Baş Prokurorluğun instaqramdakı səhifəsində canlı yayım keçirilib
Digər xəbərlər

Baş Prokurorluğun instaqramdakı səhifəsində canlı yayım keçirilib

Fevralın 15-də Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım keçirilib.

AZƏRTAC xəbər verir ki, vətəndaşlar arasında keçirilmiş sorğu zamanı maksimum səs yığan Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə canlı yayıma çıxaraq vətəndaşları maraqlandıran sualları cavablandırıblar.

İzləyicinin "Hər hansı məhkəmə baxışında zalda oturub prosesin gedişinə baxa bilərəmmi?" sualını cavablandıran Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev deyib ki, cinayət mühakimə icraatı Azərbaycan Respublikasında aşkarlıq prinsipinə əsaslanır. Əgər hər hansı bir cinayət işi üzrə şəxsi həyatın toxunulmazlığı ilə bağlı məsələlər, dövlət, peşə və kommersiya sirri təşkil edən məlumatlar varsa, yalnız bu halda məhkəmə iclası qapalı keçirildiyi üçün zalda kənar şəxslərin iştirakına icazə verilmir. Qalan bütün hallarda, yəni, əksər hallarda zalda oturmaqla ədalət mühakiməsinin həyata keçirilməsini canlı müşahidə etmək mümkündür.

"Tərtər işi" ilə əlaqəli zərərçəkənlər dindirilirmi?" sualını cavablandıran Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib ki, bu işlə bağlı aktiv cinayət işi davam etdirilir. İş üzrə təqsirli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər aparılır. Cinayət işi ilə bağlı 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verilməsi müəyyən olunub. Dörd nəfər barəsində Cinayət Məcəlləsinin maddələri ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova ötən il prokurorluq orqanları tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən sorğularla bağlı suala cavabında deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında müvafiq olaraq sorğu verən qurumların sırasında Azərbaycan Respublikası Prokurorluğu da müəyyən edilib. 2021-ci ildə Konstitusiya Məhkəməsinə Baş Prokurorluq tərəfindən üç sorğu verilib. Konstitusiya Məhkəməsinin müraciəti əsasında müvafiq olaraq 10 rəy məhkəməyə verilib. Bununla da Konstitusiya Məhkəməsi nəzarətinin həyata keçirilməsində prokurorluğun iştirakı təmin edilib. 2022-ci ildə bir ay yarım ərzində iki sorğu verilib. Hazırda onlar Konstitusiya Məhkəməsinin icraatına qəbul edilib və baxılacaq.

Digər məsələlərlə bağlı suallara cavabında Nemət Əvəzov deyib ki, Baş Prokurorluğun İstintaq idarəsində 114 qəsdən adamöldürmə cinayəti araşdırılır. Həmin cinayətlərdən 95-i bağlı qalmış qəsdən adam öldürmə cinayətləridir, 8-i isə ötən il açılıb.

İdarə rəisi qeyd edib ki, qanunsuz miqrasiya ilə məşğul olmaqda təqsirləndirilən yeddi nəfər istintaqa cəlb edilib. Belə qanunsuz miqrasiyanın təşkili və saxta sənədlərlə vizaların rəsmiləşdirilməsi faktı ilə bağlı cinayət işləri var. Bu işlər üzrə 7 nəfər barəsində cinayət işi başlanıb və 10-a yaxın şəxs isə axtarışa verilib. Axtarışlar zamanı müxtəlif dövlət qurumlarına aid 97 saxta möhür aşkarlanıb. Həmçinin xarici ölkələrdən qaytarılan şəxslərin hər birinin dindirilməsi prokurorluq tərəfindən təmin olunub.

Nemət Əvəzov vurğulayıb ki, 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslər barəsində axtarışlar davam etdirilir.

İdarənin rəisi diqqətə çatdırıb ki, ötən il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı istintaq davam etdirilir. Qəzanın pilotların səhlənkarlığı ucbatından baş verməsi müəyyənləşdirilib. Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularının aşkarlanması əsas hədəfdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib.

Nemət Əvəzov bildirib ki, özünü qondarma "Dağlıq Qarabağ" adlı qurumun rəhbəri kimi təqdim edən Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa cəlb edilməsi üçün lazımi tədbirlər görülür. O, 2020-ci ilin oktyabrında Gəncə şəhərində dinc əhaliyə qarşı törədilən dörd terror hücumunda təqsirləndirilir. Bu terror aktları Ermənistan ərazisindən törədilmişdi. Hadisə nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb. Oktyabrın 4-də Araik Arutyunyan sosial şəbəkələrdəki hesabından bu terror aktına görə məsuliyyəti üzərinə götürdüyünü elan edib. Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib.

"Hesab edirəm ki, A.Arutyunyan beynəlxalq konvensiyaya uyğun olaraq, qısa müddətdə istintaq və əməliyyat qrupları tərəfindən saxlanılaraq istintaqa təhvil veriləcək", - deyə idarə rəisi əlavə edib.

Canlı yayım zamanı sosial şəbəkə istifadəçilərinin Baş Prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı digər sualları cavablandırılıb.

AZƏRTAC