Dünya Xəbərləri
Dünya xəbərləri

Dünya Xəbərləri

ABŞ NÜVƏ TRİADASININBÖYÜK HİSSƏSİ DÖYÜŞƏHAZIR VƏZİYYƏTDƏDİR

Amerikanın strateji nüvə qüvvələrinin üçdə ikisi döyüşə hazır vəziyyətdədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Komandanlığı məlumat yayıb.

“Ölkənin təhlükəsiz, etibarlı və effektiv nüvə triadasının üçdə ikisi münaqişədə qalib gəlməyə həmişə hazırdırlar”, - deyə bəyanatda vurğulanır.

Məlumata əsasən, hazırda ABŞ-ın strateji daşıma vasitələrində təxminən 1,7 min nüvə başlığı mövcuddur.

Amerikalı ekspertlərin fikrincə, 1370 nüvə başlığı  yeraltı şaxtalarda yerləşdirilmiş 400 ədəd “Minuteman III” qitələrarası ballistik raketdə, eləcə də atom sualtı qayıqlarında yerləşdirilmiş 280 ədəd “Trident II” ballistik raketdə daşınır.

Eyni zamanda, 46 ədəd “B-52H” strateji bombardmançı təyyarəsi və 20 ədəd “B-2” gizli bombardmançı təyyarə 300 nüvə başlığı ilə təmin olunub. Daha 100 taktiki nüvə bombası Avropadakı hava bazalarında yerləşir.

Bununla yanaşı, hazırda Pentaqonun ehtiyatında yerləşdirilməyən 1938 nüvə başlığı var.

UKRAYNANIN ALTERNATİV “TAXIL DƏHLİZİ” VASİTƏSİLƏ İLK YÜK GƏMİSİ YOLA ÇIXIB

Rəsmi Kiyevin elan etdiyi alternativ “taxıl dəhlizi” çərçivəsində Çernomorsk limanına daxil olan “Resilient Africa” gəmisi üç ton buğda ilə oranı tərk edib. “Trend” agentiyinin verdiyi xəbərə görə, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov özünün “Facebook” səhifəsində yazıb.

Nazirin sözlərinə görə, bir müddət öncə limana daxil olan ikinci gəmi isə Misirə buğda aparacaq.

Bildirilir ki, “Aroyat” və “Resilient Africa” Çernomorsk limanına daxil olmaq üçün alternativ “taxıl dəhlizindən” istifadə edən ilk gəmilərdir. Onlara Afrika və Asiya ölkələri üçün nəzərdə tutulan 20 min ton buğdanın yüklənməsi planlaşdırılır. Nazir gəmilərin Palau bayrağı altında üzdüyünü və ekipajın Türkiyə, Azərbaycan, Misir və Ukrayna vətəndaşlarından ibarət olduğunu deyib.

Qeyd edək ki, avqustun 10-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanması Qara dənizdə yerləşən Çernomosrk, Odessa və Yujnıy limanlarına üzən ticarət gəmiləri üçün müvəqqəti dəhlizin yaradıldığını elan edib. Bununla belə, rəsmi Kiyev marşrut üzrə hərbi təhdidin və mina təhlükəsinin olduğunu bildirib. Eyni zamanda, dəhliz 2022-ci ilin fevralından Ukrayna limanlarında qalan mülki gəmilərin çıxarılması üçün istifadə ediləcək.

BÖYÜK BRİTANİYA Aİ-NIN ASSOSİATİV ÜZVÜ OLA BİLƏR

Böyük Britaniya Avropa İttifaqını (Aİ) genişləndirmək planları çərçivəsində assosiativ üzvü kimi birliyin tərəfdaşı ola bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Telegraph” qəzeti yazıb.

“Fransa və Almaniya tərəfindən hazırlanmış Aİ-nin əsaslı şəkildə genişləndirilməsi planları çərçivəsində Böyük Britaniya assosiativ üzv kimi Aİ-yə qoşula bilər”, - deyə məqalədə vurğulanır.

Məlumata görə, assosiativ üzvlər Aİ-yə və onun siyasətlərinə sonrakı inteqrasiya ilə bağlı heç bir öhdəlik daşımayacaqlar. Bununla belə, assosiativ üzv olmaq istəyən ölkələr Avropa vahid bazarında iştirak etmək müqabilində Aİ büdcəsinə ianələr ayırmalı və Avropa Ədalət Məhkəməsinə tabe olmalıdırlar.

Üzvlük haqları tam Aİ üzvlərinə nisbətən daha aşağı olacaq, lakin assosiativ üzvlərin daha az imkanları olacaq, məsələn, onların Aİ Həmrəylik Fonduna və Aİ Kənd Təsərrüfatı Fonduna çıxışı olmayacaq.

ANTARKTİDADA TƏHLÜKƏLİ FƏALLIQ MÜŞAHİDƏ OLUNUR

Peyk məlumatları qlobal istiləşmə səbəbindən Antarktidadakı dəniz buzlarının səviyyəsinin mövsümi orta səviyyədən xeyli aşağı olduğunu üzə çıxarıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin (NSIDC) Antarktida buzlaqları ilə bağlı məlumatları araşdıran Uolter Meyer buz səviyyəsinin ağlasığmaz dərəcədə aşağı olduğunu bildirib.

Amerikalı elm adamı ərimiş buzlaqların əvvəlki səviyyəyə qayıdacağı ilə əlaqədar o qədər də nikbin olmadığına diqqət çəkib.

NSIDC məlumatlarına görə, təxminən 17 milyon kvadratkilometr ölçülən buzlaq sahəsi sentyabr ayının orta göstəricisindən 1,5 milyon kvadratkilometr aşağıdır.

Bununla yanaşı, Manitoba Universitetinin elm adamı Robbi Mallet məlumatların narahatlıq doğuracaq səviyyədə olduğunu vurğulayır: “Bu, Antarktidada son 40 ildə görmədiyimiz iqlim dəyişikliyinin potensial narahatedici əlamətidir”.

Aİ XİN BAŞÇILARININ NÖVBƏTİ TOPLANTISI UKRAYNADA KEÇİRİLƏCƏK

Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Jozep Borrel Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısının ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcəyini açıqlayıb. Bu barədə “TRT” telekanalı xəbər verib.

Bildirilir ki, BMT-nin 78-ci Baş Assambleyası ilə əlaqədar Nyu-Yorkda Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilib.

Yığıncaqdan sonra mətbuata açıqlama verən Jozep Borrel deyib: “Aİ və üzvlərinin BMT Baş Assambleyası çərçivəsində 133 ölkə nümayəndəsi ilə görüşəcəyik. Əsas mövzular iqlim dəyişikliyi, davamlı inkişaf məqsədləri, beynəlxalq maliyyə bazasında islahatlar və Rusiya-Ukrayna müharibəsidir”.

Aİ rəsmisinin sözlərinə görə, onlar sülh formulu naminə mümkün qədər çox BMT üzvünün dəstəyini təmin etmək üçün Ukrayna ilə çalışmağı davam etdirmək niyyətindədirlər. O, əlavə edib ki, buna görə bütün tərəfdaş nazirlərlə intensiv görüşlər həyata keçirilir. 

Jozep Borrel qeyd edib ki, toplantıda Aİ xarici işlər nazirləri Ukraynaya veriləcək təhlükəsizlik öhdəliklərini müzakirə ediblər. “Önümüzdəki həftələrdə xarici işlər nazirlərinin görüşünün ilk dəfə Kiyevdə keçiriləcəyi qərarına gəldirk”, - deyə xüsusi nümayəndə vurğulayıb.

ABŞ-IN DÖVLƏT BORCU İLK DƏFƏ 33 TRİLYON DOLLARI ÜSTƏLƏYIB

ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları üstələyib. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında sentyabrın 18-nə bu məbləğ 33,04 trilyon ABŞ dolları kimi göstərilib. Bu, Amerikanın dövlət borcu üçün rekord göstəricidir.

ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar borcun yuxarı həddini artırmağa razılaşalar da, büdcədə əhəmiyyətli ixtisarlar aparıblar.

Xatırladaq ki, yanvarda ABŞ hökumətinin borcun 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş yuxarı həddi aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub.

ALMANİYA QİYMƏTLİ RESURSU POLŞANIN ƏLİNDƏN ALIR

Almaniya hakimiyyəti işçi qüvvəsi çatışmazlığı səbəbindən qiymətli resursu - Ukraynadan olan qaçqınları Polşanın “əlindən alır”. “Sputnik” informasiya agentliyi bu barədə “Advance” nəşrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra ukraynalı qaçqınların əksəriyyəti Kiyevin əsas müttəfiqlərindən biri rolunu öz üzərinə götürən Polşada məskunlaşıblar. Lakin hazırda Ukraynadan olan qaçqınların sayına görə Almaniya Varşavanı qabaqlayıb.

“Nə baş verir? Hazırda ukraynalı qaçqınlar Polşanı tərk edirlər. Onlar Almaniyaya üz tuturlar, burada onları daha yüksək maaşlar və digər üstünlüklər cəlb edir”, - deyə nəşr vurğulayıb.

Məlumat üçün qeyd edək ki, bir il ərzində 350 mindən çox ukraynalı Polşanı tərk edib.