Dördüncü qrup üzrə qəbul imtahanlarında 379 nəfər 600-dən çox bal toplayıb
Elm və təhsil

Dördüncü qrup üzrə qəbul imtahanlarında 379 nəfər 600-dən çox bal toplayıb

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dördüncü ixtisas qrupunda (Azərbaycan və rus bölmələri üzrə) 379 nəfər 600-dən çox bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.

Bu barədə “Respublika”ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il IV qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.