Qırğızıstandan
Dünya xəbərləri

Qırğızıstandan "TikTok" qərarı

Qırğızıstan Çinin məşhur sosial media proqramı olan "TikTok"-un qadağan edilməsi barədə qərar qəbul edib.

“Respublika” xəbər verir ki, bu barədə “Hürriyyət” nəşri məlumat yayıb.

Verilən xəbərə görə, sosial media istifadəçiləri yerli vaxtla saat 00:00-dan sonra "TikTok"-a daxil ola bilməyiblər. Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin bəyanatında deyilir ki, Dövlət Milli Təhlükəsizlik Komitəsinin məktubu əsasında İnternet xidmət provayderlərinə ölkədə "TikTok"-a girişi məhdudlaşdırmaq tapşırılıb.

Qırğızıstanın mədəniyyət, kommunikasiya, idman və gənclər siyasəti nazirliyi 2023-cü ilin avqustunda "TikTok"-u qadağan etmək qərarına gəlib. Bəyanatda qeyri-hökumət təşkilatlarından "TikTok"-un uşaqların zehni inkişafına və sağlamlığına mənfi təsir göstərməsi ilə bağlı bir sıra şikayətlərin alındığı, bununla əlaqədar "TikTok"-un məzmununun yoxlanıldığı və bu platformanın uşaqların sağlamlığına və inkişafına zərər verən məlumatlara girişi məhdudlaşdırmadığı, "TikTok" tətbiqetməsində məlumat əldə edərkən yaş kateqoriyasına nəzarət etmək üçün heç bir xüsusiyyət olmadığının təsbit edildiyi bildirilib.

Qeyd olunub ki, sözügedən qərarın qüvvəyə minməsi üçün Rəqəmsal İnkişaf Nazirliyinə ərizə təqdim edilib.

Musa BAĞIRLI,

“Respublika”.