Müstəmləkəçilik tarixinin çöküş dövrü başlayır
Siyasət

Müstəmləkəçilik tarixinin çöküş dövrü başlayır

Bəşəri dəyərlərin, sülh və təhlükəsizliyin prioritet olaraq müəyyən edildiyi XXI əsrdə hələ də XVII əsrin müstəmləkə təfəkkürünün mövcudluğu, koloniyaların olması müasir sivilizasiya üçün utancvericidir. Ələlxüsus, özünü dünyada insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın müstəmləkəçiliyi yeni mərhələyə - neokolonizasiya prosesinə daşıması müasir beynəlxalq hüquq qarşısında əsas problemlərdən biridir.

Fransanın qlobal gücü, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünya menecmentində yer alması, nüvə dövləti olması, beynəlxalq media infrastrukturu üzərində təsiri kimi amillər son dövrlərə qədər Parisi genişmiqyaslı tənqidlərdən sığortalayıb. Bu situasiya isə Fransada cinayətkarcasına özünəgüvənə səbəb olub və Parisin neokolonizasiya prosesini daha şiddətli formaya transformasiyasına gətirib çıxarıb. Asiya ölkələri və xüsusən İslam dünyasında insan haqlarının müdafiəsi və təmini ilə bağlı məsələləri təzyiq alətinə çevirən Fransa cəzasızlıq mühitindən yararlanaraq müstəmləkələrində sözün əsl mənasında hüquqsuzluq mühiti formalaşdırıb. Eyni zamanda, dəyişən reallıqlar fonunda Fransa təcavüzkar niyyətlərini genişləndirməkdə davam etmiş, xüsusən Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək üçün hüquqazidd fəaliyyətlərə start vermişdir.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə Prezident  İlham Əliyev demişdir: "Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır". Lakin Ermənistanın prosesdə aktivliyinə, daha doğrusu, alət kimi davranmasına baxmayaraq Fransanın neomüstəmləkəçi ideyaları Qafqazda arzuladığı və planlaşdırdığı istiqamətdə davam etmədi. Xüsusən Azərbaycanın Vətən müharibəsində Ermənistanın timsalında həm də əslində Fransanı məğlub etməsi Paris üçün əsl fiasko oldu. Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Parisin məğlubiyyətlə nəticələnən hücumlarının ardınca Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri cənab İlham Əliyevin cavab həmləsi isə Fransanın müstəmləkəçilik tarixində çöküş dövrünün başlanğıcı oldu.

2022-ci il noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edən cənab İlham Əliyev qlobal miqyasda ilk dəfə Fransanın əsl simasını ifşa etdi və Fransanın Əlcəzair xalqına qarşı törətdiyi və 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmiş zorakılığın, kütləvi qəddarlığın unudulmaması üçün ərəb-islam dünyasına çağırış etdi və bildirdi ki, "Biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".

Bu il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə ölkə başçımız prosesləri bir az da irəli apararaq Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.

Bu, Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə yeni mərhələ idi və proses özünün daha dolğun istiqamətdə nəticələrini çox gözlətmədi. 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Fransanın istismar etdiyi müstəmləkələrin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq üçün Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlmiş və yekun bəyannamə qəbul edilmişdi.

Sonrakı dövrdə Bakı Təşəbbüs Qrupu artıq Fransa müstəmləkəçiliyi ilə mübarizədə nüfuzlu platformaya çevrilməyə və məhz Azərbaycan Prezidentinin dəstəyi ilə uğurlu fəaliyyət nümunəsi ortaya qoymağa başladı. Bu il sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında "Dekolonizasiya: Sakit İnqilab" adlı konfrans, ardınca oktyabrın əvvəllərində BMT Baş Assambleyasının Siyasi və dekolonizasiya məsələləri üzrə 4-cü komitəsində Bakı Təşəbbüs Qrupunun məruzəsinin dinlənilməsi və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması baxımdan önəmli hadisələr oldu.

Bu günlərdə isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin iştirakı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfransın keçirilməsi təsisatın artıq müstəqil qlobal subyekt kimi özünü doğrultduğunu göstərməklə bərabər, həm də şər yuvasına çevrilmiş Fransa ilə onun anladığı dildə danışılmağa başlandığını göstərir.

Keçmiş müstəmləkələrində dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilələr edən, habelə hazırkı koloniyalarında insan hüquqlarını kobud şəkildə pozan Fransanın ifşa edilməsi, ayrı-ayrı bölgələrdə, o cümlədən Cənubi Qafqazda Parisin əsl simasının göstərilməsi çox önəmlidir. Hadisələrin inkişafı isə Azərbaycanın bu prosesdə fəallığının, Fransanın müstəmləkəçilik və yeni müstəmləkəçilik siyasətinə qarşı mübarizədə prinsipial mövqeyinin nə qədər əsaslı olduğunu təsdiq edir. Təsadüfi deyil ki, Bakı Təşəbbüs Qrupunun üzvləri etiraf edirlər ki, məhz cənab İlham Əliyevin qətiyyəti sayəsində BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli "Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik" adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan istifadə edərək hüquqlarını bərpa etmək imkanı qazanıblar.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.