Avantürist Qərb “avam turist” libasında
Siyasət

Avantürist Qərb “avam turist” libasında

ABŞ və Qərb bloku Cənubi Qafqazda Rusiyanın təsirini azaltmaq və regionda hegemonluq üçün dəridən-qabıqdan çıxır. Gündəmdə başqa mövzular da var. Lakin əsas məsələlərdən biri "Leninqrada qədər gedib çıxmaqdır". Çox uzağa deyil, təkcə ötən əsrə diqqət etsək görərik ki, hər iki cəbhə - Qərb və Rusiya zaman-zaman müttəfiq olsalar belə sonda münasibətlər ixtilafa çevrilmişdir. Təqribən X nəslindən (1965-1980-ci illər arasında doğulmuş insanları əhatə edən demoqrafik təsnifat) Y nəsli, Z nəsli və hətta bugünkü Alfa nəslinin ən son nümayəndələrinə qədər gəlib çıxan qeyri-rəsmi soyuq müharibə getdikcə aktuallaşır. Rusiyanın Ukrayna ilə müharibə aparması Qərbin əlinə siyasi avantüra şansı verdi. Ardınca Gürcüstan və bəzi keçmiş SSRİ dövlətlərinin Avropaya inteqrasiya prosesində növbəti plan Cənubi Qafqazda da avrosentrizm dayaqları qurmaqdır. Bu isə hələ "çox su aparacaq".

Qeyd edildiyi kimi, dünyaya "müqəddəs Avropa" mədəniyyəti aşılanır. Cənubi Qafqazda isə Gürcüstandan əlavə, Azərbaycan və Ermənistan üzərindən bu proses davam edir. Qərb qonşumuz öz seçimində tərəddüd edir, Qərbin imtiyazları cəlbedici görünür, bu həm də Paşinyan hakimiyyətinin ömrünü uzada bilər, belə ki, əhali arasında da anti-Rusiya ab-havası yüksəkdir. Lakin Moskva ilə əlaqələrin kəsilməsinin yaxşı nəticə verməyəcəyi də aydındır. Çünki keçmişdə bu ərazilərdə Qərb marağı olmayıb və bütün əlaqələr SSRİ, daha sonra isə Rusiya ilə qurulub. Bu baxımdan, "0"a enmək çox vaxt aparacaq. Regionun digər dövləti olan Azərbaycan isə öz siyasətini dəqiq və qətiyyətlə müəyyən etdiyi üçün bütün yollar açıqdır. Rusiya ilə əlaqələrini qoruyub saxlayan rəsmi Bakı Qərb üçün də etibarlı tərəfdaşdır. Lakin bəzi avantürist dairələr bu tərəfdaşlığı asılılığa çevirməyə cəhd edirlər. Məhz, ölkəmizin Rusiya ilə müsbət əlaqələrinin mövcudluğu Qərbi narahat edir. Bütün dünyanı Rusiya ilə qarşı-qarşıya qoymaq istəyən qüvvələr ara-sıra proksi və asimmetrik müharibələrdən də çəkinmirlər. Digər vasitə isə sanksiya yolu ilə Moskvanın müttəfiqlərinin sayını sıfıra endirməkdir. Bu baxımdan, Azərbaycana qarşı embarqo və təzyiq cəhdləri hər keçən gün yenisi ilə əvəz olunur.

Fransa senatı bu məcrada ən öndə gedənlərdəndir. Öz ölkəsinin problemləri ilə məşğul olmaqdansa, mütəmadi olaraq gündəmə "Ermənistan Respublikasının ərazi bütövlüyü" məsələsini çıxarır. Yelisey sarayında Prezident Emmanuel Makronun və onun anti-Azərbaycan komandasının sifarişi əsasında səsləndirilən qətnamələr heç bir mahiyyət daşımır. Lakin quyuya daş atan Makron bütün Avropanı öz arxasınca sürükləyir. Avropa Şurası Parlament Assembleyası və Avropa İttifaqı kimi nüfuzlu qurumların söz sahibləri Azərbaycan əleyhinə təbliğat kampaniyasına qoşulurlar.  Qərbdə məşhur bir ifadə var - "yerkökü və çubuq". Tez-tez özlərinə aid etdikləri bu ifadənin mənası bugünkü reallığa çox yaxındır. Bir əlində İrəvanı yerkökü ilə bəsləyən Avropa, digər əlində isə çubuq saxlayır. Bu gün yalançı vədlərdən şirniklənən Ermənistan sabah ölkəsinin daxilində çevrilişlə, ərazilərində NATO hökmranlığı ilə üzləşə bilər. Azərbaycan isə bu cür siyasi avantüralara qapılmır, avantüristləri isə "avam turist" kimi gəldikləri yerə göndərir.

Ötən ilin sonlarında "907-ci böhtan"ı yenidən gündəmə gətirən Amerika Birləşmiş Ştatları isə hələlik birbaşa müdaxilədən çəkinir. Azərbaycanla Ermənistan arasında 2023-cü il dekabrın 7-də razılaşdırılan birgə Bəyanatdan sonra zaman-zaman sülhü alqışladığını bildirən ABŞ hələlik seyirçi durumundan razıdır. Rəsmi İrəvanın sülh üçün ləngidiyi, birbaşa vasitəçisiz danışıqlara yanaşmadığı bir dövrdə Vaşinqtonun iştirakı ilə barışın əldə olunması az da olsa ehtimallar daxilindədir. Bununla da, Amerika postsovet məkanında öz itmiş nüfuzunu bərpa etməyə çalışır. Lakin XXI əsrdə ABŞ-ın Şərq ölkələrindəki fəaliyyəti, digər ərazilərdə inqilaba maliyyə dəstəyi bu nüfuza əbədilik kölgə salıb. Ələlxüsus, danışıqların Vaşinqton formatından özünə pay götürmək istəyən hindular üçün Azərbaycanın maraqları qətiyyən üst-üstə düşmür. Ölkəmiz regionda sülhün və sabitliyin təminatçısı olmaq, nüfuzlu ölkələr ilə qurduğu əlaqələri bütünlükdə Cənubi Qafqaza daşımaq və buranı əsas iqtisadi hablardan birinə çevirmək istəyir. ABŞ və bəzi antipasifist dairələr regionu vassal halına gətirməklə iqtisadi balansda mühüm yüksəliş marağındadır. Öz qərarlarını diktə edən Azərbaycan isə "sülh regiondadır" deyərək bölgəyə ayaq basan bütün pozucu ünsürləri dəf etməyə davam edir. Beləliklə, Avropanın Cənubi Qafqazda anti-Rusiya və hegemonluq üçün ixtilafı qorumaq planları hər dəfə puç olur.

Tacir SADIQOV,

"Respublika".