“Startup School 2”-nin 10 ən yaxşı layihəsi
İqtisadiyyat

“Startup School 2”-nin 10 ən yaxşı layihəsi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin(İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 2-AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin birinci mərhələsi yekunlaşıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırılan layihənin onlayn təlim sessiyalarının bağlanış mərasimi keçirilib.

Mərasimə layihədə iştirak edən 41 komandadan nümayəndələr və onlara təlim keçmiş beynəlxalq ekspertlər qatılıblar. İştirakçılar “Startup School 2”də tədris olunan mövzuların gənc startapçıların gələcək fəaliyyətində oynayacağı roldan danışıblar. Daha sonra 41 startap arasından seçilən 10 ən yaxşı layihənin adları elan olunub.

Növbəti mərhələyə Naxçıvan Dövlət Universitetinin “System of ANN Modeling the Agro-feasibility”, Kanadanın Kalqari(Calgary) Universitetinin “WeApply”, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin “Terra Reimagined”, Lənkəran Dövlət Universitetinin “PlantGenic AI”, Bakı Biznes Universitetinin “EduLamp” və “Jackstation”, Azərbaycan Dövlət İqtisad Universitetinin “CulturaAI: Bridging Tradition and Technology for Cultural Enrichment”, Çexiyanın “CZU Pragua” Universitetinin “YellowGo”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd” və  “SOS.AZ” komandaları keçib. Onlara “SABAH.HUB”-da layihə təqdimatına aid təlimlər keçiriləcək.

Bəybala BƏYBALAYEV,

“Respublika”.