Bu ilin sonunda Ağdamda istehsal müəssisələri işə salınacaq
İQTİSADİYYAT

Bu ilin sonunda Ağdamda istehsal müəssisələri işə salınacaq

Tarixi qələbədən ötən üç ilə yaxın dövr ərzində respublikamızın sosial, iqtisadi, mədəni həyatında və ordu quruculuğunda uğurlar əldə edilib. İşğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işlərinin ahəngi gündən-günə artır, işğalçıların ölü zonaya çevirdikləri torpaqlarda indi çox nəhəng infrastruktur layihələr icra edilir, gündən-günə quruculuq işlərinin coğrafiyası genişlənir. Artıq keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə köçü başlayıb.

Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olduqdan sonra üçtərəfli razılaşmaya görə 2020-ci il noyabr ayının 20-də Ağdam şəhərini və rayonun işğal altında qalan ərazilərini tərk etdi, qəhrəman Azərbaycan ordusunun bölmələri bir güllə atmadan Ağdama daxil oldu. Həmin tarixi günlərin şahidi olan ağdamlıların indi həyatı, taleyi və gələcək arzuları doğma Ağdama qayıtmağa, orada yaşamağa, işləməyə köklənib. Düşmənin məqsədli şəkildə, etnik nifrət zəminində və vəhşiliklə dağıtdığı Ağdamın xarabalıqları bizi nə qədər ağrıtsa da, torpaqlarımızın işğaldan azad edilməsi çox böyük təsəlliyə, sevincə, qürura, iftixara çevrilib. Qalib Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun dəmir iradəsi, peşəkarlığı, qəhrəmanlığı sayəsində 30 ildən sonra doğma torpağımıza qədəm qoyuruq, yurdun havasını uduruq, suyundan içirik, şükranlığımızı bildiririk.

2020-ci il noyabrın 23-də, işğaldan azad ediləndən üç gün sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər çərçivəsində Ağdam məscidini ziyarət edəndən sonra Məkkədən gətirdiyi "Qurani-Kərim"i məscidə bağışladı və bildirdi ki, bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Bəli, həmin gün gəldi, tariximizin ən şərəfli səhifəsi yazıldı. Qalib Ali Baş Komandan, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam şəhərinə ikinci dəfə səfər etdi. Dövlətimizin başçısı həmin gün rayon ictimaiyyətinin nümayəndələri ilə Ağdam şəhərinin Baş Planının təqdimatını keçirib, yenidən qurulacaq şəhərin bərpasının təməl daşını qoyub, Bərdə-Ağdam avtomobil yolunun  təməlqoyma və şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib. Sonra Prezident Ağdam şəhərində inşa olunacaq ilk yaşayış, şəhər 1 saylı məktəbin yeni binasının və Ağdam Sənaye Parkının təməlini qoyub. Qeyd edək ki, 28 may Respublika günü, həm də Ağdam şəhərinin bərpasının başlanğıc günü kimi tarixə yazılıb. Təməlləri qoyulan infrastruktur layihələrin bir neçəsinin icrası başa çatdırılıb, qalanlarında isə sürətli quruculuq işləri aparılır. Məlumat üçün qeyd edək ki, keçmiş sovet dönəmində Ağdam rayonu, həm də sənaye mərkəzi kimi inkişaf edərək ittifaq miqyasında tanınıb. Şəhərdə 17 sənaye, 12 nəqliyyat müəssisəsi fəaliyyət göstərib. Burada ət kombinatı, xalça fabriki, rayonlararası təchizat idarəsi, taxıl məhsulları kombinatı, yük və nəqliyyat xidməti avtobazaları, 4 nəqliyyata texniki xidmət idarəsi və digər xidmət şəbəkələri olub. Prezident İlham Əliyevin imzaladığı "Ağdam Sənaye Parkının yaradılması haqqında" Fərmanı həm də rayonun keçmiş sənaye ənənəsinin bərpasını nəzərdə tutur və bu mühüm dövlət sənədində bildirilir ki, işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. İşğaldan azad olunmuş Ağdamın əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir. Sənaye parkının tikintisi üçün Ağdam şəhəri yaxınlığında 190 hektar torpaq sahəsi ayrılıb. Sənaye parkı şəhərə çəkilməsi planlaşdırılan əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində yerləşir.

Qeyd edək ki, Ağdam Sənaye Parkının tikintisi uğurla davam etdirilir. Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də nəzərdə tutulur. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Artıq bir neçə belə müəssisənin tikintisi başa çatdırılır. Ağdam Sənaye Parkının rezidentləri və qeyri-rezidentləri tərəfindən buraya qoyulan investisiyalar 176 milyon manat məbləğində qiymətləndirilir. İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, Ağdam Sənaye Parkında 19 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Bu 25 sahibkarlıq subyekti tərəfindən ümumilikdə Ağdam Sənaye parkında 1,7 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, Sənaye Parkının ərazisində ilk istehsal müəssisələri bu ilin sonunda işə salınacaq.

Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə səbəb olacaq. Ağdamda sənaye parkının yaradılması əhalinin məşğulluğunun təmin olunmasına, qeyri-neft sektorunun inkişafına, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına güclü təkan verəcək. Eyni zamanda, burada mühüm nəqliyyat dəhlizləri də yaradılır. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisi başa çatdırılır. Mütəxəssislərin fikrincə, həmin yolların Yevlax qovşağı ilə birləşməsi həm də Bakı-Tbilisi-Qars ixrac dəhlizinə qoşulması olacaqdır. Rayonun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etmək qarşıda dayanan ən ümdə vəzifələrdən biridir. Özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamın bərpası və sürətli inkişafı doğrudan da qürurvericidir, bu, hər şeydən əvvəl dövlətimizin gücünü göstərir. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Ağdamda quruculuq işləri Baş Plana uyğun olaraq sürətlə aparılır. Görülən bütün işlər Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir. Sənaye Parkında özəl sektorun iştirakı aydın məsələdir ki, təkcə dövlət sifarişi olan layihələrdə deyil, həm də ixracyönümlü sənaye müəssisələrinin yaradılmasında da nəzərdə tutulur. Sənaye Parkında artıq sosial zonanın təşkili istiqamətində işlər yekunlaşıb. Burada yataqxana, yeməkxana, anbar, market, çamaşırxana, tibb məntəqəsi, ödəniş məntəqəsi, bankomat, idman meydançasından ibarət sosial zona və mobilizasiya şəhərciyinin qurulması işləri başa çatdırılıb.

Qeyd edək ki, sosial zonanın işıqlandırılmasında Günəş enerjisindən qidalanan panellərdən istifadə edilir və sürətli internetlə təmin olunub. Parkda 2 ədəd 400 kV-luq, 1 ədəd 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb. Tikinti aparılan sahələrin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Sənaye parkında inzibati binanın, 4 ədəd su anbarının, nasosxananın tikintisi həyata keçirilir. İnzibati binanın bir bloku iki, digər bloku isə dördmərtəbəli olacaq. Sənaye parkının rezidentləri tərəfindən dam örtükləri, dəmir-beton məmulatlar, izolyasiyalı panellər, havalandırma, yanğınsöndürmə avadanlıqları, polimer məhsullar, Günəş enerjisi ilə qidalanan işıq dirəkləri və digər qurğular istehsal olunacaq. Ağdam Sənaye Parkının rezidentlərinin istehsal edəcəkləri bu məhsullar rayonda aparılan tikinti-quruculuq işlərində geniş istifadə olunacaq və yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

Salman ALIOĞLU,

"Respublika".