Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı keçirilib
Siyasət

Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı keçirilib

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimi keçirilib.

***

İyunun 20-də - "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci günündə "Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti" mövzusunda panel müzakirələri olub.

Panel iclasının moderatoru - Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqat Mərkəzləri Konsorsiumunun (CGIAR) icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş alimi İsmahane Elouafi iqlim dəyişikliyinin qarşısının alınması üçün hər bir sektorda görülə biləcək ən yaxşı işin emissiyaları azaltmaq və fəaliyyətin səmərəliliyini artırmaq olduğunu qeyd edib. Deyib ki, bunun üçün ərzaq və kənd təsərrüfatı sektoru həqiqətən dəyişdirilə bilər.

O bildirib ki, istixana qazlarının aradan qaldırılmasına böyük töhfə verə biləcək fəaliyyət həyata keçirmək və beləliklə, bəşəriyyətin iqlim dəyişikliyi problemini həll etmək üçün irəli sürülən həllərin tərkib hissəsi məhz kənd təsərrüfatı sisteminin səmərəli fəaliyyətidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin son illərdə təbii fəlakətlərin aqrar sektora 3 trilyon dollardan çox zərər vurduğunu deyib. Qeyd edib ki, kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyi, həmçinin iqlim dəyişikliyi, pandemiya, epidemiya və silahlı münaqişələrdən də zərər çəkir.

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova diqqətə çatdırıb ki, ölkəmizin kənd təsərrüfatı sektoru iqlim dəyişikliyi, o cümlədən temperaturun dəyişməsi, yüksəklikdə yağıntıların norması və ekstremal hava hadisələrinin artması ilə bağlı əhəmiyyətli risklərlə üzləşir.

Ölkəmizdə kənd təsərrüfatı sahəsində tərəfdaşlıq sistemi haqqında məlumat verən nazir müavini deyib: "Buna görə də COP29-da ərzaq təhlükəsizliyi və qida məsələləri ilə bağlı bu çağırış bizim üçün vacibdir. Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsuldarlığını, ərzaq təhlükəsizliyini və kənd icmalarının rifahını yaxşılaşdırmaq əsas məqsədidir. Azərbaycanın hazırda bütün dünyada iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələlərinə sadiqliyini bildirən Prezident İlham Əliyevin 2024-cü ili ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi buna bariz nümunədir".

İ.Qədimova vurğulayıb ki, hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi ilə dronlar, robotlaşdırılmış texnika və elmin ən yeni nailiyyətləri tətbiq olunur. Bu isə ərzaq və qida təhlükəsizliyinə töhfə verir.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç COP29-dan yüksək nəticə gözlədiyini deyib. Bildirib ki, hazırda bütün dünyada meyvə və su problemi var. "Biz bilirik ki, qlobal miqyasda istehsal olunan ərzaq məhsullarının təqribən 40 faizi israf edilir, hər bir ölkədə həddindən artıq ərzaq istehsalı baş verir. Ərzaq çatışmazlığı yoxsul ölkələrdə insanların həyatı və sağlamlığı üçün təhlükəli, ölüm halları doğuran səbəblərdəndir", - deyə o əlavə edib.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz əl-Tüveycri bütün dünya əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunmasının zəruriliyini vurğulayıb. O, COP29-un da bu istiqamətdə atılan mühüm addım olacağına inandığını bildirib.

COP29-un əhəmiyyətini vurğulayan Əbdüləziz əl-Tüveycri bildirib ki, bu tədbir bütün dünya dövlətlərini aclıq və müharibələrdən əziyyət çəkən ölkələri dəstəkləməyə çağırmaq üçün bir vasitədir. Ərzaq çatışmazlığından əziyyət çəkən ölkələri dəstəkləmək bütün bəşəriyyətin gələcəyinə veriləcək dəstəkdir.

Panel iclası mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

***

"COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının növbəti panel iclasında "İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi" mövzusunda müzakirələr aparılıb.

Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti Hafez Qanemin moderatorluğu ilə keçirilən panel iclasda çıxış edən COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dünyanın inkişaf etmiş ölkələrinin iqlim dəyişikliklərinin maliyyələşdirilməsini qrant layihələri formasında həyata keçirdiklərini bildirib. İnkişaf etmiş ölkələrin iqlim dəyişikliyi zamanı necə hərəkət etdiklərini və bu sahədə maliyyələşdirmənin nə qədər böyük olduğunu görməliyik. BMT-nin yaz sessiyasının iclasları göstərdi ki, orada resurs var. Deməli, maddi vəsait artıq mövcuddur, lakin onu bazarlara çatdırmaq mexanizmi yoxdur.

Y.Rəfiyev qeyd edib ki, sözügedən bu sahədə özəl sektorun da iştirakı çox vacibdir. "Biz təkcə dövlət vəsaitinə güvənməməliyik, çünki söhbət gedən mükafatları, milyardları təkcə dövlət vəsaitlərinin resursları hesabına ödəmək mümkün deyil. Biz mütləq özəl sektoru COP29-a cəlb etməliyik. Bir sıra ölkələrdə iki istiqamətə və potensial investorlara, həmçinin korporativ sosial məsuliyyət portfelinin bir hissəsi kimi korporativ sosial məsuliyyətə ehtiyac duyulur. Digər bir məsələ dövlətlərin ölkə platformaları kimi bəzi təşəbbüslərlə çıxış etmələri, bəzi təşəbbüslər irəli sürmələridir", - deyə nazir müavini əlavə edib.

COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib ki, bir sıra ölkələr yer üzünü çirkləndirdikləri üçün hələ də inkişaf edirlər. Onların mövcud olan istixana qazlarından istifadə etmək imkanları yoxdur. Bir sıra dövlətlərin mövqeyi isə dünya ictimaiyyətinin gələcəyinə daha çox uyğun gəlir. Çünki onların tutduqları yol hər bir dövlətin milli maraqlarına uyğundur.

Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov qeyd edib ki, Avropada (müsəlmanların sayı 44 milyon nəfərdir) və ABŞ-da (müsəlmanların sayı hazırda 3,5 milyon nəfərdir), ümumiyyətlə, dünyada İslam maliyyələşməsi sürətlə genişlənir. 2060-cı ilədək dünyada müsəlmanların sayı 3 milyard nəfərə çatacaq.

"Son illərdə İslam İnkişaf Bankının maliyyə vəsaiti 4 dəfə artıb. Hazırda İslam İnkişaf Bankının əməliyyat kapitalı 70 milyard dollar təşkil edir", - deyən sabiq nazir bildirib ki, bu, demək olar məcburi deyil, xeyriyyə təşkilatlarından könüllü şəkildə, fondlara islami ianələrdən yığılan vəsaitdir. Yoxsulluğun aradan qaldırılması üçün İslam sosial maliyyəsinin potensialı çox böyükdür.

"Mən xüsusilə buna diqqət çəkmək istəyirəm. Çünki müsəlman əhalinin sayı dünyada artacaq və buna görə də bizim xüsusi diqqətə ehtiyacımız var. Çünki bu gün müsəlman ölkələrində iqlim böhranı artır", - deyə o qeyd edib.

Tədbir müzakirələrlə davam edib.

***

"COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci gününün sonuncu - 4-cü panel iclası "Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək" mövzusunda olub.

İclasın moderatoru - Serbiyanın sabiq Prezidenti Boris Tadiç bildirib ki, sağlamlıq və iqlim dəyişikliyinin kəsişməsi dövrümüzün ən kritik çağırışlarıdır. İqlim dəyişikliyi mövcud sağlamlıq təhdidlərini gücləndirir və yeni risklər yaradaraq ən həssas əhaliyə qeyri-mütənasib şəkildə təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, insanın fiziki vəziyyəti yaxşı olanda xəstəlikdən danışmır. Beləliklə, bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır. COVID-19 bunu bizə çox yaxşı öyrətdi. COVID-19 bizə elə böyük sarsıntı yaşatdı ki, bu, bizdə çox primitiv bir amili - yaşamaq instinktini işə saldı.

"Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, COVID-19 bizə təxminən 14 trilyon dollara başa gəlib. Təkcə karantin xərcləri qlobal ÜDM-in 9 faizini təşkil edirdi. Biz etimad institutlarının itirilməsinin hələ də davam edən ictimai iğtişaşların və çoxtərəfli qərarların qəbuluna təsirlərinin dəyərini hesablaya bilmirik.

İndi biz COP29 adlı başqa bir çoxtərəfli qərar qəbuletmə prosesinə hazırlaşırıq. Söhbət, şübhəsiz ki, ekzistensial problemdən, iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçıb qapıları bağlamağa yer yoxdur", - deyə o vurğulayıb.

Sloveniyanın sabiq Baş naziri Borut Pahor deyib ki, COP29-un ən güclü dəstək ola biləcəyi istiqamət vahid sağlamlıq yanaşması olar. Düşünürəm ki, biz COVID-19 böhranı zamanı beynəlxalq əməkdaşlığın son dərəcə vacib olduğunu gördük.

Qeyd edək ki, işini iyunun 21-də yekunlaşdıracaq tədbirin panel müzakirələrindən ikisi Zəngilan rayonunda təşkil olunacaq.