Musiqi mədəniyyətimizin görkəmli siması, bəstəkar, Xalq artisti Arif Məlikov
Mədəniyyət

Musiqi mədəniyyətimizin görkəmli siması, bəstəkar, Xalq artisti Arif Məlikov

Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük həvəs göstərən Arif təhsil aldığı Bakı Musiqi Məktəbinin ən nümunəvi tələbələrindən biri olub. Sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. 1960-cı ildən burada pedaqoji fəaliyyətə başlayıb. Ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında professor və bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışan Arif Məlikov musiqi tariximizə dəyərli əsərləri ilə böyük töhfə verib.   

1960-cı illərdə Türk şairi Nazim Hikmətin librettosu əsasında yazılmış ilk böyük əsəri - "Məhəbbət əfsanəsi" baletidir. Əsər Arif Məlikova dünya şöhrəti qazandırıb. Dahi rus bəstəkarı Dmitri Şostakoviç balet haqqında yazıb: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkişafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir".

Arif Məlikov "Məhəbbət əfsanəsi"ndən əlavə, "Ölümdən güclü", "Yer üzündə iki nəfər", "Əlibaba və qırx quldur", "İki ürək dastanı ", "Yusif və Züleyxa" kimi əsərlərin müəllifidir.

Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti Şərq əfsanəsi üzrərində qurulub. Sənətin əbədiliyinin rəmzinə çevrilən əsər rəqqasə Komde və müğənni Modan haqqındadır.

Arif Məlikovun əsərləri Azərbaycan musiqisinin dünya səviyyəsində tanınmasında əhəmiyyətli rol oynayır. Müəllif "Sehrli xalat", "Axırıncı aşırım", "Ulduzlar sönmür", "Qərib cinlər diyarında" və s. kimi filmlərə də musiqilər bəstələyib.

Görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət", "İstiqlal", "Heydər Əliyev" ordenləri ilə təltif olunmuş Arif Məlikovun musiqiləri, romantizmin və rəngarəng hisslərin mükəmməl təcəssümüdür. Onun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" 2016-cı ildə çap olunub. Bəstəkarın yaradıcılığı yalnız Azərbaycanla məhdudlaşmır, onun əsərləri 20-dən çox ölkədə ifa olunub.

Bəstəkar Arif Məlikov 9 may 2019-cu ildə 86 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn edilib. Arif Məlikovun müxtəlif janrlarda yazdığı əsərləri Azərbaycan musiqi tarixində mühüm yer tutur.

Nurcan SÜLEYMANOVA,

  "Respublika".