Sərhəd-nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüququdur
Digər xəbərlər

Sərhəd-nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüququdur

Dünyada bəlkə də Ermənistan qədər abır-həyadan, şərəf və ləyaqətdən uzaq ikinci bir dövlət yoxdur. Bu dövlət suveren ərazilərimizi 30 il işğal altında saxlayarkən BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməni icra etməyərək beynəlxalq hüquq və normaları ayaqlar altına atmışdı.

Bir zamanlar BMT qərarlarını heçə sayan İrəvan rəhbərliyi indi isə bu təşkilatın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər ünvanlayaraq "ədalət" axtarışına çıxıb. Halbuki, ədalət və düzgünlükdən xəbəri olmayan mənfur düşmənin bugünkü çıxılmaz vəziyyətə düşməsinin tək səbəbi iki yüz ildən bəri yürütdüyü işğalçılıq və separatizm siyasəti olub. Cənubi Qafqazda təcrid vəziyyətində yaşayan Hayastanın ən böyük səhvi azərbaycanlılara qarşı başlatdığı düşmənçilik olub. XX əsrdə sovetlərin dəstəyi ilə, həmin əsrin 90-cı illərində isə Rusiya, İran və bəzi Qərb ölkələrinin təsir dairəsində soydaşlarımıza qarşı soyqırımı, deportasiya, vəhşilik törədən ermənilər bunlar azmış kimi 20 faiz torpağımızı da işğal etmişdilər.

Etdikləri vəhşiliklərə görə heç bir beynəlxalq təşkilata cavab verməyən, onların qərarlarını heçə sayan Ermənistan indi nə oldu ki, qapı-qapı düşüb "ədalət" dilənir və beynəlxalq hüquqdan danışır? Xocalıda "ədalətin qəbiristanlığ"ını salan Ermənistan bu gün Qarabağda tam təhlükəsiz, dinc şəraitdə yaşayan ermənilərə dünyadan dəstək istəyir. Çünki artıq anlayırlar ki, regionun mənzərəsi 2020-ci ildən sonra tam olaraq dəyişib. Artıq qarşılarında kimlərinsə çıxaracaqları qərarları gözləyən Azərbaycan yox, qərar verib bunu dünyaya qəbul etdirən ölkə var.

2020-ci ilin payızında başlayan müharibədən sonra Azərbaycan hər kəsə sübut etdi ki, kənar qüvvələr iki ölkə arasına girməsələr Azərbaycan-Ermənistan münaqişəsi daha qısa zaman kəsiyində həll oluna bilərdi. Necə ki, biz bunu 44 günlük Vətən müharibəsində görmüş olduq. 30 ildə ATƏT-in keçmiş Minsk qrupu bir qarış torpağımızı belə işğalçıdan alıb geri verə bilmədi. Çünki ATƏT-ə sədrlik edən ABŞ, Fransa və Rusiyanın tək məqsədi münaqişəni uzadaraq, Azərbaycanı bu reallıqlarla barışdırmaq idi. Ancaq 6 həftəlik müharibədə Ermənistanın və onu himayə edənlərin xəyallarını puça çıxardan Azərbaycan Ordusu şanlı Zəfərlə yanaşı, həm də beynəlxalq ədaləti təmin etmiş oldu. ATƏT və onun kimi digər təşkilatın gələcək nəsillər üçün pis miras qoyduğu Qarabağ münaqişəsi beləcə başa çatdı.

Münaqişənin başa çatmasına baxmayaraq, hələ də Ermənistanda bəzi qüvvələrin revanşist xəyallarla yaşaması regionda yeni təhdidlər meydana gətirir. Bunlardan biri və ən əsası Qarabağda erməni hərbi birləşmələrinin tör-töküntülərinin fəaliyyət göstərməsidir. Üçtərəfli Bəyanata zidd olaraq hələ də Qarabağdan çıxmayan erməni qoşunlarının sülhməramlılar tərəfindən himayə olunması da sirr deyil. Ermənistanın əzilib məğlub olan ordusunu yenidən dirçəltməyə çalışan rus hərbçilər aradan keçən iki il yarım ərzində Laçın-Xankəndi yolundan sui-istifadə edərək bu dəhliz vasitəsilə uzun müddət Xankəndiyə silah-sursat, hərbi texnika, diversantlar daşıyıb. Həmçinin eyni xətt üzrə Azərbaycanın sərvətlərinin talan olunması və ətraf mühitə ziyan vurulması da müşahidə olunurdu. Buna cavab olaraq 2022-ci il dekabrın 12-dən başlayaraq bir qrup ekofəallar, QHT-lər və könüllülər Laçın-Xankəndi yolunda haqlı etiraz aksiyaları həyata keçirdilər. Bütün dünyanın diqqətinin yönəldiyi aksiyalar 4 aydan artıq davam etdi. Bu müddət ərzində sülhməramlı kontingentin və Beynəlxalq Qızıl Xaç Komitəsinin gediş-gəlişinə heç bir maneə qoyulmadı. Ancaq erməni fitnəkarlığı burada da öz sözünü demiş oldu. Azərbaycanın göstərdiyi humanizm prinsiplərinə təxribat və terrorla cavab verən Ermənistan həyasızlıq edərək Laçın yolunun blokadada olması ilə bağlı vəsatət qaldırmışdı. Lakin haylar Beynəlxalq Ədalət Məhkəməsindən lazımi cavab ala bilməmişdilər.

Bu il aprelin 23-də Ermənistanın Rusiya sülhməramlılarının müşayiəti ilə Laçın-Xankəndi dəhlizinə alternativ yollarla yenidən silah-sursat, hərbi texnika daşıması Müdafiə Nazirliyi tərəfindən aşkarlanaraq Laçın yolunun girişinə Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsi qurulmuşdu. Ermənistan mayın 12-də yenidən BƏM-ə müraciət edərək Həkəri çayı üzərində yerləşdirilən sərhəd-nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələb irəli sürmüşdü. Buna cavab olaraq 6 iyul 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsi İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın Tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib. Belə qərarın qəbul edilməsi bir daha onu göstərir ki, Azərbaycanın Laçın yolunun girişində sərhəd-nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərinin mühafizəsi üzrə suveren hüququdur. Ermənistan isə öz növbəsində belə hallardan dərs çıxarmalı, hadisələri manipulyasiya etmək əvəzinə, məntiqli və ağıllı davranaraq Qarabağdakı qeyri-qanuni hərbi dəstələrini bölgədən geri çəkməlidir. Əks halda bundan sonra baş verəcək hadisələr heç də Ermənistanın xeyrinə olmayacaq…

Musa BAĞIRLI,

"Respublika".