Azərbaycanın növbəti diplomatik qələbəsi
MÜSAHİBƏLƏR

Azərbaycanın növbəti diplomatik qələbəsi

Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron,  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi. Ağır keçən müzakirələrin yekunu olaraq, qəbul edilən bəyanatda tərəflər BMT nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyan 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyi təsdiq edirlər.

Alma-Ata bəyannaməsi keçmiş SSRİ-nin 12 respublikası tərəfindən imzalanmışdır. Bu isə o deməkdir ki, Ermənistanla yanaşı, Avropa liderləri də Azərbaycanın Qarabağ daxil ərazi bütövlüyünü tanıyır və sülh danışıqları Prezident İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında aparılacaqdır.

Sənəddə diqqətçəkən məqamlardan biri Ermənistanın Azərbaycanla sərhəddə Avropa İttifaqının missiyasının fəaliyyətə başlamasına razılıq verməsidir. Bu missiyanın Ermənistana buraxılması, Fransanın Cənubi Qafqaza daxil olması Paşinyanın Qərbə yönəlik siyasətinin davam edəcəyini göstərir. Çətin ki, onun davranışları ənənəvi müttəfiqi Rusiya Federasiyası tərəfindən müsbət qarşılansın. Bu baxımdan düşünürəm ki, qonşu ölkədə müəyyən sürprizlərin baş verməsi mümkündür. Prezident İlham Əliyev isə tam haqlı olaraq, belə bir missiyanın ölkə daxilində fəaliyyətinə razılıq vermədi. Sadəcə ölkəmizin milli maraqları çərçivəsində sözügedən missiya ilə əməkdaşlığın mümkünlüyünü bildirdi. Çünki həmin Fransanın da üzvü olduğu Minsk qrupunun bədnam fəaliyyətini Azərbaycan xalqı unutmayıb. Faktdır ki, istənilən xarici dövlətin və yaxud beynəlxalq təşkilatın müdaxiləsi suveren hüquqların məhdudlaşdırılması deməkdir. Ermənistanın isə müstəqil dövlət olmaması və çoxsaylı xarici aktorlardan asılı olduğu heç kimə sirr deyil.

“Avropa siyasi birliyi” Zirvə Toplantısı Azərbaycanın diplomatik qələbəsi, sülh istiqamətində atılmış növbəti addım kimi qiymətləndirilməlidir.

Zirvə Toplantısında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev tandemi dostlarımıza qürur, inam hissi yaşatdı. Birmənalı demək olar ki, toplantının yüksək səviyyədə keçməsinin əsas səbəblərindən biri də sentyabr ayının 12-13-də erməni təxribatlarına verilmiş cavab idi. Paşinyan başa düşdü ki, arxayın olduğu Qərbin müəyyən dairələri belə əlahəzrət faktın qarşısında acizdir.

Praqa görüşləri bir daha göstərdi ki, mövcud şəraitdə Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əvəzolunmaz müttəfiqdir. Prezident İlham Əliyev etibarlı, stabil, sözü ilə əməli üst-üstə düşən və müstəqil siyasət aparan prinsipial Liderdir.

 

Nəsib MƏHƏMƏLIYEV,

Milli Məclisin deputatı.