Azərbaycanın polad magistralının sürətli inkişaf mərhələsi
Digər xəbərlər

Azərbaycanın polad magistralının sürətli inkişaf mərhələsi

13 oktyabr Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günüdür

Azərbaycan Prezidenti  İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı kimi təsis olunub. Dəmiryolçular hər il bu günü təntənə ilə qeyd edirlər.

Azərbaycanda ilk dəmir yolu xəttinin çəkilməsi XIX əsrin 70-ci illərində neftin daşınması və neft sənayesinin sürətli inkişafı ilə əlaqədar olmuşdur. Abşeronda əsas neftçıxarma rayonlarından (Sabunçu, Suraxanı, Balaxanı, Bibiheybət) neftin Bakı neftayırma zavodlarına, sonralar isə Rusiyanın mərkəzi rayonlarına və dünya bazarına nəql olunması neft sənayeçiləri üçün mühüm əhəmiyyət kəsb edirdi. Çar hökuməti Nazirlər Kabinetinin 1878-ci il iyunun 16-da keçirilən iclasında Cənubi Qafqaz dəmir yolunun - "Neft sahəsində" dəmir yolunun tikinti layihəsi təsdiq olundu. Bakını Balaxanı, Sabunçu və Suraxanı mədənləri ilə birləşdirən 23,2 kilometr uzunluğunda dəmir yolu xətti bir il altı ay ərzində tikilərək 1879-cu ilin dekabrında istifadəyə verildi. 20 yanvar 1880-ci ildə isə dəmir yolu xəttinin rəsmi açılış mərasimi oldu. Dünya tarixində ilk dəfə olaraq sisterna vaqonları ilə neftin daşınması məhz bu dəmir yolu xəttində tətbiq edilmişdir. Azərbaycanda neft sənayesinin sürətli inkişafı Bakı-Tiflis və Bakı-Dərbənd dəmiryolu xətlərinin tikintisinə səbəb olmuşdur. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmir yolu magistralının çəkilişinə  başlanıldı.

Azərbaycanın polad magistralı bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilmiş, sonralar müstəqil dəmir yolu kimi sərbəst fəaliyyət göstərmişdir. 1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Azərbaycan dəmir yolu yaradılmışdır. SSRİ Yollar nazirinin 1945-ci il 28 iyul tarixli əmri ilə Azərbaycan dəmir yolu 1945-ci ilin oktyabın 1-dən təşkil edilmişdir. XX əsrdə dünya dəmir yol təsərrüfatının bütün texniki və texnoloji yenilikləri Azərbaycanda da uğurla tətbiq olunmuşdur. Keşmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xəttinin (U=1500 V) məhz Bakı-Suraxanı-Sabunçu xəttində 6 iyul 1926-cı ildə istismara verilməsi Azərbaycan dəmiryolçularının parlaq qələbəsi idi. Respublikanın dəmir yol təsərrüfatı SSRİ-nin nəhəng polad magistral şəbəkəsinin ən vacib hissələrindən biri kimi inkişaf etmiş, beynəlxalq və yerli daşımalarda ən qabaqcıl mövqe tutmuşdur.

Respublikamızda dəmir yolunun inkişaf tarixinin mühüm bir hissəsi görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsində dəmiryol şəbəkəsinin maddi-texniki bazası genişlənərək respublika iqtisadiyyatının hərtərəfli inkişafının təmin olunmasına mühüm töhfələr vermişdir. Məhz onun diqqət və qayğısı nəticəsində XX əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə yüksəlmişdir. Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev istər Azərbaycana rəhbərlik edərkən, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən ölkədə dəmir yolu fəaliyyətini həmişə diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi diqqət, qayğı göstərmişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Qafqazda ən böyük çeşidləyici stansiyalardan biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Ələt deposu, konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu, digər dəmir yolu stansiyaları və xətti müəssisələri tikilib istismara verilmişdir. Ardıcıl görülən işlər nəticəsində Azərbaycanda dəmiryol nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılmışdır. Bu dövrdə Azərbaycan dəmir yolunun maddi-texniki bazası genişləndirilərək mütərəqqi texnologiyaların tətbiqi ilə yeni dəmir yolu xətlərinin və müəssisələrinin tikilib istismara verilməsi ön plana çəkildi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Avropa və Asiya ölkələri ilə yeni iqtisadi əlaqələr yaratmağa başladı. Beynəlxalq yüklərin daşınması üçün öz imkanlarını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Dəmir Yolu İdarəsi beynəlxalq təşkilatlara müraciət etdi. İlk növbədə Azərbaycan 1993-cü ilin may ayında Brüssel şəhərində keçirilən Avropa Beynəlxalq Cəmiyyətləri konfransında Avropa Birliyinin maliyyələşdirdiyi TRACECA proqramına qoşuldu. Azərbaycan Dəmir Yolu 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən isə Beynəlxalq Dəmir Yolları İttifaqının üzvlüyünə qəbul olundu.

Azərbaycan Dəmir Yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də lazımi tədbirlər görülməkdədir. 21 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi haqqında Sərəncam imzalamışdı. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallığa çevrilmiş və 30 oktyabr 2017-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət və hökumət rəhbərlərinin iştirakı ilə təntənəli surətdə istismara verilmişdir. Bu yol infrastrukturu Avropa ilə Asiya qitələri arasında nəqliyyat əlaqələrini yaratmaqla bərabər, yeni logistik əlaqələrin və biznes imkanlarının yaranmasına və ticarətin artmasına da xidmət edir.

Azərbaycanda dəmir yollarına qoyulan investisiyaların səmərəliliyinin yüksəldilməsi, infrastruktur xidmətlərinin və beynəlxalq marşrutların strateji əhəmiyyətinin artırılması məqsədilə 21 may 2020-ci il tarixində "Azərbaycan Dəmir Yolları" QSC ilə ABŞ-ın "McKinsey end Compani" aparıcı şirkəti arasında "2030 Korporativ Strategiya"sının hazırlanmasına dair müqavilə imzalanıb. Azərbaycanda dəmir yol nəqliyyatında aparılan islahatlar və qazanılan nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yolları səmərəliliyi baxımından dünyada 12-ci yerdə, keyfiyyətinə görə isə 34-cü yerdə qərarlaşıb. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, ölkə iqtisadiyyatının inkişafında mühüm yer tutan "Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq və regional layihələrdə iştirak edərək, 142 il ərzində yaranan maddi-texniki bazasını möhkəmləndirərək, ölkənin irihəcmli yük və sərnişin daşımalarına olan tələbatını təhlükəsiz və keyfiyyətlə yerinə yetirir.

Azərbaycan dəmir yolu sahəsində tranzit, böyük logistik mərkəzə çevrilib. Şərq-Qərb, Şimal-Cənub və digər beynəlxalq əhəmiyyətli dəhlizlərin reallaşmasında  bölgədə və regionda aparıcı rol oynayır.

Bu gün dəmir yolu şəbəkəsinin genişləndirilməsi işləri  dövlət başçısı,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi,  şanlı ordumuzun, qəhrəman vətən oğullarımızın şücaəti  sayəsində işğaldan azad olunmuş ərazilərdə uğurla həyata keçirilir.

Əzəli yurd yerlərimizdə dəmir yolu infrastrukturu yenidən qurulur. Belə layihələrdən biri  Horadiz-Ağbənd dəmir yolu xəttidir. Bu yol Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək. Bununla da, Naxçıvandan keçməklə bu dəmir yolu Azərbaycanı Türkiyə ilə də birləşdirəcəkdir. Bu xəttin uzunluğu 114 kilometrə bərabərdir. Bundan başqa, Horadiz stansiyası ilə yanaşı, 7 stansiya da yenidən tikilir. Dəmir yolu xəttinin   ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturun yenidən qurulması işlərini ölkə başçısı diqqətdə saxlayır, görülən işlərlə maraqlanır və bu layihələrin təməlqoyma mərasimlərində şəxsən iştirak edir.

Oktyabr ayının 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfərləri çərçivəsində Dəmir yolu və Avtovağzal Kompleksi tikintisinin təməlini qoyublar. Bu kompleksin istifadəyə verilməsi Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Yeni dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan yaradacaqdır.

Bu gün ölkədə dəmir yolunun genişləndirilməsi və inkişafı üçün genişmiqyaslı layihələr uğurla icra olunur. Beynəlxalq dəmir yolu dəhlizlərinin reallaşmasında Azərbaycan müstəsna rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasındakı çıxışında ölkələrimiz arasında nəqliyyat-tranzit  sahəsində  əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd olunub ki, artıq fəaliyyətdə olan, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, ilk növbədə dəmir yolu kommunikasiyalarımızı daha sıx birləşdirəcək. Və eyni zamanda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin bir hissəsi olacaq. Çox böyük potensiala malik olan Şimal-Cənub dəhlizi Azərbaycandan keçir. Qovşaq nöqtələrində  bu iki dəhliz kəsişir və Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin genişləndirilməsinə imkan yaradır.

Əli SADIQOV,

"Respublika".