinə yenidən baxılması haqqında müddəalardan ibarətdir.

ÇİNDƏ BAŞ VERƏN ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilir ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər Çinin qərbindəki Çinxay əyalətində həlak olub.

Xatırladaq ki, 19 dekabr tarixində Qansu vilayətinin Cişişan rayonunda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Çinin Nazirlər Kabineti təbii fəlakətlə əlaqədar ikinci dərəcəli fövqəladə reaksiya elan edib. Fövqəladə Hallar Nazirliyi zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bölgəyə əlavə qüvvələr səfərbər edib.

Çin Xalq Respublikasının sədri Si Cinpin insan itkisinin artmaması üçün axtarış-xilasetmə işlərinin sürətlə və dəqiqliklə aparılmasına göstəriş verib. Qansu vilayətində axtarış-xilasetmə işlərinə 600-ə yaxın canlı qüvvə, 100-ə yaxın texnika, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.

MƏHKƏMƏ TRAMPIN ŞTATIN İLKİN ŞEÇKİLƏRİNDƏ İŞTİRAKINI QADAĞAN EDİB

ABŞ-ın Kolorado Ali Məhkəməsi sabiq prezident Donald Trampın gələn il ştatda keçiriləcək ilkin seçkilərdə namizədliyinin irəli sürülməsinə konstitusiyaya uyğun olaraq qadağan olunduğuna dair qərar qəbul edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Amerika mətbuatı xəbər verib.

“Məhkəmə üzvlərinin əksəriyyəti ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü Bölməsinə əsasən, Donald Trampın prezident vəzifəsini tutmaqdan məhrum edilməsinə qərar verib”, - deyə məhkəmənin açıqlamasında vurğulanır.

Qeyd edək ki, 14-cü Düzəlişdə bildirilir ki, Konstitusiyanı dəstəkləmək üçün and içmiş vəzifəli şəxslər “üsyanda iştirak ediblərsə” onlara gələcək vəzifələrdə işləmək qadağandır.

Məhkəmənin Trampa qarşı çıxardığı hökm yalnız Kolorado ştatında etibarlıdır. Qərar eks-prezidentin yanvarın 4-dək ABŞ Ali Məhkəməsinə müraciət etmək hüququ olduğu üçün hələ qüvvəyə minməyib.

PUTİN: QƏRBİN MÜDAXİLƏ CƏHDLƏRİNİN QARŞISI SƏRT ŞƏKİLDƏ ALINMALIDIR

“Xarici kəşfiyyat xidmətlərinin Rusiyada sabitliyi pozmaq cəhdlərinin qarşısı ciddi şəkildə alınmalıdır”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Orqanları İşçiləri Günü münasibətilə videomüraciətində bəyan edib.

Bununla yanaşı, dövlət başçısı xarici xüsusi xidmət orqanlarının ölkənin daxili işlərinə qarışmaq və Rusiya xalqının öz gələcəyini təyin etmək kimi suveren hüququnu pozmaq cəhdlərinin qəti şəkildə qarşısının alınmasını tələb edib.

Eyni zamanda, Putin Rusiya Federasiyasının təhlükəsizlik orqanlarının ölkəni və vətəndaşlarını qorumaq üçün bütün imkanlara malik olduğuna əmin olduğunu bildirib.

“Təhlükəsizlik orqanlarının vəzifələri heç də sadə deyil. Lakin sizdə dövlətin, cəmiyyətin, vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün bütün lazımi potensial, bütün imkanlar var”, - deyə V.Putin əlavə edib.

İRAN XİN-İ ALMANİYAYA NOTA GÖNDƏRİB

İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfirini çağıraraq ona etiraz notası təqdim edib. “TASS” agentliyinin xəbərinə görə, bu barədə nazirliyin rəsmi saytında yayılan məlumatda qeyd olunur.

Verilən xəbərə əsasən, Almaniya XİN-i  2022-ci ilin noyabrında ölkənin Bohum şəhərində iranəsilli yerli sakinin sinaqoqu yandırmağa cəhdlə bağlı çıxarılan hökmlə əlaqədar dekabrın 19-da İranın müvəqqəti işlər vəkilini çağırdığını açıqlayıb. Almaniya məhkəməsinin fikrincə, planlaşdırılan hücum İranın dövlət qurumu ilə bağlıdır.

İran Xarici İşlər Nazirliyinin press-relizində qeyd olunur ki, Almaniyanın Tehrandakı səfiri Hans-Udo Mutzel məhkəmənin əsassız ittihamları və müvəqqəti işlər vəkilinin nazirliyə çağırılması ilə bağlı xəbər dərc edildikdən sonra sözügedən addım atılıb.

Məlumata əsasən, iranəsilli 36 yaşlı kişi ağır yanğın törətmək və yandırmağa cəhd etmədə təqsirli bilinir.

Aİ-NIN UKRAYNAYA GÖNDƏRDİYİ HƏRBİ YARDIMIN HƏCMİ AÇIQLANIB

Avropa İttifaqına (Aİ) üzv ölkələr indiyə kimi ikitərəfli razılaşmalar və Avropa Sülh Fondu vasitəsilə Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borrel bəyan edib.

Ali diplomatın sözlərinə görə, Ukrayna bu yardım sayəsində Rusiyaya müqavimət göstərə bilib. “ABŞ-ın hərbi yardımı daha vacibdir. Lakin Aİ Ukraynaya ABŞ-dan qat-qat çox yardım göstərib”, - deyə Borrel vurğulayıb.

Bununla yanaşı, Jozef Borrel bildirib ki, Aİ-nin rəsmi Kiyevə yardımı davam edəcək: “Bu, belə də olmalıdır. Çünki Rusiya Aİ üçün strateji təhlükə yaradır”.

Qeyd edək ki, Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına görə, Ukraynaya göndərilən istənilən silah yükü Rusiya üçün qanuni hədəfdir. Onun sözlərinə görə, NATO ölkələri Ukraynaya silah yardımı etməklə “odla oynayırlar”.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.