Dünya nizamına qarşı qəfil həmlə
Siyasət

Dünya nizamına qarşı qəfil həmlə

Ümumdünya Terrorizmlə Mübarizə Günüdür

"Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Beynəlxalq terrorizm bəzi dövlətlərin dəstəyindən istifadə edərək dünya nizamına qarşı həmlələr edir, ekstremizm, təcavüzkar millətçilik və davakar separatizm ideologiyası əsasında yeni qarşıdurma xətləri yaratmağa çalışır, sərhədləri yenidən bölməyə və dəyişməyə cəhd göstərir".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

21 may tarixi Ümumdünya Terrorizmlə Mübarizə Günü kimi qeyd edilir. Bu gün çərçivəsində qlobal miqyasda terrorizmin pislənildiyi tədbirlər və seminarlar keçirilir. Buna isə hazırda zərurət var. Belə ki, müasir dövrdə terrorizm bəlası bəşəriyyətə təhlükə yaradan, beynəlxalq münasibətlərə aktiv şəkildə müdaxilə edən, insan hüquqlarını kobud formada pozan problemlərin arasında ilk yerlərdən birini tutur. Terrorizm mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiqi kimi şərh olunur. Yəni terror aktını həyata keçirənlər üçün insan hüquqları heç bir əhəmiyyət kəsb etmir. Fərdin ən ali hüququ olan yaşamaq haqqı əlindən alınır ki, bu da cinayətdir.

Terrorizmin tarixi eramızdan əvvəl I əsrdən Roma işğalçılarına qarşı yəhudi dini sektası olan "Zealotos"ların həyata keçirdikləri terror aktlarından başlayıb. XIX əsrin ikinci yarısından bəri terrorizm ictimai həyatın ən qorxulu təhlükəsinə çevrilib. "Terrorçu" və "terrorizm" terminləri isə XVIII əsrin sonlarında Böyük Fransa inqilabı zamanı yaranıb və 1970-ci illərdə Şimali İrlandiya konflikti, Bask münaqişəsi və İsrail-Fələstin münaqişəsi zamanı bütün dünyada diqqəti cəlb edib, beynəlxalq səviyyədə geniş istifadə olunub. Müasir dövrümüzdə isə ölüm, xəsarət və maddi ziyana görə 2001-ci ildə Nyu-Yorkdakı 11 sentyabr hadisələri terror aktları arasında birinci yeri tutur. Terror aktları nəticəsində 2976 nəfər həlak olub, 6000 nəfər xəsarət alıb. Maddi ziyan isə 100 milyon ABŞ dolları ilə ölçülür. Dünya Ticarət Mərkəzinin təqribən 2 milyon tonluq uçqunlarının yaratdığı toz qatı 3 ay çəkilməyib. 1999-cu il 4-16 sentyabr hadisələri isə tarixə "Rusiyada yaşayış binalarında partlayış" kimi düşüb. Buynaksk, Volqodonsk və Moskvada yaşayış evlərinin zirzəmilərində törədilən partlayışlar nəticəsində 307 mülki şəxs həlak olub, 1700-dən çox insan yaralanıb. Hadisədə Əmir Xattabın qruplaşması və əl-Qaidə ilə əlaqəsi olan dağıstanlı silahlılar təqsirli bilinib.

Azərbaycan dünyada işğaldan, terrorizmdən ən çox əziyyət çəkən ölkələrdəndir. Belə ki, 1980-ci illərin sonlarından etibarən Azərbaycana qarşı ərazi iddiası irəli sürən Ermənistan dəfələrlə terror aktları törədib. 1994-cü il martın 19-da və iyulun 3-də Bakı Metropolitenində dəhşətli terror hadisələri baş verib. 44 günlük Vətən müharibəsi dövründə isə Ermənistan tərəfindən Silahlı Qüvvələrimizə qarşı muzdlular və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilib. Ümumiyyətlə, torpaqlarımızın Ermənistan tərəfindən 30 il davam edən işğalı nəticəsində Qarabağda və Şərqi Zəngəzurda çox sayda mina basdırılıb. Eyni zamanda həmin ərazidə ötən ilədək terror yuvası fəaliyyət göstərirdi. 23 saatlıq antiterror tədbirlərindən sonra isə bölgədə terrorçuluğun kökü kəsilib, "boz zona" aradan qaldırılıb. Həmçinin ölkəmiz separatçıların vaxtilə nəzarət etdikləri ərazilərdə xarici ölkə vətəndaşları tərəfindən terrorçuluğun maliyyələşdirilməsi üçün qeyri-leqal vəsaitlərin göndərilməsinin, təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısını alıb.

Bunların fonunda ölkəmizin beynəlxalq standartları dəstəkləmək, hüquqi və institusional çərçivələrini gücləndirmək səyləri onun qlobal təhlükəsizliyi və sabitliyi qorumaq əzmini bir daha təsdiqləyir. Beynəlxalq təşkilatların hesabatları da göstərir ki, mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində nail olunmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər qətiyyətlə aparılan mübarizə Azərbaycana beynəlxalq aləmdə sərmayələr və turizm üçün cəlbedici ölkə, həmçinin etibarlı tərəfdaş imici qazandırıb. Bu gün Bakıya səfər edən xarici ölkə vətəndaşları özlərini burada olduqca rahat hiss edirlər. Əcnəbilər ölkəmizdə hər hansı bir təhlükə ilə üzləşmirlər. Ölkə vətəndaşları kimi, onların da təhlükəsizliyi hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşları tərəfindən yüksək səviyyədə qorunur. Eyni zamanda, dövlətimiz mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Çünki Azərbaycan sivilizasiyalar, mədəniyyətlər arasında dialoq məkanı, idman ölkəsi, digər beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu, həllini tapdığı unikal platformadır. Bunun da kökündə daxili sabitlik, təhlükəsizlik amili dayanır. Bu gün milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, ictimai, iqtisadi, sosial, ekoloji, informasiya, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi dövlətimizin və cəmiyyətimizin mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir. Ona görə də bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır. Bu fikri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində də səsləndirib: "İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır".

Bu, beynəlxalq hesabatlarda da öz əksini tapır. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı və digər akademik institutlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının istinad mənbəyi kimi çıxış edən "Global Terrorism Index" 2024-cü il üçün dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını açıqlayıb. Ərazisində terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralarda Burkina Faso, İsrail, Mali, Pakistan, Suriya, Əfqanıstan qərarlaşıb. Sözügedən siyahıda İran 26-cı, ABŞ 30-cu, Rusiya 35-ci, Fransa 38-ci, Ermənistan isə 76-cı yerdədir. Terrorçuluqla mübarizə, bu kimi halların araşdırılmasının effektivliyi və digər çoxsaylı göstəricilər üzrə aparılan mürəkkəb hesablamalara əsasən, Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer alıb. Dövlətimiz "0" indekslə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə sonuncu, yəni 89-cu yerdə qərarlaşıb. Bununla da ölkəmizin qlobal miqyasda terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri olduğu təsdiqlənib. Əslində bu reallıq daha öncə də etiraf edilmişdi. Belə ki, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) ötən ay açıqlanan hesabatında da bildirilmişdi ki, rəsmi Bakı terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə aparır. Qeyd olunmuşdu ki, Azərbaycan müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasındadır. Bu isə hökumətimizin apardığı islahatların, eləcə də ölkədə şəffaf maliyyə sisteminin qurulmasının, cinayətkarlıq səviyyəsinin minimuma endirilməsi istiqamətində görülən işlərin nəticəsidir.

Qeyd etmək lazımdır ki, 2023-cü ildə ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı təsdiqlənib. Bu, məhkəmə və təhlükəsizlik orqanlarının, habelə özəl sektorun sözügedən sahədə qarşılıqlı fəaliyyətini asanlaşdırır.

Yekunda deyə bilərik ki, ölkəmiz terrorizmlə mübarizədə hər zaman qəti mövqe tutub, bundan sonra da bu istiqamətdə fəaliyyət davam edəcək.

Jalə QASIMZADƏ,

"Respublika".