Səsin gəlsin, Xarıbülbül!..
Mədəniyyət

Səsin gəlsin, Xarıbülbül!..

"Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur", - deyib Ali Baş Komandan. Çünki Şuşadan gözəli elə Şuşanın özüdür. Çünki Qarabağın Üçmıx zirvəsindən baxanda sal qaya üzərində böyük ustalıqla işlənmiş ilahi bir sənət əsəri kimi görünür Şuşa. Seyr edirsən, gözlərin qarşısında sehrli, qeyri-adi bir mənzərə açılır: Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, bir-birinə söykənən uca dağlar, ətəyində mürgüləyən dərələr, yaşıl çəmənlər elə məftunedicidir ki... Şəhərin qədim küçələri, qala divarları, köhnə və təzə tikilən binalar onu necə də bənzərsiz edir. Bir az da ürəyi yaralıdır Şuşanın, zarafat deyil, düz 28 il ayrılıq yaşadı. Düşmənin ayağı dəyən gündən dağlarının dumanı, sisi heç çəkilmədi, mülkləri talandı, yandırıldı, bulaqlarının suyu quruduldu, xarıbülbülün sinəsinə çalın-çarpaz dağ çəkildi.

Bu gün başqa bir aləmdir, gözəl Şuşamın bəxtində, qismətində azadlıq da varmış. Bu azadlığı ona Müzəffər Ali Baş Komandan bəxş etdi. Bu azadlığı ona məğlubedilməz Azərbaycan Ordusunun bölmələri yaşatdı.

Yer üzünün gözəllik sərgisi, sözün, muğamın, musiqinin beşiyidir həm də Şuşa. Bax elə buna görə də bu gün dünyaya səs salan "Xarıbülbül" kimi möhtəşəm musiqi festivalının da ilk məkanı elə Şuşa olub. Hələ sovet dönəmində, 1989-cu ildə ilk "Xarıbülbül" festivalı üçün məhz Şuşa seçilmişdi. İlk festival Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş, Şuşadan başlamış, Ağdamda başa çatmışdı. Sonra həmin dönəmdə festival ikinci dəfə təşkil olundu, Şuşada daha bir çal-çağır düzənləndi. Üçüncü "Xarıbülbül" festivalı isə layihə olaraq qaldı, çünki artıq Qarabağın qara günləri başlamışdı.

Vətən müharibəsində tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinə başlanılıb, köhnə ənənələr yavaş-yavaş bərpa olunur. "Xarıbülbül" festivalı da həmçinin...

2021-ci ilin may ayında, Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalının həyəcanlı anları hələ də bizi tərk etməyib. O gün adi musiqi bayramı deyildi. O gün mənliyimizin, kimliyimizin, qürurumuzun doğum günü idi. Uzun illərin həsrətindən sonra "Qarabağ şikəstəsi"nin yanıqlı səsinə yuxudan oyanıb, geyinib, süslənib qonaqların pişvazına çıxmağa tələsirdi xarıbülbül. Cıdır düzündə toy-büsat qurulmuşdu. Prezident İlham Əliyevin çıxışı isə həmişəki kimi möhtəşəm idi. Bu, adi çıxış deyildi, dünyaya mesaj idi: "Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olduq, amma barışmadıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğaldan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub... Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək".

 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış etdilər. Bu da öz növbəsində dünyaya mesaj oldu: Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir. Müxtəlif dillərdə səslənən nəğmələr, musiqi çələngi həm də Azərbaycanın sülhsevər ölkə olduğunu göstərirdi o gün.

2022-ci il 12 may!.. İkinci, ümumilikdə beşinci "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılış günü. "Şuşa İli"ndə keçirilən bu növbəti festival Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında "Vətən suitası" ilə başladı. Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında "Qarabağ şikəstəsi"nin sədaları Şuşa dağlarına yayıldı. Qardaş Türkiyəni festivalda Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil etdi. Ansamblın ifasında "Van yöresi" xalq rəqsi maraqla qarşılandı. Malinin "Şeyx Tidiane Sek" etnocaz qrupu "Sanqa Bo" kompozisiyasını, "Pakistan rəngləri" qrupu "Bhanqra" rəqsini, Melitassi Gürcü Folklor Rəqs Ansamblı "Svanuri" rəqsini təqdim etdilər...

Şuşada V "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının keçirilməsi bir mədəniyyət hadisəsi deyil, həm də ölkəmizin bütün dünyaya musiqinin dili ilə, sehri ilə humanizmi, sülh mesajı idi. Festival bütün dünyaya xalqımızın mədəniyyətini, sülhpərvərliyini, barış və anlaşma istəyilə yaşamaq arzusunu nümayiş etdirdi.

2023-cü ilin mayında yenə də dünyanın bir çox yerlərindən musiqi, folklor qrupları gözəl Şuşamıza qonaq gəlmişdi. Sayca altıncı festival da maraqlı məqamlarla yadda qaldı.

Builki yeddinci musiqi festivalının da özəllikləri çox idi. Şuşada VII "Xarılbülbül" Beynəlxalq Musiqi Festivalı əlamətdar tarixi hadisə ilə üst-üstə düşmüşdü. Həmin gün həm də "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya bu şərəfli adın verilməsinin İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin ifadəsi olduğunu dedi: "Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm".

Onu da qeyd edək ki, ölkəmiz ICESCO ilə sıx əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunmasında öndə gedir və nümunə göstərir. 1991-ci ildə əsası qoyulan əlaqələrin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri böyükdür. Təsadüfi deyil ki, sivilizasiyalararası dialoq da daxil olmaqla müxtəlif sahələrdə səmərəli fəaliyyətinə görə ölkəmizin birinci xanımı 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Festivalın açılış mərasimində iştirak edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik isə çıxışında ən çox Şuşamızdan, onun gözəlliyindən danışdı: "O sanki əzəmətli dağlarının zirvələrinə yüksəlib ki, yeni nailiyyətini fəxrlə bildirsin. 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə o, Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır... Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var... Buranın havası təmiz, insanların hissləri pakdır... Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. Görəsən, bütün bunlar paklığın və şəffaflığın hədiyyəsidirmi?".

Bu sözləri eşitmək necə də xoşdur. Bu da Şuşamıza heyranlığın bir nümunəsi. Onu ilk görən hər kəs möcüzə sayıb, "canlı muzey" adlandırıb Şuşanı. Çünki Cıdır düzü, Ərimgəldi qayası, Qırxpilləkən, Qırxcanaq qala, İsa bulağı, Sarıbaba, Topxana və neçə-neçə təbiət möcüzəsi bu muzeyin eksponatları kimi, hər bir qonağı cuşa gətirir. Elə "Xarıbülbül" festivalının xarici qonaqları da yəqin ki, Şuşanın gözəlliyini qəlblərinə hopdurub öz vətənlərinə apardılar.

"Xarıbülbül" festivalının iştirakçılarının sayı hər il artır. Artıq beynəlxalq status alan festivalda bu dəfə Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olundu. Şuşada başlayıb Laçında başa çatan musiqi festivalı bəzi məqamlarla tarixə yazıldı. Əvvəla, xalqımız müstəqilliyimizin və suverenliyimizin tam təmin edilməsinin, digər bir tərəfdən 32 illik həsrətdən sonra şuşalıların doğma yurdlarına qayıdışının sevincini yaşayır.

Bütün dünya gördü ki, ötən bir ildə Şuşa bir az da dəyişib, gözəlləşib. İndi beynəlxalq səviyyəli toplantılara, beynəlxalq statuslu mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Bir-birinin ardınca keçirilən bu tədbirlər isə Şuşanın xoş növrağından xəbər verir. Ötən bir ildə xarıbülbül də dəyişib, indi daha gözəl açır, artıq torpağa ürəklə kök atır. Çünki əbədi, əzəli vətənidir Şuşa xarıbülbülün. Məhz elə ona görə də bu musiqi bayramı festivalı rəmzi olaraq təcəssüm etdirən "Səsin gəlsin, Xarıbülbül!.." mahnısı ilə yekunlaşdı:

Vətən bağı al-əlvandır,

Yox içində xarıbülbül,

Ömür sürməli dövrandır,

Səsin gəlsin sarı bülbül...

Zümrüd QURBANQIZI,

"Respublika".