2024-2025-ci tədris ili üçün Qarabağ Universitetinə qəbul planlaşdırılır
Elm və təhsil

2024-2025-ci tədris ili üçün Qarabağ Universitetinə qəbul planlaşdırılır

Nəzərə çatdırım ki, dövlət başçısının müvafiq Sərəncamı əsasında Azərbaycan Pedaqoji Universitetinin filialı artıq yeni adına - Qarabağ Universiteti adına qovuşdu və publik hüquqi şəxs statusu aldı. Elm və Təhsil Nazirliyinin tabeliyində yeni yaradılan universitetə tələbə qəbulu qaydası mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçiriləcək. Digər ali təhsil müəssisələrində keçirilən müvafiq müsabiqə Xankəndidə yerləşən Qarabağ Universitetinə də şamil olunacaq və tələbələrin qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Burada böyük ehtimalla IV, eyni zamanda V ixtisas qrupu üzrə müvafiq ixtisaslar formalaşa bilər. Təbii ki, başqa universitetlərdən bura köçürülmə məsələsi hələlik gündəmdə deyil. Çünki həmin universitetin ərazisində Prezidentin Sərəncamı əsasında yataqxananın tikilməsi, müvafiq infrastrukturun yaxşılaşdırılması və s. işlərin görülməsi nəzərdə tutulur. İki ay müddətində bu məsələlər həll olunacaq, ardınca 2024-2025-ci tədris ili üçün qəbul həyata keçiriləcək və dediyim kimi, məsələ mövcud qanunvericiliyə uyğun olaraq buraxılış imtahan formatında, eyni zamanda müsabiqə əsasında tənzimlənəcək.

Düşünürəm ki, məhz Qarabağ Universitetində dövrün tələbinə uyğun əmək bazarına daha çox ehtiyac duyulan ixtisaslara önəm verilməlidir. Bu əsasən İT yönümlü ixtisas, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, eyni zamanda mexatronika və robototexnika mühəndisliyi, ikinci ixtisas qrupuna aid regionun iqtisadi inkişafını nəzərə alsaq, beynəlxalq logistika, iqtisadiyyat ixtisasları olmalıdır. Eyni zamanda, IV ixtisas qrupu üzrə tibb təhsilinin verilməsi universitetə xarici və qonşu dövlətlərdən olan tələbələrin marağına səbəb olacaq.

Elçin ƏFƏNDİ,

təhsil üzrə ekspert.