BEYNƏLXALQ SİYASƏTİN LABORATORİYASI
Siyasət

BEYNƏLXALQ SİYASƏTİN LABORATORİYASI

Münxen Təhlükəsizlik Konfransı (MTK) beynəlxalq təhlükəsizlik siyasətini müzakirə etmək üçün dünyanın aparıcı forumudur. Bu konfransın məqsədi beynəlxalq təhlükəsizlik birliyi daxilində davamlı olaraq rəsmi və qeyri-rəsmi dialoqu davam etdirməklə etimad yaratmaq və münaqişələrin sülh yolu ilə həllinə töhfə verməkdir.

Bu gün MTK beynəlxalq təhlükəsizlik s

iyasətini müzakirə etmək üçün dünyanın aparıcı forumu hesab olunur. Həmin beynəlxalq platforma özünü fikir mübadiləsinin aparıldığı, bir növ, "ideya bazarı" kimi təqdim edir. O, dünyanın ən aktual təhlükəsizlik problemlərinin həlli, rəsmi və qeyri-rəsmi diplomatik təşəbbüslər və ideyalar üçün bir məkandır.

MTK həmçinin rəsmilər arasında qeyri-rəsmi görüşlər üçün məxfi yer təklif edir və beləliklə - ilkin şüarında olduğu kimi - dialoq vasitəsilə sülh qurur. İlk flaqman konfransına əlavə olaraq, MTK müntəzəm olaraq müəyyən mövzular və regionlar üzrə yüksək səviyyəli tədbirlər keçirir və Münxen Təhlükəsizlik Hesabatını, müvafiq rəqəmlər, xəritələr və mühüm çağırışlarla bağlı araşdırmalardan ibarət illik xülasə dərc edir.

Ümumiyyətlə, 1963-cü ildən keçirilən bu tədbirlərdə ilk illərdə əsasən müdafiə məsələləri müzakirə olunurdu. Konfransda Avropa dövlətləri və NATO-ya üzv olan ölkələrin rəhbərləri və müdafiə nazirləri iştirak edirdilər. Təsisçisi Adolf Hitlerə qarşı alman müqavimət hərəkatının fəal üzvü və sonralar ölkənin aparıcı naşiri və siyasi xadimi Evald Fon Klaystdır. O, təsis olunduğu ildən 1998-ci ilə qədər MTK-nın sədri vəzifəsini həyata keçirib. İlk onilliklərdə MTK əsasən alman siyasətçiləri və hərbçilərinin ABŞ və NATO üzv ölkələrindən olan həmkarları ilə fikir mübadiləsinin aparıldığı məkan olub. İştirakçıların coğrafi əhatəsi və müzakirə mövzularının genişliyi elə də böyük olmayıb. Soyuq müharibənin başa çatması ilə Münxen Təhlükəsizlik Konfransı coğrafi əhatəsini genişləndirərək və ənənəvi "Qərb dünyası"ndan kənara çıxaraq Mərkəzi və Şərqi Avropa, Rusiya, daha sonra isə Azərbaycan da daxil olmaqla yeni müstəqillik qazanmış ölkələri, o cümlədən Latın Amerikasını, Asiyanı, Yaxın Şərqi də öz dairəsinə cəlb etməyə başlayıb.

Münxen Təhlükəsizlik Konfransının Avropa kökləri olsa da, fəaliyyəti həm də qloballaşan dünyanı əks etdirir. MTK öz coğrafi müxtəlifliyini artırmağa və bütün müvafiq sferaları əhatə etməyə çalışır. Konfrans öz proqramlarına ən aktual təhlükəsizlik çağırışlarını daxil etməklə yanaşı, məsələnin hərtərəfli tərifini əhatə edir. Platforma təkcə ənənəvi milli və ya hərbi təhlükəsizliyi deyil, həm də təhlükəsizliyin iqtisadi, ekoloji və insani ölçülərini nəzərə alır.

Qlobal təhlükəsizliklə bağlı dünyanın əsas forumlarından biri olan Münxen Təhlükəsizlik Konfransı dünyada yaranmış vəziyyətlə bağlı "Hamımız məğlubuq" adlı illik məruzəsini təqdim edib. Bu il keçirilən konfransda 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən xeyli sayda hökumət nümayəndələri iştirak ediblər. İllik məruzəsinin adından da göründüyü kimi, kökləri Qərbə aid olan bu platforma, Avropanın və bütün dünya birliyinin "təhlükəsizlik yaratmaq" məsələsində məğlub olduqlarını etiraf edib. Daha doğrusu, Rusiya-Ukrayna, İsrail-Fələstin və Azərbaycan-Ermənistan arasında yaranan müharibələri alovlandırmağa meyilli olanlar, bu görüşün əsl məğlub olanlarıdır. Gözlənildiyi kimi, konfransın aparıcı mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, hazırda dünyanı daha çox düşündürən digər məsələlər də gündəmdə oldu. Onlardan biri də enerji təhlükəsizliyi məsələsidir. Konfransın iştirakçı ölkələri arasında bəlkə də yeganə qalib ölkə Azərbaycan idi. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini bir daha göstərdi. Dəyirmi masada ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə olub. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Konfrans çərçivəsində, Cənubi Qafqazın üç lideri ilk dəfə görüşdü. Plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini bildirdi. Prezident İlham Əliyev plenar iclasda Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb etdi. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir.

Aiza ŞABANOVA,

"Respublika".