“Respublika”-ya cavab verirlər
Digər xəbərlər

“Respublika”-ya cavab verirlər

Azərbaycan dövlətinin əhalinin sosial-maddi durumunu, həyat və iş şəraitini daha da yaxşılaşdırmaq baxımından fundamental irəliləyişə nail olmasına rəğmən, bəzi bölgələrdə, qəsəbə və kəndlərdə mərkəzi və yerli icra hakimiyyətlərinin, bəzi məmurların laqeydliyi, səhlənkarlığı ucbatından müəyyən sosial problemlər hələ də qalmaqdadır. Həmin problemlər əhalini narahat edir, onlar qəzetimizə müraciət edərək bu çatışmazlıqların tənqid olunmasını və cavabdeh qurumların nəzərinə çatdırılmasını xahiş edirlər.

"Respublika" qəzeti həyatın müxtəlif sahələrində mövcud olan problemlərlə bağlı tənqidi yazılara öz səhifələrində geniş yer ayırır. Müxbirlərimiz rastlaşdıqları neqativ halları işıqlandırmaqla müvafiq qurumların diqqətini məsələnin müsbət həllinə istiqamətləndirməyə nail olurlar.

Sevindirici haldır ki, əlaqədar qurumlar tənqidi çıxışlara biganə qalmır, problemlərin həlli yollarını axtarır, araşdırır və gecikməyə yol vermədən qəzetimizə cavab yazırlar. Aldığımız belə cavablardan birini olduğu kimi dərc edirik.

"Respublika" qəzetinin 4 may 2024-cü il tarixli sayında "Kəndin problemləri həllini tapacaqmı?" sərlövhəli məqalədə dərc olunan, Zaqatala rayonunun Yeni Suvagil kənd yoluna asfalt örtüyünün döşənməsi, kənd xəstəxanasının bərbad vəziyyətdə olması və kəndin qazlaşdırılmaması ilə bağlı aşağıdakıları bildiririk.

Yeni Suvagil kənd yolu 7 km uzunluqda olmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. 2006-cı ildə 3 km, 2012-ci ildə Yeni Suvagil kəndinin mərkəzi yolunun 4 km hissəsi əsaslı təmir olunaraq asfaltlaşdırılmışdır.

Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və tapşırıqları ilə ayrılmış vəsaitlər hesabına rayonumuzda yerli əhəmiyyətli kəndlərarası avtomobil yollarının təmiri və asfaltlaşdırılması sahəsində xeyli işlər görülmüşdür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan Bazar-Qımır-Çobankol-Yeni Suvagil-Gözbarax-Mamrux-Ələsgər (23,5 km) avtomobil yollarının asfaltlaşdırılması Dövlət Proqramına daxil edilmiş, vəsait ayrılan zaman aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Eyni zamanda bildiririk ki, Yeni Suvagil Ailə Sağlamlıq Mərkəzinin 1964-cü ildə tikilmiş binasının yararsız vəziyyətdə olması barəsində aidiyyəti üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tikilməkdə olan müəssisələrin Müdiriyyəti"nə müraciət edilmişdir.

Yeni Suvagil kəndinin qazlaşdırılması üçün müvafiq sənədləşmə-layihə işləri təqdim edilmiş, 2024-cü ilin Dövlət Proqramında qazlaşdırılması nəzərdə tutulmuşdur. Maliyyə vəsaiti ayrılan zaman qazlaşdırılması həyata keçiriləcəkdir.

Nəzərə almağınızı xahiş edirik.

Hörmətlə:

Mübariz ƏHMƏDZADƏ,

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı.