179 ölkə ilə ticarət əlaqələri
İQTİSADİYYAT

179 ölkə ilə ticarət əlaqələri

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 179 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 98 ölkəyə məhsul ixrac edilmiş, 172 ölkədən isə  idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin ilk 4 ayında  ölkənin xarici ticarət dövriyyəsi 15 milyard 834,1 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 10 milyard 536,2 milyon dollarını və ya 66,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 5297,9 milyon dollarını (33,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmişdir. Nəticədə 5238,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2023-cü ilin yanvar-aprel aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1 milyard 187,2 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 33,0 faizi İtaliya, 14,5 faizi Türkiyə, 7,8 faizi Rusiya, 4,6 faizi Çin, 3,4 faizi Hindistan, 3,3 faizi Yunanıstan, 3,2 faizi Almaniya, 3,1 faizi İspaniya, 2,9 faizi İsrail, hər biri 2,0 faiz olmaqla Gürcüstan və Çexiya, 10,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

                                                                                                                 “Respublika”.