Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası
Siyasət

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası

Martın 13-də Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və Qazaxıstan arasında ikitərəfli siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Hər iki ölkənin energetika, nəqliyyat sahələrində strateji layihələr üzərində çalışdığını qeyd edən F.Şəfiyev deyib: "İkitərəfli ticarət dövriyyəsinin, eləcə də Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi artır. Son iki il ərzində Orta Dəhlizlə bağlı gömrük sahəsində, eləcə də bürokratik sahədə mövcud maneələrin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin şahidi oluruq".

Türk Dövlətləri Təşkilatının qlobal çəkisinin artdığını deyən Fərid Şəfiyev Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: "Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində, həmçinin Şuşaya getməsi, eləcə də Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirakı işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinə dəstəyin təzahürüdür".

İntellektual çevrələr arasında ortaq fəaliyyətlərin zəruriliyini önə çəkən Fərid Şəfiyev BMTM-in bu istiqamətdə təşəbbüslərə açıq olduğunu deyib.

Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov Ekspert Şurasının iclaslarını iki ölkənin liderləri tərəfindən başladılan prosesin məntiqi davamı kimi səciyyələndirib. Onun sözlərinə görə, yeni regional və subregional reallıqların yaratdığı çağırışlara uyğun olaraq, beyin mərkəzləri hazırlıqlı olmalıdır. Gənclər siyasəti ilə bağlı problematikanın önə çəkilməli olduğunu deyən Y.Tukumov gənclər arasında təmaslarına artırılmasının vacibliyini diqqətə çatdırıb.

O, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının yaxınlaşmasında Azərbaycan və Qazaxıstanın açar rolu oynamalı olduğunu bildirib.

Y.Tukumov intellektual çevrələr arasında fikir mübadilələrinin davam etdirilməsinin, ekspert diplomatiyasının vacibliyini vurğulayıb.

İclasda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, icra edilməkdə olan irimiqyaslı layihələr konkret regionlarla yanaşı, həm də qlobal səpkidə mühüm töhfələr verəcək. A.Bayel həm də Qazaxıstandan elektrik enerjisinin Azərbaycan vasitəsilə Avropaya ixracının mümkünlüyü məsələsinin müzakirə edildiyini deyib.

Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov ortaq dəyərlərin ölkələrarası sıx əməkdaşlıq üçün zəmin formalaşdırdığını diqqətə çatdırıb.

Daha sonra Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Aydos Sarım, Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə, Beynəlxalq Türk Akademiyasının baş eksperti Timur Kozırev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Roza Bayramova və Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Asiyaşünaslıq şöbəsinin müdiri Aydar Kurmaşevin çıxışları dinlənilib.