Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası
Digər xəbərlər

Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası

İyulun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində 2022-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Baş Prokurorluğun kollegiya üzvləri ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi, ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövrün reallıqlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalandığını qeyd edib.

Bildirilib ki, şanlı Zəfərlə əbədi azadlığına qovuşmuş əzəli torpaqlarımızda dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə dünyada analoqu olmayan dirçəlişin Azərbaycan modelinin tətbiqi nəticəsində qədimliyin və müasirliyin vəhdətində həyata keçirilən bərpa-quruculuq işləri soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışının əsasını qoyub.

Qarabağın tacı Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı, Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş toplantı, "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı və digər beynəlxalq əhəmiyyətli tədbirlər, zəruri infrastruktur obyektlərinin inşası, genişmiqyaslı layihələrin təməlinin atılması "Şuşa İli"ndə mədəniyyət paytaxtımızın tarixi əzəmətinin və mədəni ruhunun özünə qaytarılmasında müstəsna önəm daşıdığı vurğulanıb.

Baş prokuror diqqətə çatdırıb ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçıları Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunub. Bu baxımdan dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirakları, şəhid ailələri ilə görüşləri, eləcə də onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış "YAŞAT" Fondunun həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyətə malik olduğu qeyd edilib.

İclasda ölkəmizin cari ilin birinci yarımilinin dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə xarici siyasətdə əldə edilmiş uğurlarla yanaşı, ölkə daxili nailiyyətlərlə zəngin olduğu, pandemiyanın iqtisadiyyata təsirinə baxmayaraq, bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə edilməklə ümumi daxili məhsulun, qeyri-neft iqtisadiyyatının və sənaye istehsalının yüksəldiyi, valyuta ehtiyatlarımızın artdığı diqqətə çatdırılıb.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 18 min 223 cinayət qeydə alınmaqla onların 88,5 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 9 min 267 cinayət işinin istintaqı tamamlanıb. Bunlardan 705-i prokurorluq orqanlarında istintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 440, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 7 min 481 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 137 milyon 408 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 77,6 faizinin, yəni 106 milyon 572 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunub.

Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 19 milyon 535 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 19 milyon 170 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.

Xüsusi qeyd edilib ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik Prezidentin 7 may 2021-ci il tarixli Fərmanında öz əksini tapmış "Elektron prokurorluq" informasiya sisteminin yaradılması istiqamətində işlər intensivliklə davam etdirilib.

Hesabat dövründə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövrlərdə olduğu kimi davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri aşkar edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi bildirilib.

Qeyd edilib ki, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 139 şəxs barəsində 102 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 2 milyon 203 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 1 milyon 618 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə icraatına xitam verilmiş cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 42 milyon 449 min manat məbləğində maddi ziyan tam olaraq ödənilib, eyni zamanda, həmin işlər üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 18 milyon 874 min manat məbləğində pul vəsaiti ödənilib.

Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 115 təqdimat verilib.

Həmin təqdimatlar üzrə 11 şəxs vəzifədən azad olunmuş və ya müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılıb, 4 halda xəbərdarlıq olunub, 24 işçiyə töhmət və ya şiddətli töhmət verilib, digər hallarda isə təqdimat əmək kollektivinin iştirakı ilə geniş müzakirə olunaraq təqdimatda göstərilmiş qanun pozuntularının aradan qaldırılması, qanunvericiliyin tələblərinə ciddi əməl olunması, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara göstəriş verilib.

2022-ci ilin birinci yarımili ərzində Baş İdarədə fəaliyyət göstərən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərin 63-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 23 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 96 cinayət işi başlanıb.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 42 şəxs barəsində 28 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 10 şəxs barəsində 10 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub.

İbtidai istintaqı başa çatdırılmış işlər üzrə 8 milyon 746 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilməklə həmin ziyandan 7 milyon 577 min manatın, yəni 86,6 faizinin ödənilməsi təmin olunub.

Kollegiya iclasında daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 12 qəsdən adam öldürmə və digər xüsusilə ağır cinayətlərin açılmasının təmin edilməklə hesabat dövründə onlardan 8-i üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə hesabat dövründə birinci instansiya məhkəmələrində 8 min 159 şəxs barəsində 7 min 123, apellyasiya instansiyası məhkəmələrində 2 min 651 şəxs barəsində 2 min 269, kassasiya instansiyası məhkəməsində 1082 şəxs barəsində 964 (bütün instansiya məhkəmələri üzrə cəmi 11 min 892 şəxs barəsində 10 min 356 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Bildirilib ki, ötən yarımildə "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının icrası ilə əlaqədar ümumilikdə 4873 şəxs barəsində amnistiya tətbiq edilib.

2022-ci ilin birinci yarımilində Respublika Hərbi Prokurorluğu tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və digər qurumlarla birlikdə zəruri tədbirlərin görüldüyü qeyd edilib.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə uğurlu göstəricilər əldə olunduğu, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarətin gücləndirildiyi, vətəndaşların müraciətlərinə baxılmasının diqqətdə saxlanıldığı vurğulanıb.

Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2021-ci ilin birinci yarımili ilə müqayisədə adam öldürmə cinayətləri 13 vahid artaraq qeydə alınmış 90 cinayətdən 89-nun, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 22 hadisənin isti izlərlə açılması təmin olunaraq, həmin cinayətlərin açılması 98,89 faiz (2021-ci ilin birinci yarımilində 98,57 faiz) təşkil edib.

Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 430 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

Kollegiya iclasında intihar və intihara cəhd hadisələrinin azaldığı bildirilməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin 9.4 faiz, intihara cəhd hadisələrinin 27.3 faiz az qeydə alındığı vurğulanıb.

Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bu kimi halların minimuma endirilməsində Baş Prokurorluğun təşkilatçılığı ilə yaradılmış müvafiq qurumların nümayəndələrinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının iştirak etdiyi İşçi qrupun həyata keçirdiyi tədbirlərin yerinə yetirilməsinin diqqət mərkəzində saxlanmasının önəmi bildirilib.

Cari ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 241 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 7 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.

Kollegiya iclasında xüsusi müsadirə, aktivlərin bərpası, idarə edilməsi və maliyyə istintaqına dair uğurlu beynəlxalq təcrübənin yaxından öyrənilməsi məqsədilə 1 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası Baş Prokurorluğunun benefisiarı olduğu "Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək" adlı Tvinninq layihəsinin icrasına başlanılmaqla xarici ekspertlərin ölkəmizə çoxsaylı səfərlərinin, iclaslar və dəyirmi masa müzakirələrinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 13 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Qeyd edilib ki, ötən yarımildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub ki, onlardan 8-nə töhmət və ya şiddətli töhmət elan edilib, 3 nəfər vəzifədən azad olunub, 1 nəfərə irad tutulub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin yerinə yetirildiyi, eləcə də prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin təmin edilməsi məqsədilə işə qəbul olunmaq arzusunda olan şəxslər üçün ötən yarımil 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, 2022-ci ilin birinci yarımilində də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Bu müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror tərəfindən respublikanın 9 rayonunda ümumilikdə 26 bölgədən 500-dən artıq vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilib, həmçinin təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrə və sosial məsələlərə dair müraciətlərin müvafiq mərkəzi, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi təmin edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun "Çağrı Mərkəzi"nə 2022-ci ilin birinci yarımilində 7 min 721 müraciət daxil olub, vətəndaşların onları maraqlandıran 7 min 425 müraciəti üzrə müvafiq hüquqi izahlar verilib, müraciət edən vətəndaşların qaldırdığı məsələlər cinayət xarakterli məlumatlar olduğu üçün 296 məlumat qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılmaqla 2 müraciət üzrə cinayət işləri başlanıb.

Hesabat dövründə Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçilərinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlər, qulluğa qəbul olunub və stajorluq keçən işçilər üçün hazırlıq kursu, "İlin ən yaxşı müstəntiqi" və "İlin ən yaxşı dövlət ittihamçısı" müsabiqələrinin keçirildiyi, bir sıra tədris-metodiki vəsaitlərin hazırlandığı diqqətə çatdırılıb.

Cari ilin birinci yarımilində Azərbaycan Respublikası Prokurorluğunun başlıca fəaliyyət istiqamətlərindən olan ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq-mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilməklə geniş müzakirələr və faydalı fikir mübadiləsinin aparıldığı bildirilib.

Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.

Xüsusilə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Elşən Abbasov, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, Şuşa rayon prokuroru Məmmədəli Rəhmətov və Zəngilan rayon prokuroru Qibləli Kərimov hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə edib.

AZƏRTAC