DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BORİS CONSON YENİ BAŞ NAZİR SEÇİLƏNƏ QƏDƏR VƏZİFƏSİNİ İCRA EDƏCƏK

Boris Conson iyulun 7-də Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri vəzifələrindən istefa verdiyini açıqlayıb. “APA”nın xəbərinə görə, o, bu barədə xalqa müraciəti zamanı bildirib.

“Bilirəm ki, bu qərarıma görə, nə qədər adam rahat olacaq, eyni zamanda, nə qədər adam kədərlənəcək. Bilməyinizi istərdim ki, mən dünyanın ən yaxşı vəzifəsindən istefa verdiyim üçün çox kədərliyəm”, - deyə baş nazir bəyan edib.

Boris Conson qeyd edib ki, yeni liderin seçilməsinə indi başlanılmalıdır. “Yeni lider seçilənə qədər mən bu gün təyin etdiyim kabinetlə birgə vəzifəmə davam edəcəyəm”, - deyə o əlavə edib. Conson həmçinin yeni liderə bacardığı qədər ən yaxşı dəstəyi göstərəcəyini də diqqətə çatdırıb.

Bununla yanaşı, baş nazirin sözlərinə görə, Böyük Britaniya Ukraynaya dəstək verməyə davam edəcək. O bildirib: “Ukrayna xalqına demək istəyirəm ki, biz sizin azadlıq mübarizənizi ehtiyac olduğu müddətdə dəstəkləməyə davam edəcəyik”.

 

DÜNYADA KORONAVİRUSA YOLUXANLARIN SAYI KƏSKİN ARTIB

Dünyada koronavirusa yoluxanların sayı kəskin şəkildə artıb. “Trend” agentliyinin xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.

Baş direktorun sözlərinə görə, son iki həftə ərzində koronavirusa yoluxma hallarının sayı təxminən 30 faiz artıb.

Eyni zamanda, Tedros Adhanom Qebreyesus qeyd edib ki, bu, koronavirusun “omikron” ştammının mövcud variantlarının yayılması ilə əlaqədardır. O, həmçinin bildirib ki, artıq bu variantın yeni alt növləri də aşkarlanır.

“Avropa və Amerikada yoluxma hallarının əksəriyyəti “BA.4” və “BA.5” alt variantlarıdır”, - deyə Qebreyesus vurğulayıb.

 

MOLDOVA XİN-I: HƏRBI ƏMƏKDAŞLIQDA NEYTRALLIQDAN KƏNARA ÇIXMIRIQ

Moldova digər ölkələrlə hərbi əməkdaşlıqda konstitusiyada təsbit olunmuş neytrallıqdan kənara çıxmır. “Report” agentliyinin xəbərinə görə, bunu Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Daniel Voda bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsevin Moldovanın Qərbdən hərbi yardım alması məsələsində balanslı olmaqla bağlı çağırışına münasibət bildirən Daniel Voda qeyd edib ki, Moldovanın digər ölkələrlə təhlükəsizlik və müdafiə məsələlərində əməkdaşlığı ölkə konstitusiyasında təsbit olunmuş neytrallıq prinsipi çərçivəsindədir.

“Ölkəmiz öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə, sülhün və beynəlxalq təhlükəsizliyin qorunmasına cavabdehlik daşımağa borcludur. Avropa İttifaqının elan etdiyi yardım proqramı öldürücü olmayan silahların tədarükünü nəzərdə tutur”, - deyə mətbuat katibi vurğulayıb.

 

BMT: DÜNYADA YOXSULLUQ HƏDDİNDƏN DƏ AŞAĞI YAŞAYANLARIN SAYI ARTIB

Bu ilin martından bu günədək dünyada inflyasiya templərinin artımı ilə əlaqədar yoxsulluq həddini keçən insanların sayı 71 milyon nəfər artıb. “Trend”in məlumatına görə, bu barədə BMT İnkişaf Proqramının hesabatında qeyd olunur.

Verilən xəbərə görə, mütəxəssislər 159 ölkədə mövcud vəziyyətin təhlilini aparıb və məlum olub ki, əvvəl ala bildikləri məhsulları artıq əldə edə bilməyən insanların sayı misli görünməmiş şəkildə artıb.

Bununla yanaşı, BMT İnkişaf Proqramı yoxsulluqla üzləşən ölkələrə beynəlxalq yardımın göstərilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, BMT-nin son statistik məlumatlarına əsasən, dünyada 695,5 milyon insan yoxsulluq həddindən aşağıda yaşayır.

 

AVROPADA QAZ QITLIĞI BİR NEÇƏ MÖVSÜM DAVAM EDƏ BİLƏR

Beynəlxalq Mayeləşdirilmiş Təbii Qaz İdxalçılar Qrupu Avropada qaz qıtlığı probleminin bir neçə qış davam edə biləcəyini gözləyir. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “Bloomberg” xəbər verib.

Təşkilatın rəhbəri Vinsent Demuri Londonda çıxışı zamanı deyib: “Bəxtimiz gətirsə, 2022-2023-cü illərin qışını çox da zərər görmədən keçirəcəyik. Lakin gələn qış, eynən ondan sonra gələcək növbəti qış kimi daha çətin ola bilər”.

“Bloomberg” qeyd edir ki, ötən qış hər zamankından daha isti keçib. Nəticədə, Avropanın anbarlarında yeni mövsüm üçün daha çox qaz qalıb. Lakin dünya bazarında qiymətlər əhəmiyyətli dərəcədə artıb və qaz almaq daha bahalı olub.

Vinsent Demuri bildirib ki, Rusiyanın idxalı azaltması və karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra Çində enerji tələbatının gözlənilən artımı nəzərə alınarsa, regiona növbəti il üçün qaz anbarlarını doldurmaq çətin olacaq.

 

FİNLANDİYA RUSİYA İLƏ SƏRHƏDDƏ HASAR TIKƏCƏK?

Finlandiya parlamenti Rusiya ilə sərhəddə hasar çəkməyə icazə verən qanun layihəsini təsdiqləyib. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu təklif səs çoxluğu ilə qəbul olunub.

Məlumata əsasən, bu, Rusiyanın ölkənin gələcək NATO üzvlüyünə cavab olaraq hərəkətə keçə biləcəyi narahatlığı ilə bağlıdır. Qeyd edilir ki, Finlandiyanın Rusiya ilə sərhədi meşəlik ərazidən keçir.

Xatırladaq ki, mayın ortalarında Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. İyunun sonunda NATO-nun Madriddə keçirilən sammitində Finlandiya və İsveç rəsmi olaraq Alyansa dəvət olunub.

 

İRAN ABŞ-DAN NÜVƏ RAZILAŞMASINA DAİR TƏMİNAT İSTƏYİB

“Bizim Hərtərəfli Birgə Fəaliyyət Planından əlavə tələbimiz yoxdur”. “APA”nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.

Nazir “altılıq” ölkələri ilə İranın nüvə proqramına dair yaxşı və güclü razılaşma əldə etmək əzmində olduqlarını vurğulayaraq bildirib ki, Amerikanın iddia etdiyi kimi Hərtərəfli Birgə Fəaliyyət Planından əlavə heç bir tələbləri yoxdur. O deyib: “Danışıqlarımız Hərtərəfli Birgə Fəaliyyət Planının əsasında aparılır. Danışıqlar zamanı biz Amerika tərəfinə bildirdik ki, İranın iqtisadi maraqlarına mane olan hər şeyi aradan qaldırsın”.

Nazir həmçinin qeyd edib ki, Amerika İranın 2015-ci il müqaviləsinin bütün üstünlüklərindən istifadə edəcəyinə dair öhdəlik götürməlidir. “Amerika tərəfinin indiyə qədər bizə təminat verə bilmədiyi məhz budur”, - deyə XİN rəhbəri əlavə edib.

 

FLORİDA ŞTATINDA TƏHLÜKƏLİ İLBİZLƏRƏ GÖRƏ KARANTİN ELAN OLUNUB

ABŞ-ın Florida ştatının Kənd Təsərrüfatı və İnsan Xidmətləri Departamenti təhlükəli ilbizlərin aşkarlanması ilə əlaqədar karantin elan edib. “Report”un məlumatına görə, bu barədə “New York Post” nəşri xəbər verib.

Bildirilir ki, Pasko dairəsinin sakinləri şəhərin küçələrində həm insanlara, həm də vəhşi təbiətə zərər verə biləcək nəhəng Afrika quru ilbizlərini aşkar ediblər. Bu ilbizlər insanlarda miningitə səbəb ola bilən siçovul ağciyər qurdunun daşıyıcısıdır.

Məlumata əsasən, sözügedən ilbizlər ilk dəfə 1969-cu ildə aşkar edilib, 1975-ci ilə qədər isə məhv edilib. 2011-ci ildə elm adamları yenidən zərərvericiləri aşkar ediblər, lakin onları tamamilə məhv etmək mümkün olmayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.