Azərbaycan
İqtisadiyyat

Azərbaycan "Bağlantılar üzrə əməkdaşlığın dərinləşdirilməsi üzrə Pekin Təşəbbüsü"nə qoşulub

Energetika naziri Pərviz Şahbazov Pekində keçirilən 3-cü "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunun "Bağlantılar" üzrə yüksək səviyyəli tədbirində çıxış edib.

AZƏRTAC xəbər verir ki, nazir P.Şahbazov "Bir kəmər, bir yol" təşəbbüsünün qlobal təchizat zəncirində qeyri-müəyyənliklərin idarə edilməsi üçün alternativ nəqliyyat dəhlizləri və enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən marşrutlar təqdim etməklə böyük bir coğrafiyada inkişafa, təhlükəsizliyə və sabitliyə xidmət etdiyini deyib. Bildirilib ki, "Bir kəmər, bir yol" Avrasiyada geoiqtisadi landşaftın yenidən formalaşmasında artan rolu ilə müdrik bir təşəbbüs olduğunu artıq təsdiqləyib. Bu təşəbbüsə ilk vaxtlardan fəal şəkildə dəstəkləyən və çoxsaylı nəqliyyat-enerji bağlantıları ilə töhfə verən Azərbaycanın hazırda Prezident İlham Əliyevin liderliyi ilə Çindən Avropaya ən qısa yolu - Orta Dəhlizi gücləndirən böyük bir strateji inkişaf kursu reallaşdırdığı diqqətə çatdırılıb.

Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona, Bakı beynəlxalq ticarət limanının imkanlarının hazırkı 15 milyon tondan 25 milyon tona qədər artırıldığı, "Rəqəmsal İpək Yolu" layihəsinin həyata keçirildiyi qeyd edilib: "Azərbaycan Prezidentinin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliklə bağlı siyasəti işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun, perspektivdə Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması ilə Orta Dəhlizin yeni qollarla inkişafına yol açır. Bütün bunlar, eləcə də Azərbaycanın 6 neft-qaz kəməri kimi qitələri, dənizləri birləşdirən enerji bağlantıları Çinin meqalayihəsinin milli təşəbbüslərimizlə birləşməsinin real örnəkləridir. 2030-cu ilədək 7 QVt yaşıl enerji güclərinin yaradılması və bunun 5 QVt-nın Xəzər-Avropa İttifaqı və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ötürülməsi planları "Bir kəmər, bir yol"u yaşıl bağlantılarla zənginləşdirəcəkdir", - deyə nazir P.Şahbazov bildirib.

Nazir, həmçinin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında rolundan, birgə layihələrdən və əlaqələrin dinamikasından bəhs edib. Ötən il ticarət dövriyyəsinin 21 faiz, Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşımalarının həcminin 60 faiz artdığı və ölkəmizdə 200-dən çox Çin şirkətinin fəaliyyət göstərdiyi qeyd olunub.

Forumda qəbul olunan "Bağlantılar üzrə əməkdaşlığın dərinləşdirilməsi üzrə Pekin Təşəbbüsü"nə Azərbaycan da qoşulub.