30 il sonra dəfn edilən şəhid
Digər xəbərlər

30 il sonra dəfn edilən şəhid

Torpaqlarımızın işğalından sonra apardığımız mübarizə bizə çox şeyləri öyrətdi. Millətin qəhrəmanlıq hissi, döyüş əzmi ilə yanaşı, milli kimliyinə qayıdışı bu sahədə böyük rol oynadı.  Kimliyindən, yaşından asılı olmayaraq hər kəs bu müqəddəs amal uğrunda düşmənə qarşı mübarizəyə köklənmişdi. Hələ Birinci Qarabağ müharibəsi başlayanda igid oğullarımız Vətən uğrunda gözünü qırpmadan mübarizə meydanına atılmışlar. Həmin döyüşlərdə şəhid olanların böyük bir hissəsinin taleyi hələ də naməlum qalırdı. Son illər işğaldan azad edilmiş ərazilərimizdəki kütləvi məzarlıqlarda tapılan meyitlər üzərində aparılan analizlər nəticəsində bir çox itkin və əsir düşmüş şəxslərin kimliyi məlum olmuşdur. 

Aprel ayının 30-da Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov mediaya Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adını açıqlamışdı. Həmin 73 itkindən 64 nəfəri naməlum şəhid məzarlarından tapılan şəxslər, 9 nəfərin meyit qalığı isə Edilli, Daşaltı və Sarıcalı kəndində aşkarlanmış kütləvi məzarlıqdan götürülmüşdür. Kimliyi təsdiq edilən şəhidlərin dəfn mərasimi dövlət tərəfindən təşkil edilir. Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də İsmayılov Siyavuş Eldar oğludur.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş İsmayılovun mayın 13-də İmişli rayonunun Şahverdili kəndində keçirilən dəfn mərasimində şəhidin doğmaları, İmişli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Siyavuş Eldar oğlu İsmayılov 1967-ci il noyabrın 1-də Göyçə mahalının Basarkeçər rayonunun Bala Məzrə  kəndində anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində gedən ağır döyüşlərdə itkin düşüb. Cəbhəyə könüllü gedən Siyavuş İsmayılovun həyat yoldaşı Yaqut xanım bildirdi ki,  Siyavuşun valideynləri 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonu Bala Məzrə kəndindən deportasiya olunaraq İmişli rayonunun Şahverdili kəndində məskunlaşıblar. Ümumiyyətlə, bu kənddə Göyçə, Vedibasar və digər ərazilərdən müxtəlif dövrlərdə gəlmiş vətəndaşlarımız yaşayırlar. O dövrlərdə Rusiyanın Arxangelsk vilayətində hərbi məktəbdə təhsil alan Siyavuş təhsilini bitirib gizir rütbəsi alır. Valideynlərinin məcburi köçkün düşdüyünü öyrənən gənc birbaşa İmişliyə gəlir. Bir müddət sonra ailə qurur. Birinci Qarabağ müharibəsi başlayanda oğlu 4 aylıq imiş. Yoldaşı Yaqut xanım bildirəndə ki, övladımız körpədir, getmə cəbhəyə, cavab verib ki, ola bilməz. Belə bir vaxtda mən evdə otura bilmərəm. Könüllü olaraq müharibəyə gedir. Həmin dövrdə Siyavuş Bakıda mitinqlərdən birində tribunaya çıxaraq: "Biz ölməyə yox, öldürməyə gedirik" -  demişdi.

İlk günlərdən onun tabeliyinə 15 döyüşçü verilir, ön cəbhədə vuruşur. Yaqut xanımın dediklərinə görə hər dəfə evə gələndə cəbhədə  yaxşı texnikaların olmamasından, bəzi komandirlərin özbaşınalığından şikayətlənərmiş. Oğlunu görmək üçün evə gələn Siyavuş növbəti dəfə yanvarın 24-də cəbhəyə qayıdır. Bir neçə gün sonra xəbər gəlir ki, itkin düşüblər. Yaxınları axtarsa da, heç bir məlumat əldə edə bilmirlər. Aradan 2-3 il keçəndən sonra xəbər gəlir ki, Beyləqan rayonunda "Peyğəmbərlik" adlanan qəbiristanlıqda naməlum əsgərləri dəfn ediblər. Onların arasında ola bilər, müəyyən nişanələri də var. Atası və yaxınları gedir. Lakin atası bildirir ki, mənim oğlum burada yoxdur. Bu yaxınlarda aparılan tibbi ekspertizanın nəticələrinə əsasən, həmin ərazidə müəyyən edilən şəhidlərdən birinin məhz Siyavuş İsmayılov olduğu aydınlaşıb. 30 ildən sonra onun nəşi tapıldı.

Yaqut xanımın dəyanəti, həyat yoldaşına sədaqəti bir nümunədir. 27 yaşında həyat yoldaşını itirən xanım yeganə övladını köksünə sıxıb illərlə ümid, inam dolu baxışlarla yaşayıb. Yoldaşımı gözləyəcəm, bəlkə bir gün gəldi deyə gözləyib, illəri-illərə calayıb. Artıq oğlunun 30 yaşı var. Yaqut xanım bildirir ki, oğlum atasının nəşinin tapıldığını eşidəndə çox məyus oldu, ağladı. Ötən illər ərzində ümidlə yaşayırdı ki, atamın sağ olması xəbəri gələcək. Köhnə yaramız yenidən təzələndi. Elə bildik ki, yeni şəhid olub. Dövlətimiz, rayon rəhbərliyi sağ olsun. Dəfn mərasimi yüksək səviyyədə təşkil edildi. Dövlətimizin bu diqqəti 30 illik acımızı, həsrətimizi unutdurdu sanki bizə. Daha gözümüz yollardan yığıldı. Bizə olan diqqətə, qayğıya görə dövlətimizə minnətdaram.

Ramidə YAQUBQIZI,

"Respublika".