Mədəni əlaqələrimizin növbəti uğuru
Mədəniyyət

Mədəni əlaqələrimizin növbəti uğuru

Ötən günlərdə Çin Xalq Respublikasının Çindao şəhərində Asiya Mədəni İrs Alyansının (ACHA) 2-ci Baş Assambleyası baş tutub. Qeyd edək ki, ÇXR prezidenti cənab Si Cin Pinin təşəbbüsü ilə yaradılmış Alyansın ötən il keçirilmiş ilk Baş Assambleyasında ölkəmiz bu beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı və mədəni irs sahəsində tanınmış ekspert Rizvan Bayramov təmsil ediblər. Mədəniyyət Nazirliyinin ilk dəfə iştirak etdiyi 2-ci Baş Assambleya iştirakçıları əvvəlcə Çinin ənənəvi incəsənətində Pekin cərəyanı adlı sərgi ilə tanış olublar.

İclasda Şandon vilayətinin qubernator müavini cənab Denq Yunfenq, Çindao şəhərinin meri Jao Haoji, ACHA Şurasının sədri, Çinin Mədəniyyət və Turizm Nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri Li Çun, Tayland-Çin əməkdaşlıq şurasının sədri, Mədəni İrsin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) direktoru, Şuranın Baş katibi və digər yüksək səviyyəli rəsmilər çıxış ediblər.

İclasın gedişində cari gündəlikdə duran məsələlər, o cümlədən ötən dövr ərzində görülən işlərin hesabatı, 2024-2025 dövrü üçün Fəaliyyət Planları və digər məsələlər üzrə məruzələr dinlənilib. Assambleyada Alyansın Elmi Şurasına seçkilər keçirilib. Azərbaycanın namizədliyini irəli sürdüyü ekspert Rizvan Bayramov Komitənin üzvlüyünə seçilib.

Müzakirələrdə Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihənin təşkilat tərəfindən dəstəklənməsi qərarı ölkəmizin təşkilatla əməkdaşlığının genişlənməsinin növbəti uğuru oldu. Tədbirin sonunda Çindao Tövsiyələri adlı sənəd qəbul edildi.

“Respublika”.