Vurğun dünyası, dünyanın vurğunu
Mədəniyyət

Vurğun dünyası, dünyanın vurğunu

De, yolun düşdümü Muğan düzünə?

Piyada gəzdinmi çölləri sən də?

Söz qoşub ceyranın qara gözünə,

Dincini aldınmı bir göy çəməndə?

Sözün Səməd Vurğun zirvəsi! O vurğun idi... Azərbaycana, Azərbaycan təbiətinə. Ona ilham verən, ruhunu, mənəviyyatını saflaşdıran, duyğulandıran, bütün varlığını şeirə, sənətə bağlayan da məhz bu sevgi idi.

XX əsr Azərbaycan tarixində görkəmli şəxsiyyətlərdən biri olan Səməd Yusif oğlu Vəkilov 1906-cı il mart ayının 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddəki rus-tatar məktəbində alan Səməd 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldükdən sonra təhsilini burada davam etdirmişdir. Seminariyanı bitirdikdən sonra 1924-cü ildə Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlamışdır. Həmin il “Cavanlara xitab” şeiri Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunmuşdur. 1929-cu ildə İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olan gənc şair yaradıcılıqla daha sıx məşğul olmuş, siyasi məzmunlu və lirik şeirləri 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır. Ədəbiyyatımızın ən gözəl nümunələrindən olan “Azərbaycan” şeirini 1934-cü ildə yazmış, həmin ildə “Könül dəftəri” və bir il sonra isə “Şeirlər” kitabı nəşr olunmuşdur.

Səməd Vurğunun geniş, çoxşaxəli yaradıcılığında 1937-ci ildə qələmə aldığı “Vaqif” dramı xüsusi yer tutur. Azərbaycan tarixinin müəyyən bir dövrünü əks etdirən əsər, eyni zamanda Molla Pənah Vaqif kimi bir şəxsiyyəti tanıdır. Bundan başqa, dramaturq “Fərhad və Şirin”, “Xanlar”, “İnsan” dramları, “Aslan qayası”, “Ölüm kürsüsü”, “Bəsti”, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemaları ilə Azərbaycan ədəbiyyatına, şeirinə, teatrına misilsiz töhfələr vermişdir.

Şair vətəninin gözəlliklərini vəsf etməkdən doymur, usanmırdı; Göygöl! Azərbaycan təbiətinin incisi! Kimlər bu gözəlliyə məftun olmayıb, şeirlər, nəğmələr qoşmayıb. Dahi Nizami Gəncəvi, istiqlal şairi Əhməd Cavad, böyük Məmməd Araz... Səməd Vurğun şeirində isə təbiətin bu gözəlliyinə özünəməxsus deyim tərzi, qeyri-adi baxış var:

Min Qazaxda köhlən ata,

Yalmanına yata-yata,

At qan, tərə bata-bata

Göy yaylaqlar belinə qalx,

Kəpəz dağdan Göy gölə bax!..

Bu mənzərə şair təfəkkürünün məhsulu, canlı bir tablodur; boyaları söz, şairin qəlbi isə fırçadır. Bəli, ilhamının mayası sazla, sözlə yoğrulan Səməd Vurğunun bizə miras qoyduğu hikmətlər, müdrik kəlamlar ürəyinin səsi, mənəviyyatının sədasıdır.

Ölməz əsərləri ilə ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdirən Səməd Vurğun klassiklərin yolunu davam etdirərək Azərbaycan şeirinə böyük yeniliklər gətirib. O, sadə, xalqın ruhuna, qəlbinə yaxın şeirləri ilə insanı vətənpərvər olmağa səsləyir, milləti, torpağı sevməyi öyrədir, bütün əsərlərində vətənə məhəbbəti, sevgini tərənnüm edir, sözlə doğma Vətənimizin ürək açan mənzərələrinin dolğun təsvirini yaradır. Şairin yaradıçılığını hər zaman yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Səməd Vurğunun “Azərbaycan” şeiri dillərdə əzbər olubdur. Bilirsiniz, o qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən öz xalqına, ölkəsinə bir daha məhəbbətini, sevgisini, sədaqətini ifadə edir”. Vətəninə, xalqına,onun dilinə, milli adət- ənənələrinə bağlı olan şairin böyük sevgi, məhəbbətlə yazdığı əsərləri millətinin oyanışına, dirçəlişinə xidmət edib.

Müasir Azərbaycan poeziyasında əvəzolunmaz əsərlər yaradan, doğma dilimizi daha da gözəllişdirən, səlisləşdirən, şirinləşdirən, onun imkanlarından məharətlə yararlanan Səməd Vurğunu düşünərkən doğma Azərbaycanımızı, ana dilimizi, füsunkar təbiətimizi, özümüzü – varlığımızı düşünürük.

XX əsr ədəbiyyatının görkəmli nümayəndəsi, gözəl lirikası, fəlsəfi şeirləri ilə ana dilimizi inkişaf etdirən, poeziyamıza estetik zənginlik gətirən Səməd Vurğun tərcüməçiliklə də məşğul olmuş, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, həm də böyük alim, Azərbaycan Elmlər Akademiyasının yaradıcılarından biri idi. Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov ,Səməd Vurğun kimi şəxsiyyətlərin təşəbbüsü ilə 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunmuşdur.

Azərbaycanın ilk xalq şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, elmimizin, ədəbiyyatşünaslığımızın inkişafında əvəzsiz xidmətlər göstərən Səməd Vurğun 1941-1948-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki və vitse-prezidenti olmuşdur. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmişdir.

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi, ictimai-siyasi xadim, akademik Səməd Vurğun 1956-cı il may ayının 27-də vəfat etmişdir.

Mehparə ƏLİYEVA,

“Respublika”.