Ərazi bütövlüyümüzün təminatçısı
Siyasət

Ərazi bütövlüyümüzün təminatçısı

Peşəkar siyasətçi, böyük lider, səmimilik, dürüstlük, qətiyyətlilik kimi xüsusiyyətləri xarakterində vəhdət şəklində birləşdirən Prezident İlham Əliyev dünya siyasətçiləri içərisində unikallığı ilə seçilir.

Tarixə adını qalib sərkərdə kimi həkk edən ölkə başçısının üzərinə düşən vəzifələri uğurla icra etməsi bütün dünyada heyrət yaradıb. Çünki yaşadığımız dövrdə ölkənin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmək hər siyasətçiyə nəsib olmur. İlham Əliyev uzaqgörənliyi, müstəqil siyasəti ilə ölkəmizi dünya arenasına alnıaçıq, üzüağ çıxarıb. Ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində bu gün müstəqil Azərbaycan güclü iqtisadi ölkəyə çevrilib. Dövlətimizin başçısı Azərbaycanı bugünkü səviyyəyə çatdırmaq üçün gərgin əmək sərf edib. Bütün bunlar bir daha Prezident İlham Əliyevin uzaqgörən, prinsipial, qətiyyətli siyasətçi, vətənpərvər, xalqı üçün yaşayan şəxsiyyət olduğunu təsdiqləyir. Bu gün dövlətimizin başçısının çoxsaylı təşəbbüsləri nəticəsində Azərbaycan qalib ölkədir. Bizim zəfərimiz region üçün də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan xalqı İlham Əliyevin siyasətinə dəstək verir. Prezidentin qətiyyəti sayəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra bu dəstək daha da gücləndi. Şübhəsiz, xalqımız yaxın keçmişdə baş verənləri də unutmayıb. Hələ AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanın hansı vəziyyətə düşdüyü, dövlətin müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi hər kəsin xatirindədir. Məhz bu dövrdə ölkəmizin torpaqları işğal olunur, siyasi hakimiyyət xalqa yalan satmaqla öz mənafeyini güdürdü. Bu səriştəsizliyin nəticəsi isə olduqca acınacaqlı idi. Respublikamızda ictimai, siyasi, iqtisadi, hərbi sahədə böhran hökm sürürdü. Xalq ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etməklə AXC-Müsavat cütlüyünə öz yerini göstərdi. Bu gün Azərbaycanın qələbəsinə, İlham Əliyevin böyük şəxsiyyətinə kölgə salmağa çalışanların planları da suya düşür. Çünki Azərbaycan xalqı keçmişi unutmur, kimin kim olduğunu yaxşı bilir. Bu gün Prezident İlham Əliyevə xalqın böyük inamı var. Ölkə başçımız dövlətimizi, xalqımızı qalib etməklə yanaşı, milli ləyaqət və qürurumuzu da bərpa edib. Bu reallıqları görməmək isə mənəvi korluqdur.

Prezidentin son 20 ildəki fəaliyyəti ərzində Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı yaxşılaşıb. Respublikamızın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri daha da möhkəmlənib. Cənubi Qafqazda hazırda reallaşmış bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla baş tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi isə Ulu Öndərin müqəddəs arzusunun həyata keçirilməsidir. İkinci Qarabağ müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırır, onu yumruq kimi birləşdirir, müharibənin gedişatına və taleyinə güclü təsir göstərirdi. Ölkə başçımızın hər bir müraciəti növbəti qələbənin müqəddiməsinə çevrilmişdi.

Bu ilin sentyabr ayında üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanılması da təqdirəlayiq addımlardan idi. 23 saat davam edən tədbirlər çərçivəsində düşmənin silahlı qüvvələrinin ön xətt və dərinlikdə olan mövqelərinin, uzunmüddətli atəş nöqtələrinin yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılması ölkəmizin qüdrətini bir daha dünyaya göstərdi. Nəticədə xunta rejimi ağ bayraq qaldıraraq təslim oldu. Beləliklə, Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.

Bu gün qürur hissi ilə deyirik ki, Qarabağın hər nöqtəsində Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatı günü-gündən inkişaf edir. Hazırda Qarabağda bərpa-quruculuq işləri və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.

2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri təyin olunan İlham Əliyev həmin il oktyabrın 15-də Prezident seçilib. Seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə isə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti olub. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti olub. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Nəzrin ELDARQIZI,

"Respublika".