Brüssel formatına maraq azalıb
Siyasət

Brüssel formatına maraq azalıb

Avropa İttifaqının son zamanlar keçirdiyi tədbirlərdə tərəfsizlik pozulur

Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına beynəlxalq hüququn işləməməsi və mövcud selektiv yanaşma da öz təsirini göstərib. Ölkə başçımız dəfələrlə müxtəlif platformalardan Ermənistanın vəhşiliklərini dünyaya çatdırsa da, ermənipərəst təşkilatların laqeydliyi səbəbindən məsələ uzun müddət öz həllini tapmayıb. Bütün bunlara baxmayaraq, Azərbaycan ATƏT-in keçmiş Minsk qrupunun təşkil etdiyi toplantıların əksəriyyətində iştirak edib. Lakin erməni işğalına son qoymaq üçün bu toplantıların heç bir faydası olmayıb. Əksinə, düşmən işğal dövründə ölkəmizin təbii sərvətlərini talan edib, mülki infrastrukturları, tarixi abidələri, məscidləri, evləri, binaları dağıdıb.

Ermənistan bu illər ərzində beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən ibarət BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymayıb. Eyni zamanda ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin regiona baş tutan çoxsaylı səfərləri, keçirilən görüşlər də heç bir nəticə verməyib. Bu illər ərzində rəsmi İrəvan işğal etdiyi ərazilərdən geri çəkilməyib, regionun təhlükəsizliyinin təmin olunmasına cəhd göstərməyib. Hətta ölkəmiz 2020-ci ildə əks-hücum əməliyyatlarına başladığı zaman bəzi dövlətlər, xüsusilə Fransa Ermənistana yardım edib.

İkinci Qarabağ savaşından sonra həmsədr dövlətlər yenidən fəallaşmağa başladılar. Bu isə onların 30 illik missiyalarını yenə davam etdirmək niyyətini ortaya qoydu. Amma rəsmi Bakı belə vasitəçilikdən imtina etməklə bir daha onlara ehtiyac olmadığını göstərdi. Azərbaycanın bu addımı bir sıra qüvvələri qıcıqlandırdı və onlar yeni vasitəçi sifətində çıxış etmək istədilər. Bu günədək Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqton, Brüssel, Moskva və Parisdə keçirilən görüşlərdə də rəsmi İrəvan Bakının irəli sürdüyü təklifləri qəbul etmədi. Təsadüfi deyil ki, Ermənistan indiyədək Bakının sülhlə bağlı təkliflər paketini əsaslı şəkildə cavablandırmayıb.  Paşinyan hakimiyyətinin sözdə sülhdən, ərazi bütövlüyündən dəm vurub əslində, yeni müharibəyə hazırlaşması onun ikiüzlülüyündən xəbər verir. Bu siyasətin arxasında isə elə görüşlərin təşəbbüskarları, vasitəçilik iddiasında olanlar dayanır.

Məlum olduğu kimi, son dövrlərdə rəsmi Parisin Ermənistanı silahlandırması, ona yeni hərbi texniki avadanlıq verməsi də gündəmdədir. Fransanın bu cür mövqe sərgiləməsi sülh təşəbbüslərinin nəticəsiz qalacağını söyləməyə əsas verir. Çünki həmin vasitəçilər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından ağızdolusu danışsalar da, reallıqda Ermənistanı silahlandırmaqla məşğuldurlar. Yeri gəlmişkən, bu gün iqtisadi vəziyyəti bərbad halda olan İrəvan hansı pulla silah alır? Əslində, elə bu vasitəçilər Ermənistana yardım edirlər. Bu cür hallar görüşləri, danışıqları təşkil edən vasitəçilərə etimadsızlıq yaradır.

Xatırladaq ki, Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Toivo Klaar "APRI Armenia" təhlil mərkəzinin onlayn konfransında bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşü baş tutmayacaq. Amma buna baxmayaraq, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş təşkil etməyə çalışdıqlarını da diqqətə çatdırıb. Azərbaycan bundan əvvəl İspaniyanın Qranada şəhərində keçirilən görüşdən də imtina etmişdi. Buna səbəb isə nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqeyi, eləcə də Türkiyənin görüşdə iştirak etməsi ilə bağlı yaranan fikir ayrılığı idi. Eyni zamanda, bu yaxınlarda Azərbaycanın iştirakı olmadan Avropa İttifaqının keçirdiyi tədbirlərdə baş nazir Nikol Paşinyanın, parlamentin sədri Alen Simonyanın və digərlərinin çıxışına şərait yaradılması da tərəfsizliyi pozmaq kimi qiymətləndirilir. Çünki parlament birbaşa rəsmi İrəvanın saxta, qərəzli mövqeyini təbliğ edir. Bu kimi faktlar isə yeni toplantının keçirilməsinə marağı azaldır.

İstər BMT TŞ-nin beş daimi üzvü, istər Avropa İttifaqının aparıcı ölkələri, istərsə də ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin eyni ölkələr olduğunu nəzərə alsaq, onların növbəti görüşlərinin də nəticə verməyəcəyi istisna deyil. Həmin təşkilatların üzvü olan Fransanın tutduğu mövqe bunu bir daha təsdiqləyir. İkitərəfli, vasitəçi olmadan görüşlərin keçirildiyi halda tərəflər arasında bir-birinə etimad yarana bilər. Əks təqdirdə, sülh müqaviləsinin imzalanması xeyli uzanacaq.

N. BEYDİYEVA,

"Respublika".