Etibarlı və çoxşaxəli strateji tərəfdaşlıq
Digər xəbərlər

Etibarlı və çoxşaxəli strateji tərəfdaşlıq

Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafı ölkəmizin xarici siyasəti üçün prioritetdir. Ölkəmizlə Aİ arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir.

Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biri olan Macarıstanla müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında inkişaf edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Macarıstana bu il ərzində sayca ikinci səfəri dostluq və etibarlı tərəfdaşlığın, ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişafından qaynaqlanır və mühüm əhəmiyyət kəsb edir.

İki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edən Macarıstanla əməkdaşlıq Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində xüsusi yer tutur. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı strateji tərəfdaşlarından biridir və ölkəmizlə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Dost ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə nəinki regionda, ümumilikdə Avrasiyada fayda verən dövlətlər sırasında olan müasir Azərbaycan dünyada geosiyasi və geoiqtisadi önəmilə fərq yaradan transmilli, enerji layihələri reallaşdıran çoxfunksional fəaliyyəti ilə də seçilir.

Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta Avrasiya geosiyasi məkanında təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini verməklə diqqətçəkən Azərbaycan etibarlı, təhlükəsizliyin qarantı olan əsas aktor olaraq əhəmiyyətini günbəgün artırır. Enerji təhlükəsizliyi məsələləri dünyada xüsusi aktuallıq daşıyır, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra da Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyinin də Azərbaycanı etibarlı tərəfdaş adlandırması da təsadüfi deyil.

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir. Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün şaxələndirilməsini dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və Qərbi Balkan ölkələrinə daşınmasından gedir. Ursula Fon der Lyayen Azərbaycanın bərpaolunan enerji sahəsində də çox böyük potensialının olduğunu vurğulayıb. Memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Hazırda Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarlarından biridir. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti ölkəmizi xarici investorlar üçün çox cəlbedici edir. Təbii ki, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Azərbaycan tərəfindən başlanan və Avropa İttifaqının, o cümlədən ölkəmizin tərəfdaşlarının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib. Respublikamız bu təşəbbüsün gerçəkləşməsinə əvvəlcə neft hasilatı ilə, daha sonra isə təbii qazın ixracı ilə başlayıb. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkilib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərinin inteqrasiya olunması və bununla Azərbaycan təbii qazının Avropa qitəsinə çatdırılması reallaşıb. Artıq Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Hər iki tərəf bu əməkdaşlığın müsbət faydasını görür. Cənub Qaz Dəhlizi Aİ-nin, xüsusən də Cənub-Şərqi Avropanın təbii qaz təchizatında mühüm rol oynayır. Aİ və Azərbaycan, eyni zamanda təmiz enerji və enerji səmərəliliyi üzrə uzunmüddətli tərəfdaşlıq qurmaq üçün birlikdə işləyirlər. Çünki hər iki tərəf "yaşıl keçidi" və Paris sazişinin məqsədlərini reallaşdırır. Aİ və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, investisiya, ticarət və vətəndaş cəmiyyətinin potensialından tam istifadə də daxil olmaqla, geniş spektrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək yeni hərtərəfli saziş üzrə danışıqlar aparırlar.

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər önəm daşıyır. Bu baxımdan, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq, təbii ki, böyük uğurdur. İllər əvvəl bu layihənin reallaşması bəzilərinə qeyri-mümkün görünürdü. Lakin Prezident İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını gerçəkləşdirib. Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

Qeyd edək ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildəki bəyanatında bildirmişdir ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır.

Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunacaq mövzular arasındadır. Aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Memorandumun imzalanması mərasimində tərəflərin təmsilçiləri çıxışlarında Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfənin yüksək səviyyədə olmasından söz açıblar və belə bir yüksək nəticənin alınmasını İlham Əliyevin riyazi dəqiqliklə yürütdüyü inamlı siyasətlə əlaqələndiriblər.

Bu məqamda bir daha onu qeyd etmək yerinə düşər ki, Azərbaycanın Macarıstanla əməkdaşlığının böyük hissəsi enerji məsələləri ilə bağlı olsa da, nəqliyyat sahəsində də uğurlu addımlar atılır. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. Bu layihənin böyük potensialı var. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri də böyük maraq göstərir və bununla bağlı müvafiq layihələr təqdim ediblər.

Mustafa KAMAL,

"Respublika".