Tariximizə həkk olunan şanlı səhifələr
Siyasət

Tariximizə həkk olunan şanlı səhifələr

2023-cü ili geridə qoymağımıza artıq sayılı günlər qalır. Bitmək üzrə olan cari ilin qısa xülasəsinə nəzər salanda müşahidə edirik ki, Azərbaycan bir il ərzində necə böyük nailiyyətlər əldə edib. Vətən müharibəsinin ardından dövlətimizin tutduğu mövqeyə xalqın verdiyi dəstək cənab Prezident İlham Əliyevə olan sarsılmaz inamın nəticəsidir. Bu etimadın sayəsində ölkəmiz bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, sosial, həm də mənəvi özünün yüksəliş dövrünü yaşayır.

Siyasi əlaqələrimiz həm kəmiyyət, həm də keyfiyyətcə keçən dövrlərlə müqayisədə xeyli artıb. Baxmayaraq ki, qərəzli dairələr, xüsusilə də erməni lobbisinin maliyyələşdirdiyi tədqiqat institutları "Dəmir yumruq" əməliyyatının ardından hesabatlar hazırlayaraq Qarabağ Zəfərinin Azərbaycan üçün çətin nəticələrini proqnozlaşdırırdılar. Həm anti-Azərbaycan əhvali-ruhiyyəsi formalaşdırılır, həm də Ermənistan silahlandırılaraq ölkəmizin xeyrinə olan regional balansı sanki güc vasitəsilə dəyişməyi hədəfləyirdilər. Nəticə isə göstərdi ki, Azərbaycan sadəcə qalib dövlət deyil, eyni zamanda Cənubi Qafqazın güc mərkəzi və mövcud bütün reallıqların müəllifidir. Bu mənada, Azərbaycanı "baypass" edən istənilən layihə və ya niyyət heç bir halda produktiv ola bilməz və dayanıqlılığı daim şübhə altında olacaqdır. Çünki ölkəmizin geostrateji mövqeyinə və təbii ehtiyat zənginliyinə paralel olaraq dövlətçiliyimizin sarsılmazlığı, siyasi və iqtisadi müstəqilliyimiz, ölkə rəhbərliyinin verdiyi sözlərinə sadiqliyi Azərbaycanı istənilən halda regional və beynəlxalq əməkdaşlığın ən arzuolunan dövlətlərindən birinə çevirir.

Prezident cənab İlham Əliyev Azərbaycan xalqının ən çətin problemlərini bilmək diplomatiyası ilə sonraya heç bir sual və ya ölkəmizə qarşı istifadə edilə biləcək detal saxlamadan həll etdi. Azərbaycanın artıq Qarabağ adlı problemi yoxdur. Ərazi bütövlüyümüzün bərpası ilə ölkəmizə qarşı istifadə edilən siyasi alətlər bir-bir sıradan çıxarıldı. Məhz bu amilin nəticəsidir ki, ermənidən daha çox erməni olmağa çalışan dövlətlər və siyasi isteblişmentlər özünü göstərir. Lakin Azərbaycanın dəmir yumruğu və dəmir iradəsi hər zaman yerindədir və xalq öz lideri - cənab Prezident İlham Əliyevin yanındadır.

Təəssüf ki, ölkə daxilindəki bəzi qüvvələr siyasi ambisiyaları naminə şəxsi maraqlarından yola çıxaraq ölkəmizin haqq işinə maneələr yaratmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, xalqımızın gözü tərəzidir və Azərbaycan xalqı özünün siyasi iradəsini müzəffər bir xalq olaraq ortaya qoyacaqdır.

2023-cü il tariximizə əbədi həkk olundu: Əldə etdiyimiz uğurlar sadəcə dünənimizi, bu günümüzü deyil, sabahımızı da xilas etdi. Gələcək nəsillər Qarabağ problemindən, torpaqlarımızdakı terrorizm və separatizmlə mübarizədən xilas edildi. Cənab Prezident, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanmış olduğumuz nailiyyətlər silsiləsi hər zaman xatırlanacaq və gələcək nəsillər bu şanlı zəfəri bizə bəxş edənləri heç bir zaman unutmayacaq.            

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.