Azərbaycan-Konqo əlaqələri yeni dövrə qədəm qoyur
Siyasət

Azərbaycan-Konqo əlaqələri yeni dövrə qədəm qoyur

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri baş tutdu. Prezident İlham Əliyev danışıqlar zamanı bildirdi ki, gündəliyimiz çox genişdir və iki ölkə arasında siyasi, iqtisadi, investisiya, energetika və digər sahələr haqqında müzakirələr aparılıb və mövqelər üst-üstə düşür. Konqo prezidenti isə öz növbəsində bildirdi ki, Azərbaycan və Konqo münasibətləri ilə bağlı böyük potensial var və bu hər iki xalqın inkişafına töhfə verə bilər.

Konqo Prezidentinin Azərbaycana səfərindən əvvəl qarşılıqlı surətdə nümayəndə heyətlərinin müvafiq olaraq Azərbaycana və Konqoya səfərləri baş tutmuş, hazırlıq prosesi ilə bağlı tədbirlər görülmüşdü. Hələ səfərdən əvvəl məhz nümayəndə heyətləri səviyyəsindəki səfərlər, görüşlər və qarşılıqlı maraq amili artıq bu proqnozu verirdi ki, Prezident Deni Sassu-Nqessonun səfəri çərçivəsində aparılacaq danışıqlar uğurla keçəcək. Məhz gözlənilən kimi də oldu və görüş, həmçinin razılaşmalardan məmnunluq demək olar ki, hər iki dövlət başçısının özü tərəfindən də bildirildi.

Səfər zamanı imzalanan "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə" gələcək münasibətlər üçün sağlam bünövrə rolunu oynayacaq. Çünki hər iki dövlət bu münasibətlərin inkişafında maraqlıdır və müvafiq gözləntilər onun yüksələn tendensiyasına öz töhfəsini verəcəkdir. Bəyannamə ilə yanaşı, Dövlət Neft Şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu və digər sənədlər, həmçinin ətraf mühit və iqlim dəyişmələri üzrə imzalanmış Niyyət Protokolu iki dövlət arasındakı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi.

Konqo Respublikası ilə münasibətlərin sadəcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da inkişaf etdirilməsi, xüsusilə də BMT, Qoşulmama Hərəkatı kontekstində əməkdaşlıq  iki dövlətin qarşılıqlı müəyyənləşdirdiyi maraqlara xidmət edəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi hələ yanvar ayında başa çatdı və sədrlik müddətində Azərbaycan həm kəmiyyət, həm də keyfiyyət baxımından hərəkatın inkişafına və təkmilləşməsinə səy göstərmiş və buna nail olmuşdur. Qeyd edilməlidir ki, məhz Azərbaycanın sədrliyi dönəmində onun təşəbbüslərinin nəticəsi olaraq Qoşulmama Hərəkatının institusional formalaşması özünün pik həddinə çatmışdır. Azərbaycanın sədrliyi dönəmində fəaliyyətinin əsas istiqamətlərindən biri neokolonializmə qarşı mübarizə idi və artıq Azərbaycan bayrağı neokolonial siyasətə qurban olmaq istəməyən bir sıra dövlətlərin azadlıq meydanlarında özünə yer tapır. Çünki Azərbaycan özünün tarixi ilə, ələlxüsus Qarabağ əzmi və zəfəri ilə bütün dünya dövlətləri üçün örnəkdir. Müstəqillikdən, Vətən torpağından daha əziz heç nə yoxdur və onu mütləq qorumaq lazımdır.

Azərbaycan Prezidenti Konqo Prezidentinin səfərini tarixi səfər adlandırdı. İlk dəfə baş tutan bu səfərin detallarından aydındır ki, Azərbaycan Konqoda investisiya layihələrində yer alacaq. Çünki kənd təsərrüfatından  energetikaya, mədənçilikdən enerjiyə kimi olduqca əlverişli mühit mövcuddur. Bu münasibətlərin inkişafı Azərbaycanın öz növbəsində beynəlxalq aktor rolunu gücləndirməsinə də töhfə verərək, mövqeyimizi gücləndirəcək.                

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.