Azad edilmiş ərazilərin minalardan təmizlənməsi əsas vəzifələrdəndir
Digər xəbərlər

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi əsas vəzifələrdəndir

İkinci Qarabağ müharibəsində məğlub olmasını və uzun illər işğal altında saxladığı torpaqların Azərbaycanın qəhrəman Ordusu tərəfindən geri qaytarılmasını həzm edə bilməyən Ermənistan hakimiyyəti daha bir cinayətə əl ataraq ərazilərə müxtəlif növ minalar yerləşdirib. İşğal etdiyi Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər Vətən müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını hələ də davam etdirirlər.

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri planlı şəkildə, ardıcıllıqla həyata keçirilir. Ərazilərin minalardan təmizlənməsi isə əsas vəzifə kimi müəyyənləşdirilib. Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdiriblər.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəal şəkildə minatəmizləmə əməliyyatları davam edir. İlkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması və sonrakı mərhələdə isə hökumətimizin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir. Bu əməliyyatlar zamanı Agentlik ilkin olaraq həm sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi, həm də gələcəkdə insanlarımızın repatriasiyası planlaşdırılan şəhərlərimizin, kəndlərimizin, ikinci dərəcəli yolların, su xətlərinin, kanalların, kənd təsərrüfatı təyinatlı ərazilərin minalardan təmizlənməsi işlərini həyata keçirir.

2020-ci il Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub. 1991-2022-ci illərdə Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib. Onlardan kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar 131 nəfər, uşaq və azyaşlı 357 nəfər, qadınlar 38 nəfərdir. 2020-ci ilin noyabr-2022-ci ilin 6 oktyabr tarixləri arasında mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib. Bu dövr ərzində həlak olan və zərərçəkənlərin sayı 257 nəfər təşkil edib. Onlardan 9-u uşaq, 1-i qadın, 3 nəfər isə media nümayəndəsidir. Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən kənarda baş vermiş mina insidentlərinin qurbanları olub. Mina qurbanları arasında həmkarlarımız da olub. Birinci Qarabağ müharibəsi (1988-1992-ci illər) dövründə 13 azərbaycanlı jurnalist xidməti vəzifəsini yerinə yetirərkən erməni terrorunun qurbanı olub, onlardan 9-u şəhid olub. Vətən müharibəsi dövründə də jurnalistlərimiz kifayət qədər riskli vəziyyətlərlə qarşılaşıblar. 44 günlük müharibə ərzində erməni terrorçuları dəfələrlə peşə fəaliyyətini həyata keçirən və fərqləndirici gödəkcələrində olan jurnalistlərə atəş açıblar, nəticədə media nümayəndələri arasında yaralananlar da olub.

2021-ci il iyunun 4-də mina qurbanları həmkarlarımız, media nümayəndələri idi. Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuşdular. Belə ki, "KamAZ" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AzƏrTac-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Ərazilərimizdəki mina partlayışı faktı düşmənin öz əməllərindən əl çəkmədiyinin, terrorçuluq fəaliyyətini davam etdirməyə niyyətli olduğunun və düşünülmüş şəkildə azərbaycanlıları hədəf alan çirkin siyasətinin bariz nümunəsidir. Mina nəticəsində həyatını itirənlərin cinayət məsuliyyəti birbaşa olaraq Ermənistan tərəfinin üzərinə düşür.

Minalardan təmizləmə prosesinin əsas hissəsi Azərbaycanın öz hesabına həyata keçirilir. Qeyd edək ki, humanitar minatəmizləmə fəaliyyəti dayanıqlı inkişaf baxımından olduqca vacibdir. Həyatların xilas edilməsi, xəsarətlərin qarşısının alınması, infrastruktur, təhsil və kənd təsərrüfatı sahələrinin bərpası üçün bu, həlledici əhəmiyyət kəsb edir. Münaqişənin təsirinə məruz qalan bölgələrdə davam edən bərpa və quruculuq səylərini dəstəkləmək naminə humanitar minatəmizləmə sahəsində Azərbaycana göstərilən yardımların gücləndirilməsi olduqca əhəmiyyətlidir. Qardaş Türkiyə Azərbaycana ötən ilin fevralında 20, may ayında isə əlavə 5 ədəd "MEMMAT" (Mexaniki Mina Təmizləmə Təchizatı) minatəmizləyən maşın göndərib. Bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış baş verərsə, insan faktoru kənarda qalmış olur. Bunlardan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib. Sentyabrın 6-da Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə Bakı Ekspo Mərkəzində təşkil olunan IV Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisində Azərbaycanda hazırlanmış mina aşkarlayan robot da nümayiş olunub. Mina aşkarlayan robot "İmprotex İndustries" şirkəti tərəfindən hazırlanıb. Robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Mina aşkarlayan robot təhlükəsiz zolaq aça, 500 kiloqrama qədər faydalı yük daşıya və yaralıları təxliyə edə bilmək qabiliyyətinə malikdir. Bu günlərdə Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə əməliyyatı zamanı Kəlbəcər və Daşkəsən rayonları ərazisində ermənilərin basdırdıqları - Kəlbəcər rayonu ərazisində 79 ədəd PMN-G tipli piyada əleyhinə, 2 ədəd TM-62M tipli tank əleyhinə mina, Daşkəsəndə isə 53 ədəd PMN-G tipli piyada əleyhinə mina və 4 ədəd OZM-72 tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Hazırda azad edilmiş torpaqlarda -Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizləmə işləri sürətlə gedir. Həmçinin, böyük infrastruktur layihələri - yollar, elektrik, su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. 44 günlük Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində minaların və digər partlamamış silah-sursat qalıqlarının təmizlənməsi ən aktual məsələlərdən biri kimi gündəmdədir.

Sözsüz ki, ərazilərin minalardan təmizlənməsinə, Qarabağın sürətlə yenidən qurulmasına, bərpasına tezliklə nail olunacaqdır.

M.MİRZƏ,

"Respublika".