Aqrotexniki qulluq məhsul istehsalını artırır
İqtisadiyyat

Aqrotexniki qulluq məhsul istehsalını artırır

İsmayıllı

Respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən dövlət proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması sahəsində İsmayıllı rayonunda əməli işlər görülür. Belə ki, cari ilin I rübü ərzində 171 fermerə məxsus 448.4 hektar yazlıq əkinlər bəyan edilmiş, 384 nəfər fermerin 7528 hektar əkin yerini əhatə edən, əkin bəyanlarının monitorinqi aparılmışdır.

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev bildirdi ki, kənd təsərrüfatı texnikalarının istismarına nəzarətlə bağlı müvafiq tədbirlər görülmüş və 76 kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilmişdir.

Ötən dövr ərzində Aqrar Xidmətlər Agentliyin müvafiq laborayoriyası tərəfindən 132 hüquqi və fiziki şəxslərə məxsus 1110,91 hektar torpaq sahəsindən 352 torpaq analizi götürülərək aqrokimyəvi analiz üçün laboratoriyaya göndərilmişdir.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində 1566 baş iribuynuzlu heyvanda süni mayalanma aparılmışdır. Alınmış 852 baş sağlam cins buzova görə fermerə subsidiya ödənilməsi üçün müvafiq sənədlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilmişdir. Süni mayalanma yolu ilə alınmış buzovların 80 faizdən çoxunda heyvandarlıqla, bazar qiymətlərinin müayinəsi ilə bağlı monitorinqlər aparılmış, qabaqcıl fermerlərlə heyvan xəstəlikləri, onların müxtəlif üsullarla müalicəsi, profilaktikası, cins tərkibinin yaxşılaşdırılması mövzusunda görüşlər keçirilmişdir.

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonuna köç edən fermerlərin qeydiyyatı aparılmışdır. İlk üç ay ərzində həmçinin 135 fermerin müvafiq sənədləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilmiş və məlumatlar yoxlanılaraq subsidiya ödənilməsi üçün təsdiq olunmuşdur.

Rayonun mövcud 961.1 hektar üzüm, 3950.9 hektar meyvə və giləmeyvə bağlarında quru budama və bağlama, eləcə də digər aqrotexniki tədbirlərin aparılması zamanı DAİM əməkdaşları tərəfindən fermerlərə və iş icraçılarına müvafiq tövsiyələr verilmişdir.

Payızlıq taxıl əkini sahələrindən bol məhsul əldə etmək üçün əkin sahələrində yanvar-mart aylarında müayinələr aparılmış, mövcud vəziyyətlə bağlı fermerlər məlumatlandırılmış, gəmiricilərə qarşı 7800 hektar sahədə kimyəvi mübarizə işləri həyata keçirilmişdir. 14320 hektar əkin sahəsinə yemləmə gübrəsi verilmiş, 13760 hektar sahədə isə alaq otlarına, eləcə də yabanı vələmirə qarşı mübarizə tədbirləri aparılmışdır.

Rayonda ənənəvi istehsal sahələrindən olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafı da daim diqqət mərkəzində saxlanmışdır. Yeni intensiv meyvə bağlarının salınması zamanı mütəxəssislər ərazilərdə olmuş, bağın salınması və gələcəkdə onlara qulluq qaydaları ilə bağlı fermerlərə müvafiq tövsiyələr verilmişdir.

İntensiv bağçılıq metodlarına əsaslanan 30 hektar badam, 2 hektar əncir və 2 hektar gavalı bağı salınmışdır.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".