Deşdi sinənizi namərd gülləsi
Digər xəbərlər

Deşdi sinənizi namərd gülləsi

Vətən müharibəsi şəhidi Şəmsəddin Aqil oğlu Vəliyev 2021-ci il yanvar ayının 22-də Sabirabad rayonunun Dadaşbəyli kəndində anadan olmuş, bu kənddə orta məktəbi bitirib Şirvan Dövlət Humanitar və İqtisadiyyat Kollecində təhsil almışdır. Füzuli, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib, 22 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlmişdir. Ərazi bütövlüyümüz uğrunda öz canından keçən igid oğullarımız kimi, Şəmsəddinin də xatirəsi əziz tutulur. Hər il Şəmsəddinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir. Növbəti anım günündə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhid ailələri, qazilər, Şirvan şəhərinin və Sabirabad rayonunun ictimaiyyət nümayəndələri iştirak etdilər.

Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzdülər, xatirəsini ehtiramla yad etdilər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhidin ailəsinə səbir diləyib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını qeyd etdi. Şəhid Şəmsəddin Vəliyevin timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyini vurğuladı. İcra başçısı şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və qazilərin probleminə həssaslıqla yanaşıldığını bildirdi.

Daha sonra çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən böyük qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışdılar.

Şəmsəddin Vəliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanının azad olunmasına görə" medalları ilə təltif olunub.

Tofiq HÜseyn,

"Respublika".