Azərbaycanın ərəb ölkələri ilə əlaqələri tarixi-mədəni köklərə əsaslanır
Siyasət

Azərbaycanın ərəb ölkələri ilə əlaqələri tarixi-mədəni köklərə əsaslanır

Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri mütəmadi olaraq ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Eyni zamanda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında ərəb ölkələri ilə əməkdaşlıq edir. Dövlətimiz ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu baxımdan, ərəb dövlətləri ilə ölkəmiz arasındakı münasibətlərdə yeni mərhələnin başladığını deyə bilərik.

Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər isə xüsusilə diqqət çəkir. Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. İki ölkə arasında münasibətlərin dostluq zəminində inkişafı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir.

Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Bu ölkənin "Dar əl-Bir" Xeyriyyə Cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan Xeyriyyə Təşkilatı kimi humanitar qurumlar tərəfindən 30 ilə yaxın müddətdə məcburi köçkün soydaşlarımıza müntəzəm olaraq humanitar yardımlar göstərilib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib. 2016-cı ildə "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş", "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Ticarət sahəsində də qarşılıqlı razılaşmalar mövcuddur. Belə ki, 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək üçün "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Ölkəmizdə isə BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır. İki ölkə arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması isə şübhəsizdir. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Bu ilin mart ayında təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyasının icrası, Qarabağ bölgəsində, həmçinin Xəzər dənizində, o cümlədən sahilə yaxın adalarda külək və günəş enerjisi layihələri, "yaşıl" hidrogen və enerji səmərəliliyi üzrə əməkdaşlıq məsələləri də tez-tez iki ölkə rəsmiləri səviyyəsində müzakirə edilir. Yüksək səviyyəli ikitərəfli əlaqələrimizin ən bariz nümunəsi isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərarın məhz BƏƏ-də qəbul edilməsidir.

Ölkəmizin digər ərəb ölkəsi olan Səudiyyə Ərəbistanı ilə mədəni əlaqələri hələ sovet dövründən mövcud olub. O vaxtlar ərəb dili, tarixi və mədəniyyətinin araşdırılmasına xüsusi maraq olub. Müstəqillik dövründə də bu sahədə münasibətlər artan templə davam edib. 2007-ci ildə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad, Ciddə və Dəmmam şəhərlərində Azərbaycanın mədəniyyət günləri keçirilib. İki ölkənin əməkdaşlığı isə sadəcə mədəniyyət sferası ilə məhdudlaşmır. İqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. Yaxın dövrdə tərəflər arasında energetika sahəsində Əməkdaşlıq Sazişi imzalanıb. Bütün bunların nəticəsində Səudiyyə Ərəbistanı Azərbaycanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsinə kömək göstərəcəyini açıqlayıb. Yanvarın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əlvadeyi arasında "Maliyyə Yardımı Memorandumu" imzalanıb. Bu ölkənin Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli deyib ki, proses azad edilən ərazilərdə son mina məhv edilənədək davam edəcək.

Ölkəmizin ərəb dövlətlərinin beynəlxalq təşkilatı olan Ərəb Dövlətləri Liqası (ƏDL) ilə də dərin əməkdaşlıq əlaqələri var. Liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma Memorandumları əsasında əməkdaşlıq edir. Azərbaycanın ərəb ölkələri ilə siyasi-diplomatik münasibətlərinin yaxşılaşması isə investisiya və ticarət əlaqələrinin artması ilə nəticələnir. Nəzərə almaq lazımdır ki, Ərəb Liqasına daxil olan ölkələrin bir hissəsi iqtisadi cəhətdən yoxsul, digər bir hissəsi iqtisadi cəhətdən varlı ölkələrdir. Hər iki amil Azərbaycanın gələcək ticarət strategiyasının həyata keçirilməsində mühüm rol oynayacaq. Azərbaycanın bitki və heyvan mənşəli, hazır ərzaq məhsulları iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr üçün potensial bazardır. Zəngin neft-qaz resurslarına malik olan ərəb ölkələrinin bazarında ciddi rəqabətin olması şübhə doğurmur. Sözügedən ölkələrin ərzaq məhsullarına olan tələbini nəzərə alaraq, ərəb ölkələrinə ixracı diversifikasiya etmək mümkündür.

Jalə QASIMZADƏ,

"Respublika".