Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Sputnik": "Azərbaycan Çinlə əməkdaşlığı genişləndirmək niyyətindədir"

"Sputnik" yazır ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, ÇXR ilə əlaqələrin inkişafı respublikanın əsas prioritetlərindən biridir: "Ölkələrimiz arasında güclü siyasi əlaqələr mövcuddur. Biz həmişə vahid Çin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Çinin Tayvan bölgəsində qeyri-qanuni seçki olub və Azərbaycan bunu tamamilə qəbuledilməz kimi qiymətləndirib", - deyə Prezident köməkçisi bildirib. H.Hacıyev Çin ilə əməkdaşlıq perspektivlərindən söz açaraq Azərbaycanda daha çox Çin şirkəti görmək istədiyini qeyd edib: "İndi biz iki ölkə arasında ticarət əlaqələrində sabit artım görürük, lakin bu, son nəticə deyil. Bunun üçün daha çox perspektivlər var. Birincisi, mən Azərbaycanda daha çox Çin şirkətləri görmək istərdim. Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin Azərbaycan yaşıl inkişafa doğru irəlilədikcə biz daha çox şey gözləyirik". Prezident köməkçisi Çin-Azərbaycan tərəfdaşlığının "Bir kəmər, bir yol" Təşəbbüsü (BRI) çərçivəsində, xüsusən də Orta Dəhliz kontekstində mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb: "Orta Dəhliz Çin və Avropa İttifaqı arasında mühüm əlaqə ola bilər. Azərbaycan, Xəzər və Qara dəniz sahillərində yerləşən Mərkəzi Asiya ölkələri ilə birlikdə əlaqələr sahəsində güclü tərəfdaş ola bilər. Bu, "Bir kəmər, bir Yol" Təşəbbüsü ilə yaxşı uyğunlaşır və Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlığı vurğulayır".

"Hraparak": "3+3" formatında növbəti görüş bu il keçirilə bilər

"3+3" formatında növbəti regional görüş bu il baş tuta bilər. "Hraparak" nəşrinin yaydığı məlumata görə, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib. Səfir qeyd edib ki, regionda problemlərin həlli üçün ən faydalı format "3+3" platformasıdır. Cəlalinin sözlərinə görə, digər dövlətlərin müdaxiləsi nəinki vəziyyəti gərginləşdirir, həm də Cənubi Qafqazda eskalasiyanı gücləndirir. Diplomat Gürcüstanın da bu formatda iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

"Business Media": Azərbaycan neftinin qiymətlərinin həftəlik cədvəli

"Business Media" Azərbaycan neftinin 1 həftəlik qiymət cədvəlini yayımlayıb. Yazıda bildirilir ki, ötən həftə Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən "Azeri Light" markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,01 dollar (1,16 faiz) artaraq 1 barrelə görə 88,08 dollar olub. Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazası üzrə orta qiyməti ötən həftə ilə müqayisədə 0,96 dollar artaraq 86,55 dollar/barrel təşkil edib. URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,83 dollar artaraq 68,92 dollar/barrelə çatıb.

"Dawn.com": Azərbaycan Hava Yolları Bakı-Kəraçi reysini açır

Azərbaycan Hava Yolları gələn aydan etibarən Pakistanın Kəraçi şəhərinə birbaşa uçuşlar həyata keçirməyə hazırlaşır və ilk uçuş aprelin 18-nə planlaşdırılıb.

Bu barədə "Dawn. com" xəbər saytı məlumat yayıb. AZAL bu addımın "iki ölkə arasında əlaqəni gücləndirmək" məqsədi daşıdığını bildirib.

Aviaşirkətdən bildirilib ki, Kəraçi Bakıdan İslamabada və Bakıdan Lahora reyslərin açılmasından sonra AZAL-dan birbaşa uçuşlar həyata keçirilən Pakistanın üçüncü şəhəri olacaq. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə baş tutacaq.

"Vestnik Kafkaza": Daha 35 ailə Füzuliyə köçüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb. Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.

"Turkic World": Dörd kəndin Azərbaycana qaytarılması yaxın vaxtlarda baş tutacaq

Dörd kəndin Azərbaycana qaytarılması qısa müddət ərzində həyata keçirilməlidir.

"Turkic World" saytının xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə "Mülki müqavilə" fraksiyasının deputatları ilə keçirdiyi iclasda açıqlama verib. Hökumət rəhbəri 2 saata yaxın davam edən toplantıda bildirib ki, yaxın günlərdə sözügedən ərazilərdən üçüncü ordu korpusu çıxarıla və yaşayış məntəqələri sahiblərinə qaytarıla bilər.

Xəbərdə o da qeyd olunub ki, kəndlərin Azərbaycana qaytarılması mövzusu son vaxtlar aktuallaşıb. Bu isə Ermənistanın Cənubi Qafqazda yaranan yeni reallıqları qəbul etdiyini və sülh prosesinin sürətləndirilməsi üçün konstruktiv addımların zəruri olduğunu dərk etdiyini göstərir.

"Respublika".