AĞSTAFA  TARİXİ  ABİDƏLƏRLƏ  ZƏNGİNDİR
Region

AĞSTAFA  TARİXİ  ABİDƏLƏRLƏ  ZƏNGİNDİR

Respublikanın Qərb bölgəsində yerləşən, rəngarəng təbiətə malik Ağstafa ən qədim yaşayış məskənlərindən biridir. Rayonda gəlirli sahələrdən olan turizmin inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. Əminliklə demək olar ki, ötən əsrlərə aid olan qədim tarixi abidələr yerli və xarici turistlərin marağına səbəb olur. Rayona gələn turistlərin sayında ilbəil artım müşahidə olunmaqdadır.

Əlverişli təbii coğrafi mövqedə yerləşən bu rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Aparılan tədqiqat işləri nəticəsində belə qənaətə gəlinmişdir ki, ərazidən tapılan qədim abidələr bu bölgənin qədim tarixə malik olduğunu təsdiqləyir. Töytəpə, Şomutəpə, Qarğalar təpəsi və s. qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar zamanı burada e.ə. IV-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsi, misdən müxtəlif əşya və ya bəzək əşyalarının düzəldilməsi aşkar olunmuşdur.

Qeyd etmək lazımdır ki, Ağstafa sözünün mənası  da bu məkanın qədim Oğuz yurdu olduğunu təsdiq edir. Belə ki, xalq arasında “Oğuz təpəsi”, «Oğuz tayfası» kimi səsləndirilir. Bu adın birinci hissəsi olan «Aks» (okus, oğuz) oğuzlarla bağlıdır.

İkinci hissə isə tapa (təpə) sözü ilə əlaqələndirmək olar. Mütəxəssislərin fikrincə, tapa sözü tayfa sözündən götürüldüyü də ehtimal olunur. Ağstafa sözünün Oğuz təpəyə daha yaxınlığı çay kənarından, qədim türk-Oğuz tayfalarının yaşayıb at oynatdıqları, vaxtilə yaylaq olmuş Oğuz  təpələrindən baş alıb gəlməsilə izah olunur.

Rayon ərazisində çoxlu sayda (52 ədəd) arxeoloji və tarixi abidələr mövcuddur. Bunlardan ikisi dünya, 36-sı ölkə, 14-ü isə yerli  əhəmiyyətli hesab olunur. Bu abidələr arasında Aşağı Kəsəmən kəndi ərazisindəki «Töytəpə» adlı tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu, dəmir dövrünün əvvəlinə aid olan «Çoban daşı» adlı məskən, «Keşikçi dağ» Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşən Keşikçi Qala və başqa maddi-mədəni abidələr dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.

Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılan küplər, boyunbağılar, kasalar və başqa müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanılır. Alban memarlığına məxsus olan Keşikçi Qala, Alban məbədləri, XVIII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, rayonun Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa yaşayış məskənlərində XIX əsrdə inşa olunmuş məscid və digər abidələr də diqqəti cəlb edir.

Bundan başqa, Kür çayının sağ sahilində yerləşən Qıraq Kəsəmən kəndinin ərazisində erkən tunc dövrünə aid yaşayış məskənləri aşkarlanmışdır. Lakin tədqiqat işləri aparılmamışdır. Ümid etmək olar ki, yaxın zamanlarda qeyd olunan məkanda tədqiqat işlərinə start veriləcəkdir.

Digər bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, adıçəkilən yaşayış məskənində İsrafil ağa Qazax qəzasında adlı-sanlı tanınmış bəylərdən və xeyriyyəçilərdən olmuşdur. O, mərdliyi ilə təkcə öz kəndində deyil, bütün Qazax qəzası, Borçalı və Göyçə mahallarında, İrəvan və Gəncə quberniyalarında da çox böyük nüfuza malik olmuşdur. İsrafil ağanın evi kəndin yüksək ərazisində yerləşirdi. Dörd tərəfində pəncərələri olan evin sahəsi 200 kvadratmetr olmuşdur. Evin tikintisində yumurta sarısından, gil qatından, kərpic və çay daşlarından istifadə olunmuşdur. Bu da divarların möhkəmliyini qoruyub saxlamışdır.

Kənddən 100 metr yüksəklikdə inşa olunmuş evdən ağa nəinki kəndi, hətta ətraf əraziləri də nəzarətdə saxlamışdır. Təəssüflə qeyd etmək lazımdır ki, bütün bir tarixi özündə yaşadan, görənlərin marağına səbəb olan İsrafil ağanın evinin  bu gün əsaslı təmirə və bərpaya ehtiyacı var. Bu tarixi abidənin də yaxın zamanlarda təmir olunması təkcə ağstafalıların deyil, bütün bölgə əhalisinin sevincinə səbəb olar. Belə qədim tikililəri qoruyub saxlamaqla xalqımızın keçmişini yaşatmaq, eləcə də bölgəyə yerli və əcnəbi turistləri cəlb etmək olar.

Vəli VƏLİYEV,

«Respublika».