“BU YOL ŞUŞAYA GEDİR
Region

“BU YOL ŞUŞAYA GEDİR"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan edilmişdir. Sərəncamla bağlı Azərbaycanın hər bir guşəsində silsilə tədbirlər keçirilməkdədir.

Göygöl rayon Gənclər evində "Şuşa ili" çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Göygöl və Samux rayonları və Gəncə şəhərində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək üzvlərinin iştirakı ilə "Bu yol Şuşaya gedir" adlı tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, Göygöl rayon təhsil sektorunun müdiri Elnur Qasımov, müvafiq sektorların əməkdaşları, məktəbdənkənar müəssisələrin və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, görkəmli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Zabit XƏLİLOV,

"Respublika".