DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞANLA GÖRÜŞƏ GÖRƏ TƏNQİD OLUNAN BAŞ NAZIRDƏN YENİ AÇIQLAMA

BƏƏ-də keçirilən BMT-nin Dünya İqlim Fəaliyyəti Sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gərginliyə səbəb olan Şotlandiya baş naziri Həmzə Yusif məsələ ilə bağlı yeni açıqlama verib. “Teleqraf.com”un verdiyi xəbərə görə, hökumət başçısı Türkiyə liderini ölkəsinə dəvət etdiyini bildirib.

“Ona dedim ki, Britaniyaya növbəti səfərində Şotlandiyaya da gəlsin. Türkiyə NATO müttəfiqidir. Niyə belə bir ölkəni dəvət etmək istəməyək?”, - deyə baş nazir vurğulayıb.

Xəbər verilir ki, Böyük Britaniya hökuməti prezident Ərdoğanla görüşən Şotlandiya rəhbərinə sərt reaksiya verib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron baş nazir Həmzə Yusifin krallıq rəsmilərinin iştirakı olmadan Ərdoğanla görüşünü tənqid edərək, Şotlandiyaya Xarici İşlər Nazirliyinin dəstəyini dayandırmaqla hədələyib.

Eyni zamanda, Həmzə Yusif Britaniya XİN başçısının açıqlamasının kobud və yanlış olduğunu, Ərdoğanla görüş vaxtının son anda Türkiyə heyəti tərəfindən yeniləndiyini, lakin bir İngiltərə rəsmisinin görüşdə iştirakının onun üçün problem olmayacağını dediyini xatırladıb.

YOAV QALLANT LİVANLA MÜHARİBƏ EHTİMALINA MÜNASİBƏT BİLDİRİB

“İsrail Livanla sərhəddə vəziyyətin ciddi şəkildə destabilləşdirilməsi ehtimalını nəzərə almalıdır”. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bəyan edib.

Müdafiə nazirinin sözlərinə görə, İsrail şimalda təhlükəsizlik vəziyyətinin pisləşməsi ehtimalını nəzərdən keçirməlidir. O qeyd edib ki, bu baş verərsə, “Hizbullah” və Livan ciddi itkilərlə üzləşəcək.

Eyni zamanda, Yoav Qallant vurğulayıb ki, İsrail diplomatik yollarla 80 min köçkünün ölkənin şimalına qaytarılmasını istəyir: “Lakin bu variant işə yaramasa, israillilər insanların geri qayıtmasına imkan verəcək təhlükəsizlik şəraiti yaratmalı olacaqlar”.

Nazir həmçinin bildirib ki, HƏMAS qruplaşması zəifləyir, onun maddi resursları, insan ehtiyatları yoxdur və vəziyyətə nəzarət etmir.

Aİ-nin HƏRBİ SƏNAYEsiNİN İNKİŞAF STRATEGİYASI GƏLƏN AY TƏQDİM OLUNACAQ

Avropa Komissiyası tərəfindən hazırlanmaqda olan hərbi sənayenin inkişaf strategiyası fevral ayında təqdim olunacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Vilnüsdə səfərdə olan daxili bazar üzrə Avropa komissarı Tyerri Breton Litva hökumətində mətbuat konfransında bildirib.

Məlumata əsasən, strategiyanın fevralın sonunda təqdim olunacağını diqqətə çatdıran Avropa komissarı buraya hərbi texnikanın əldə edilməsi proqramı və bunun üçün nəzərdə tutulan vəsaitin daxil olacağını da əlavə edib.

Bununla yanaşı, Tyerri Bretonun sözlərinə görə, strategiya Aİ-nin Ukraynaya hərbi yardımın göstərilməsi üzrə öhdəliklərin icrasını, eləcə də, üzv ölkələrin hərbi texnikaya ehtiyaclarının qarşılanmasını əhatə edəcək.

400-DƏN ÇOX İNSANI ACLIQDAN ÖLDÜRƏN KEŞİŞƏ TERRORİZM İTTİHAMI

429 nəfərin ölümü ilə bağlı aparılan istintaqla ötən ilin aprel ayında saxlanılan keniyalı keşiş Pol Makkenzi terrorizmdə ittiham olunub. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, Keniyanın Mombasa şəhərinin məhkəməsi keşiş və digər 94 şübhəlinin günahlarını etiraf etməsindən sonra terror ittihamı irəli sürüb. Həmçinin “Xoş xəbərlər” təriqətinin lideri mütəşəkkil cinayətkarlıq fəaliyyətində iştirakda ittiham olunub.

Məlumata əsasən, ötən ilin mayında xüsusi ekspert qrupu ekshumasiya edilmiş meyitlərin yarılmasına başlayıb və araşdırmalar əksəriyyətin aclıqdan öldüyünü göstərib.

Xatırladaq ki, Makkenzi təxminən son 20 ildə aclığın ifrat formalarını təbliğ edib, insanları bunun möminin əbədi həyat qazanmasının ən sürətli yolu olduğuna inandırıb. Şahidlərin sözlərinə görə, Makkenzi 2023-cü il aprelin 15-də dünyanın sonunun gələcəyini və qiyamətin qurbanı olmamaq, əbədi əzaba məhkum olmamaq üçün təriqət üzvlərinin aprelin 14-də ölməli olduğunu bəyan edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.