Ağdam və Xirosima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə məsələlər müzakirə olunub
Digər xəbərlər

Ağdam və Xirosima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə məsələlər müzakirə olunub

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti 166 ölkədən 8,123 şəhərin üzv olduğu "Mayors for Peace" təşəbbüsünün 10-cu ümumi konfransında iştirakı çərçivəsində Yaponiyanın Xirosima şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, konfransdan öncə xüsusi nümayəndə Emin Hüseynov ilə Xirosima şəhərinin meri Kazumi Matsui arasında görüş keçirilib. Görüş zamanı Ağdam rayonun tarixi və mədəniyyəti, 30 il ərzində torpaqlarımızda törədilən vandalizm aktları, 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə və hazırda davam edən yenidənqurma və bərpa prosesləri haqqında məlumat verilib, gələcəkdə Ağdam və Xirosima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret məsələlər müzakirə olunub.

Görüşdən sonra "Mayors for Peace" təşəbbüsünün 10-cu ümumi konfransı fəaliyyətə başlayıb. Konfrans ərzində xüsusi nümayəndə Emin Hüseynov ilə "Mayors for Peace" təşəbbüsünə üzv olan digər şəhərlərin merləri ikitərəfli əlaqələrin inkişafı üzrə müzakirələr aparıblar.

Daha sonra qonaqlar Xirosima şəhərində atom bombardmanı qurbanlarına həsr olunan abidənin önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, 2008-ci ildə Ağdam şəhəri "Lonely Planet" nəşri tərəfindən "Qafqazın Xirosiması" adlandırılıb.

AZƏRTAC