Mikayıl Cabbarov:
İqtisadiyyat

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Azərbaycan və Türkiyə təbii qaz sahəsində əməkdaşlığa dair Saziş imzalayıb.

“Respublika” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün İstanbulda keçirilən “Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması”nın imzalanma mərasimində bildirib.

“Bu gün imzalanan sazişin mənalarından biri odur ki, biz Azərbaycanın enerji ehtiyatlarından, ilk növbədə təbii qazın Türkiyəyə, Türkiyə üzərindən Avropa bazarlarına çatdırmaqla yanaşı, həmçinin Orta Asiyada olan ehtiyatların Türkiyə bazarına və oradan da gələcəkdə dünya bazarına Azərbaycan üzərindən gətirilməsinə töhfə verəcək”, - M.Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tərəfdaşlığının faydası təkcə iki ölkə ilə məhdudlaşmır, bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verir.

“Türkiyə və Azərbaycan arasında olan münasibətlərin bənzərini tapmaq çox çətindir. Bəlkə də mümkünsüzdür. Bu, dostluq, qardaşlıq bütün mövzularda vəhdət münasibətidir.

Çox xoşdur ki, enerji sahəsində olan əməkdaşlığımız bu dostluğun və qardaşlığın sütunlarından biridir. Bu tərəfdaşlıq həm Türkiyə, həm də Azərbaycan üçün olduqca faydalıdır. Lakin onun faydası bizim iki ölkə ilə məhdudlaşmır. Bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verir”, - nazir qeyd edib.

M.Cabbarov xatırladıb ki, Bakı-Tbilisi-Ceyhan boru xətti yalnız Azərbaycanla Türkiyəni bağlamadı, daha geniş mənada Mərkəzi Asiyadan olan qardaş türk dövlətlərini də bu layihəyə onların enerji ehtiyatlarının cəlb edilməsi və bu layihə üzərindən nəql edilməsi ilə türk dünyası birliyinin daha bir təzahürü olub.

“Bu, bir daha göstərir ki, liderlərimizin həyata keçirdiyi siyasət yalnız bir günlə və qısa vədəli fayda gətirən iqtisadi layihələrlə məhdudlaşmır. Əksinə uzunmüddətli və iqtisadi və siyasi mənaya malik olan layihələrin həyata keçirilməsi üçün bizə zəmin yaradır”, - nazir deyib.

M.Cabbarov bu layihələrin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirirərək deyib ki, bu gün Azərbaycan bir çox bölgə dövlətlərinə bir çox enerji resurslarını təchiz edir: "Bizim birgə əməkdaşlığımızın nəticəsində Avropanın enerji təhlükəsizliyinə töhfə veririk. Çox sabit müqavilələrə riayət edən, dünya bazarlarında baş verən çalxalanmalara rəğmən aydın şəkildə müqavilə öhdəliklərini yerinə yetirən tərəfdaşlar kimi, Azərbaycan-Türkiyə əməkdaşlığında özünü göstərir. Çünki, bu, dünyada çox nadir hallardan biridir".