“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının 2-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”na uyğun olaraq təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Ağdərə, Ağdam, Kəlbəcər, Tərtər, Xocalı və Goranboy rayonlarının icra hakimiyyətləri ilə birlikdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanunu ilə yeni müəyyən edilmiş sərhədlər yerdə (naturada) dəqiqləşdirilərək mərzçəkmə işlərinin yerinə yetirilməsini bir il müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 720) 1.6-cı bəndinə “Ağdam,” sözündən sonra “Ağdərə,” sözü əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 dekabr 2023-cü il.